Prezident İlham Əliyevin rəhbərliyi ilə son 2 onillikdə Azərbaycanda aparılan siyasi, iqtisadi və sosial islahatlar dönməz xarakter almaqla cəmiyyətin bütün fəaliyyət sahələrini əhatə etmiş, ölkəni yeni inkişaf mərhələsinə çıxarmışdır.
Azərbaycan hərtərəfli yeniləşmə və tərəqqinin bu yüksək mərhələsinə Ümummilli lider Heydər Əliyevin yaratdığı məqsədyönlü və fundamental əsaslar üzərində gəlib çatmışdır. Ulu öndərin ölkəyə rəhbərliyinin hər iki dövründə gerçəkləşdirilmiş strateji proqramlar respublikamıza əsrə bərabər inkişaf və tarixi nailiyyətlər qazandırmışdır. Prezident İlham Əliyevin dediyi kimi: “Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın azadlığının əbədi, dönməz olmasında, iqtisadi potensialının güclənməsində, bölgədə və yer üzündə nüfuzunun artmasında onun müstəsna xidmətləri var. İndi bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu azad Azərbaycan yaşayacaqdır”.
Dövlət başçısı son 20 ildə Ulu öndərin qurduğu təməl üzərində Azərbaycanın dövlət kimi dayaqlarını daha da möhkəmləndirmiş, inkişaf perspektivlərini yeni keyfiyyət və kəmiyyət platformasına yüksəltmişdir. Azərbaycanın sosial-iqtisadi inkişafının əsas istiqamətləri Prezident İlham Əliyevin 2003-cü ildən bəri imzaladığı çoxsaylı fərman və sərəncamlarda, dövlət proqramlarında öz əksini tapmışdır. Bu dövrdə respublikamızda iqtisadi quruculuq yeni strateji proses kimi gerçəkləşdirildi. Nəticədə, ölkəmiz regionun ən güclü dövlətinə çevrildi. Bunun nəticəsi olaraq insanların maddi rifahı və həyat səviyyəsi xeyli yaxşılaşdı.
Prezident İlham Əliyev ulu öndərin müəyyən etdiyi dövlətçilik kursuna uyğun olaraq ölkənin sosial-iqtisadi cəhətdən inkişafını təmin etdi. Azərbaycanın regionda lider dövləti kimi bölgədəki yeni reallıqların əsas müəllifi, iqtisadi-siyasi proseslərin başlıca iştirakçısı oldu. Ölkəyə rəhbərlik estafetini Ulu öndərdən qədul etmiş İlham Əliyev 2003-cü ildə bildirmişdi: “İnsanların həyat səviyyəsini yaxşılaşdırmaq qarşıda duran ən böyük vəzifədir. Bunu etmək üçün bizim hər cür imkanımız və yetərincə möhkəm iradəmiz var. Əminəm ki, Azərbaycan iqtisadi cəhətdən güclü ölkəyə çevriləcək və digər ölkələrə nümunə olacaqdır. Mən Azərbaycanı belə görmək istəyirəm”. 20 il öncə həyata keçirilməyə başlayan bu uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır.
Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk dövrdə ölkənin inkişaf prioritetlərini müəyyən edən “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərman imzaladı, daha sonra davamlı və tarazlı inkişafın təmin edilməsinə yönəldilmiş Azərbaycan respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nı (2004–2008-ci illər) təsdiq etdi.
2003–2005-ci illər üçün “Azərbaycan respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın başa çatması ilə əlaqədar olaraq 15 sentyabr 2008-ci il tarixində Prezident İlham Əliyevin rəhbərliyi ilə 2008–2015-ci illərdə Azərbaycan respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramı” hazırlanıb qəbul edildi. Uğurla icra olunan bu dövlət proqramları, eləcə də digər vacib sənədlər, aparılan məqsədyönlü dövlət siyasəti respublikada uzunmüddətli sosial-iqtisadi inkişafı təmin etdi.
Prezident İlham Əliyev ölkədə neft gəlirlərinin artdığı və inflyasiya potensialının yarana biləcəyini nəzərə alaraq imzaladığı “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında ” 31 may 2005-ci il tarixində fərmanda neft bumundan milli iqtisadiyyatın qorunması, dövlət büdcəsi xərclərinə nəzarətin gücləndirilməsi, neft ixracından əldə ediləcək vəsaitlərin səmərəli idarə olunması və istifadəsi məsələlərinə geniş yer verilmişdi.
Azərbaycanda neft və qaz gəlirlərinin kəskin artması şəraitində makroiqtisadi sabitliyin təmin edilməsi, gəlirlərin bir hissəsinin gələcək nəsillər üçün saxlanması, qeyri-neft sektorunun stimullaşdırılması, əhalinin rifahının yüksəldilməsi üçün istifadə edilməsi, neft-qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiyanın qəbulu zərurətə çevrilmişdi. Bu məqsədlə Prezident İlham Əliyev “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya” (2005–2025) təsdiq etdi. Burada neft və qaz gəlirlərindən istifadənin əsas prinsipləri və ortamüddətli xərclər siyasətini müəyyənləşdirdi.
2003–2023-cü illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı üçün olduqca üğurlu olmuşdur. Belə ki, bu uğurlar ilk növbədə dövlət başçısının siyasi iradəsi və qətiyyətli addımları, ictimai-siyasi sabitliyin qorunub saxlanması, dövlət idarəçiliyinin səmərəli təşkili, iqtisadi inkişafda əsas hədəflərin düzgün müəyyən edilməsi, islahatların davamlı olması, cəmiyyətin real ehtiyaclarının ödənilməsinə yönəlmiş dövlət proqramlarının reallaşdırılması təmin edilmişdir. Bu isə sonda ölkə vətəndaşlarının maddi rifahının yaxşılaşmasında və həyat səviyyəsinin yüksəlməsində özünü daha qabarıq göstərmişdir.
