Qərb Ermənistanın KTMT-dən tezliklə çıxacağına ümid edir

post-img

Qərb Cənubi Qafqazda möhkəmlənmək üçün müxtəlif yol və vasitələrdən istifadə edir. Müharibədən sonrakı mərhələdə Ermənistanın ilk vəzifəsi Qərbdə danışıqları təşkil edərək, Rusiyanı nizamlanma prosesindən çıxarmaq idi. Bu məqsəd bütün iştirakçı tərəflərin xahişi ilə qismən həyata keçirildi, lakin Azərbaycan Qarabağda tam nəzarəti bərqərar etdikdən sonra Qərb platforması Azərbaycan tərəfindən rədd edildi. Tərəflər birbaşa danışıqlar yolu ilə sülh bağlamağa çalışırlar.

“Caliber”in məlumatına görə, bunu rusiyalı politoloq Fyodor Lukyanov erməni KİV-inə müsahibəsi zamanı deyib.

“Bununla belə, Qərb danışıqlar masası arxasında, sonda isə yekun sənədin imzalanmasında vasitəçi, eləcə də gələcəkdə müəyyən təminat verən tərəf olmaq istərdi. Bu ssenari hələ ki, uğurlu alınmır, çünki Azərbaycan təkbaşına danışıqlar aparmaq istəyir. Ona görə də Ermənistan tərəfi Qərbdən müəyyən zəmanətlər almaq üçün KTMT-dən çıxmaq və Ermənistan-Rusiya münasibətlərini dəyişmək kartından istifadə edərək başqa bir ssenari həyata keçirir. Almaniya tərəfinin təşkil etdiyi danışıqlardan məlum oldu ki, Qərb vasitəçiliyinin gələcəyi yoxdur və Qərbin regionda mövcudluğunu təsdiqləmək üçün başqa bir ssenariyə ehtiyac var. İndi də Ermənistan KTMT-dən çıxmağa hazırlaşır və bunun müqabilində Qərbdən ciddi dəstək gözləyir, çünki sülh sazişi ilə bunu etmək mümkün deyildi. Üstəlik, bu gün də bu sazişin imzalanması ilə bağlı problemlər qalmaqdadır”, - deyə politoloq bildirib.

F.Lukyanovun fikrincə, Ermənistan tərəfi hazırda Qərbin təhlükəsizlik sahəsində nəsə edə biləcəyinə ümid edir: “Çox güman ki, Brüsseldə Ermənistan-Aİ-ABŞ formatında elan edilən üçtərəfli görüş də buna hesablanıb. Qərb Rusiya və İranla öz məqsədlərinə çatmaq istəyir, lakin sürətli və real təminatlar çətin görünür. Neytral ölkə olmağın düşünülməsinin səbəbi də budur. Lakin daha çox ehtimal olunur ki, Qərb Ermənistanın inteqrasiya strukturlarından çıxacağı və hər hansı bir sferanın mövcudluğunu azaldıb aradan qaldıracağı vədləri ilə rəsmi İrəvanla sülh sazişinin imzalanmasını və ya yeni münasibətlərin qurulmasını sürətləndirməyə çalışacaq. Məhz buna görə də Ermənistanın KTMT-dən çıxması perspektivi, Ermənistanın təhlükəsizlik sektorunda resursların çatışmazlığı barədə fəal danışıq gedir”.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət