İslamofobiyaya qarşı qlobal Bakı çağırışı

post-img

Bu etirazlar Qərbdəki “yeni səlibçilər”i düşündürməli və dayandırmalıdır

Bu gün dünyada, xüsusilə də Qərbdə geniş intişar tapmağa başlamış anti-İsla­mi, anti-müsəlman təmayüllərin hansı neqativ nəticələrə aparıb çıxara biləcəyi ətrafında düşünməyə ehtiyac var. Çünki sirr deyil ki, bəzi ölkələrdə müsəlman­ların dini hisslərini aşağılayan təzahürlərlə mübarizə aparmaq, Qurani-Kərimi təhqir edən sağçı-radikalları, təfriqətçiləri cinayət məsuliyyətinə cəlb etmək əvəzinə, anti-İslami radikal ab-havanı daha da gərginləşdirir, islamofobiyanı, az qala, siyasi təsir vasitəsinə çevirməyə çalışırlar. 

Ayrı-ayrı dövlətlərlə yanaşı, “qoca qitə”nin bir çox təsisatları, mülki institutla­rı da demokratiya və insan haqları ilə bir araya sığmayan dini ayrı-seçkilik fəaliy­yəti ilə məşğuldurlar. Avropa Parlamenti və Avropa Şurasının Parlament Assam-bleyası kimi qitənin nüfuzlu təşkilatları islamofobiyanın təşviq edildiyi, bu zərərli ideologiyadan qaynaqlanan siyasətin yü­rüdüldüyü özəl platformalara çevriliblər. Avropanı bürümüş bu cür zərəli və təh­lükəli təmayüllərə özünün etiraz səsini qaldıranlardan birincisi Azərbaycan oldu. Martın 8–9-da Bakıda keçirilən “Müxtəlif­liyin qorunması: 2024-cü ildə islamofobi­ya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfransın məqsədi təhlükəli miqyas almağa başlamış bu zərərli təzahürün mümkün fəsadları barədə beynəlxalq ic­timaiyyəti xəbərdar etmək, dünya müsəl­manlarının etiraz səsini aidiyyatı ölkələ­rin, təşkilatların diqqətinə çatdırmaq idi. Konfransın bölgədə və dünyada doğurdu­ğu əks-səda onun öz məqsədinə çatma­sından xəbər verir. 

***

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təh­lili Mərkəzi, G20 Dinlərarası Dialoq Fo­rumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkil etdiyi, dünyanın 30 ölkəsindən alim­lərin, nüfuzlu beynəlxalq təşkilatların eks­pertlərinin, din xadimlərinin, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayən­dələrinin təşrif buyurduğu beynəlxalq elmi konfransda kifayət qədər sanballı və ciddi çıxışlar edildi, müzakirələr aparıldı. 130-dan çox xarici qonaq konfrans çər­çivəsində keçirilən panel iclaslarda, aralıq sessiyalarda fəal şəkildə iştirak etdilər.

11 Sentyabr hadisəsi bəhanə oldu

Panel iclasdakı çıxışında Azərbay­canda qadınların, milli və dini azlıq­ların bərabərhüquqlu, təhlükəsizlik şəraitində yaşadığını bildirən Amerika Müsəlman və Digər Dinlərdən olan Qa­dınların İnkişafı Şurasının prezidenti Anila Ali, həmçinin Azərbaycanda islami intellektuallığı gördüyünü dilə gətirdi:

“2001-ci il 11 Sentyabr hadisələrindən sonra müsəlmanlara qarşı ayrı-seçkilik daha kəskin xarakter alıb. Məhəmməd Peyğəmbər (s.ə.s.) öz ailəsindəki qadın­ların inklüziv olması üçün çalışırdı, onları səlahiyyətləndirirdi. İndi isə dünyanın bəzi ölkələrində müsəlman qadınların inkişafı­nın qarşısı alınır”.

***

“Beynəlxalq təşkilatlar və qurumlar islamofobiyanı pisləyən qərarlar qəbul etsə də, təəssüf ki, bu halın qarşısını al­maq mümkün olmur”. Bu sözləri konfrans çərçivəsində keçirilən “Qeyri-müsəlman ölkələrində İslam mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi aktları” mövzusunda aralıq sessiyada çıxış edən Rusiya Federasiyası Müsəl­manları Dini İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru Damir Muxetdinov deyib. O qeyd edib ki, BMT-nin İnsan Hüquqla­rı Şurası Qurani-Kərimin qəsdən təhqir olunmasını pisləyən qətnamə qəbul etsə də, Avropada müqəddəs kitabı yandı­ran şəxslər cəzalandırılmır: “Sözsüz ki, bu nümunələr ikili standartların ən bariz göstəricisidir. Çünki Qərb ölkələrinin libe­ral demokratiya prinsipləri üzərində qurul­muş qanunvericiliyi sözügedən aksiyalara mane olmağa imkan vermir”. 

Feminizm və müstəmləkəçilik Fransa siyasətinin özəyidir

Böyük Britaniyanın Montfort Uni­versitetinin siyasət üzrə baş müəllimi Amina Easat Daas “Cinslərə görə isla­mofobiyanın əsası: müsəlman qadınla­rın təqib edilməsi və müqaviməti, cins və cəmiyyət” mövzusunda aralıq sessiyada çıxışında dedi ki, Fransa müstəmləkələ­rində müsəlman qadınlar çətinliklərlə qarşılaşır, zorakı təhdidlərə məruz qa­lırlar: “Məktəblərdə qadınların hicab ört­məsi qadağan edilmişdi. Qadınlar niqab geyindiyi halda cəriməyə məruz qalırdılar. Sonradan müsəlman qadınların geyimi ilə bağlı qanunlar qəbul edildi. Bu, azad­lıq deyildi, qadınlara başqaları tərəfindən nəyinsə diktə edilməsi idi. Ümumiyyətlə, feminizm və müstəmləkəçilik Fransanın dövlət siyasətinin əsasını təşkil edir”.

*** 

“Avropa ölkələrində, xüsusilə Fran­sada islamofobiya təzahürləri getdikcə artmaqda davam edir. Bunun nəticələri isə uzunmüddətlidir”. Bu sözləri Misir baş müftisinin baş müşaviri və Dün­ya Fətva Orqanları üzrə Baş Katibliyin katibi İbrahim İbrahim Mahmud Neqm konfransın “Qeyri-müsəlman ölkələrində İslam mədəni və dini irsinin qəsdən dağı­dılması və təhqir edilməsi aktları” mövzu­sunda aralıq sessiyasinda deyib. O bildi­rib ki, islamofobiya müsəlmanlar və İslam ilə bağlı konkret olaraq səhv və dezinfor­masiyanın nəticəsidir: “Saxta dindarlara İslamla bağlı fikirlər yaymasına imkan ya­ratmaq olmaz. İslamofobiya ilə mübarizə­də monitorinq və müşahidə önəmlidir. İlk növbədə, bu cür hadisələrin monitorinqi aparılmalıdır. Güclü administrasiyamız, monitorinq mexanizmlərimiz olmalıdır ki, islamofobiya ilə bağlı bütün hadisələri iz­ləyib təhlil edə bilək”.

İslam bəşəri birliyi təşviq edən dindir

“İndoneziyada alimlər birliyi, elm adamları tərəfindən İslam dini ilə bağlı eyni fikirlər formalaşmaqdadır. Əlbəttə, burada alimlərin və cəmiyyətlərin üzə­rinə düşən vəzifələr var. Əvvəla, inkişaf etmək üçün tolerantlıq prinsinplərinə əsaslanmaq lazımdır. İslam vahidliyə ça­ğırış edən bir dindir və bu da cəmiyyətləri, birlikləri dərindən başa düşməyə kömək edir”. Bu fikirləri İndoneziyanın "Nahd­latul Ulama" Cəmiyyəti İdarə Heyətinin üzvü Umniati İsmail beynəlxalq konfrans çərçivəsində keçirilən “Cinslərə görə isla­mofobiyanın əsası: müsəlman qadınların təqib edilməsi və müqaviməti, cins və cəmiyyət” mövzusuna həsr edilmiş aralıq sessiyada çıxışı zamanı deyib.

U.İsmail ölkəsində yaradılmış Qadın Dirçəliş Cəmiyyətinin həmcinslərinin səsi­nin eşidilməsinə xidmət etdiyini deyib. O bildirib ki, müsəlman qadınlar öz hüquq­larının qorunması üçün böyük səy göstə­rirlər. Qadınlar ədalətin bərpa olunmasına çalışırlar. Cəmiyyət tərəflər arasında fikir mübadiləsi aparır, ictimaiyyət də qadınla­rın rolunun artırılmasına çalışır və bütün tərəflərin sülh şəraitində yaşamasını tə­min edir”.

***

Parisdəki Geostrateji Araşdırmalar üzrə Avropa Ərəb Akademiyasının di­rektoru Mohammed El Maazouz kon­fransın “Fransada müsəlmanlara qarşı siyasətlər: İslamofobiyanın normallaşdı­rılması” mövzusunda aralıq sessiyasında çıxışında son araşdırmalara görə, dün­yada islamofob çıxışların əvvəlki illərlə müqayisədə 31 faiz artdığını bildirib: “XIII əsrdən bəri islamofobiya dünyada kök sa­lıb. İslamofobiya sanki dövlətin məqsəd­ləri kimi əlaqələndirilir. Avropada İslamı sanki idarəolunan din kimi göstərirlər. Bu gün islamofobiya dövlət siyasətidir”. Di­rektor haqlı olaraq “Tədqiqatçılar bu prob­lemə niyə dərindən yanaşmırlar?”, “İsla­mofobiya ilə bağlı fikirlər necə dinlənilir?” suallarına cavab tapılmadığını dedi. 

Qərbin Şərqdən qorxu fobiyası

Beynəlxalq konfrans çərçivəsində ke­çirilən “Qeyri-müsəlman ölkələrində İslam mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi aktları” mövzusunda aralıq sessiyada çıxış edən Alikante Uni­versitetinin fəxri professoru, Mənbələr Fondunun direktoru, professor Bar­bara Elena Bejarano tarix boyu Qərb ölkələrində müsəlmanların xristianlarla eyni imtiyazlara sahib olmadığına diqqət çəkib: “İspaniyada XV əsrdə müsəlman­lara qarşı xüsusi bir nifrət formalaşdı. Həmin dövrdə İspaniya Kralı müsəlman­lara aid minarələrin yandırılması qərarını verdi. Onlar müsəlmanları cəmiyyətdən çıxarmaq istəyirdilər. Hətta qohumları arasında müsəlman olanlar təhsil almaq, işləmək kimi imkandan məhrum edilir­dilər. Bu halların əsas səbəbi isə Qərbin Şərqdə güclənən Osmanlı İmperiyasın­dan qorxması idi. Onlar Qərbdə yaşayan müsəlmanların Osmanlıya bağlı olduğu­nu düşünürdülər. Nəticədə isə Avropada yaşayan müsəlmanlar sürgün olundu və ya qətl edildi”.

***

Dekolonial Beynəlxalq Şəbəkə Fon­dunun katibi Sandev Hira beynəlxalq konfrans çərçivəsində keçirilən “Qey­ri-müsəlman ölkələrində İslam mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi aktları” mövzusunda aralıq ses­siyadakı çıxışında irqçilik, islamofobi­ya siyasətindən istifadə edən ölkələrin gələcəyinin qaranlıq göründüyünü vur­ğulayıb: “Qərb ölkələrində dünyanı ko­loniya-müstəmləkə qismində idarəetmə sistemi formalaşıb. Onların müstəmləkə­çilik tarixinə nəzər saldıqda islamofobiya­nın yaranma tarixini görəcəyik. Məsələn, İngiltərə Hindistanı işğal etdikdən sonra onlara xristianlığı məcburi şəkildə qəbul etdirməyə çalışdı. Onlar düşünürlər ki, insanlar dinlərinə, irqlərinə görə müəyyən siniflərə ayrılır. Avropa alimlərinin əsərlə­rində irqçilik açıq şəkildə görünür”.

Paris islamofobiyanın bayraqdarıdır

Konfrans çərçivəsində baş tutan “Fransada anti-müsəlman siyasəti: İs­lamofobiyanın normallaşdırılması” adlı paneldə aparılan müzakirələr və edilən çıxışlar xüsusilə seçilib. Bu da təsadüfi deyildi. Axı Avropada müsəlmanlara qarşı aşkar ayrı-seçkilik, diskriminasiya siyasəti yürüdən birinci ölkə Fransadır. Bu məna­da Yelisey sarayını dünyada islamofobi­yanın “bayraqdarı” saymaq olar. Rəsmi Paris özünün tərgitməyə çətinlik çəkdiyi neokolonializm siyasəti ilə yanaşı, “Qoca qitə”nin digər ölkələrində də anti-İslami, anti-Azərbaycan kampaniyaları təşkil etməyə girişib. Son iki-üç ildə bu ölkə­nin parlamenti müsəlmanların hüquq və azadlıqlarını məhdudlaşdıran neçə-neçə qanun qəbul edib. 

Bakıda keçirilən beynəlxalq elmi kon­fransda daha çox diqqət yetirilən mövzu­lardan biri bu gün dünyanın bir sıra ölkələ­rində İslamın potensial təhlükə mənbəyi kimi aşılanması, müsəlmanlara qarşı açıq nifrət ab-havasının geniş yayılması kimi zərərli tendensiya idi. 

İslamofobiya ilə mübarizəyə həsr olu­nan beynəlxalq elmi konfransın Bakıda keçirilməsi ölkəmizin bu məsələyə ciddi yanaşmasının göstəricisi olmaqla bəra­bər, problemin qlobal səviyyəyə qaldırıl­masında israrlı olmasının sübutudur. 

Düşünürük ki, iki gün ərzində islamo­fobiyaya qarşı Bakıdan bütün dünyaya yayılan etiraz notları planetin aparıcı döv­lətlərini, eləcə də beynəlxalq ictimaiyyəti ciddi narahat edəcək. 

Hazırladı:
İ.HƏSƏNQALA
XQ

 

















Siyasət