Hazırda ölkəmizdə islahatların texnologiyası davamlı olaraq təkmilləşdirilir. Prezident İlham Əliyev göstərir ki: “İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir və ölkəmiz üçün çox lazım olan sabitliyi möhkəmləndirir, ictimai-siyasi vəziyyətə də müsbət təsir göstərir”. Respublikamız göstərilən istiqamətlərdə son 20 ildə həyata keçirilən islahatlar nəticəsində Dünya Bankının qiymətləndirmələrinə görə, yuxarı orta gəlirli ölkələr qrupuna daxil oldu. Bu müddət ərzində ümumi daxili məhsul 6,2 milyard dollardan 78,7 milyard dollara çatdı, ÜDM-un həcmi 4 dəfə artdı.
Adambaşına düşən ÜDM 769 dollardan 7 min 798 dollara çatdı. Qeyri-neft-qaz ÜDM-u 4,1 milyard dollardan 41,1 milyard dollara çatdı. Respublikamızın xarici ticarət dövriyyəsi 3,8 milyard dollardan 52,7 milyard dollara yüksəldi. İxracın həcmi 2,2 milyard dollardan 38,1 milyard dollara, qeyri-neft ixracı isə 0,26 milyard dollardan 3,05 milyard dollara qalxdı. 20 il ərzində kənd təsərrüfatı istehsalı 2,2 dəfə, nəqliyyat sektoru 4,9 dəfə, turizm və ictimai iaşə 18,9 dəfə, informasiya və rabitə sahəsi isə 23 dəfə artdı. Respublikamızın valyuta ehtiyatı isə satronimik səviyyəyə – 1,4 milyard dollardan 58,5 milyard dollara çatdı. Ölkəmizdə yoxsulluğun səviyyəsi son 20 ildə 46,7 faizdən 5,5 faizə endi.
Ötən dövrdə iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının və ixracının stimullaşdırılması, daxili tələbatın yerli istehsal hesabına təmin edilməsi istiqamətində kompleks və ardıcıl işlər görülüb. Bu baxımdan, iqtisadiyyatın neftdən asılılığının azaldılması, qeyri-neft sektorunun davamlı inkişafı iqtisadi siyasətin mərkəzində duran əsas hədəflərdəndir.
Qeyri-neft sektorunda müşahidə edilən davamlı artım meylləri, ölkənin valyuta ehtiyatlarının həcmi və onunla müqayisədə xarici dövlət borcunun minimal səviyyəsi, nəqliyyat enerji layihələrinin həyata keçirilməsi ölkənin milli və iqtisadi təhlükəsizliyi üçün möhkəm zəmin yaradır. Sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi məsələsi Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin mühüm tərkib hissəsidir.
Son 20 il ərzində sənayedə məhsul istehsalının həcmi 4 milyard manatdan 86,4 milyard manata çatıb. Sənaye məhsulunun ümumi həcmində özəl sektorun payı isə 2002-ci ildə 54,9 faiz olduğu halda, 2022-ci ildə 87,6 faiz təşkil edib. Bundan əlavə 2002-2022-ci illərdə ölkənin qeyri-neft qaz sənayesində istehsalçı həcmi 1,6 milyard manatdan 17,7 milyard manata yüksəlib.
Hazırda Azərbaycanda 7 sənaye parkı – Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ, Pirallahı, Ağdam və Cəbrayıl sənaye parkları və 5 sənaye məhəlləsi – Neftçala, Masallı, Hacıqabul, Sabirabad və Şərur sənaye məhəllələri fəaliyyət göstərir. Sənaye zonalarında 10,23 milyard manatlıq məhsul istehsal edilib və onun 3,35 milyard manatlıq hissəsi xarici ölkələrə ixrac edilib. 2023-cü ilin birinci yarısında bu müəssisələrin satdığı 1,4 milyard manat dəyərində məhsulun 33,2 faizi, yəni 470,6 milyon manat ixrac edilib. Sənaye zonalarının qeyri-neft sektorunun xüsusi çəkisi 16,5 faiz, qeyri-neft sənaye məhsulunun ixracında isə 20,7 faiz olub.
Milli iqtisadiyyatın inkişaf strategiyası da prioritet istiqamətlərdən biri kimi ixtisaslaşmış turizmin müəyyənləşdirilməsi, inkişafı istiqamətində görülən işlərin davamlılığına xidmət etməklə yanaşı, Azərbaycan Respublikasının cəlbedici məkan kimi qabaqcıl mövqe tutmasına imkan yaradacaq. Bu, eyni zamanda, qarşılıqlı əlaqələrdən və mövcud turizm potensialından səmərəli istifadə etməklə turizm sektorunun iştirakçıları arasında əməkdaşlığın inkişafına və Azərbaycanda turizm xidmətləri üzrə keyfiyyətin yüksəlməsinə gətirib çıxaracaqdır.
Dünya ölkələri, xüsusilə Avropa İttifaqına üzv ölkələrlə birbaşa nəqliyyat əlaqələri genişləni, Bakı–Tbilisi–Ceyhan (BTC) neft ixrac kəməri və Bakı–Tbilisi–Ərzurum qaz ixrac kəməri dünyada enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayır. Regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti olan “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TANAP və TAP layihələri, həmçinin “Şahdəniz 2” layihəsi üzrə qərarının imzalanması xüsusi qeyd edilməlidir.
Son 20 ildə ölkəmizdə biznes və investisiya mühiti, ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, mühüm tranzit mərkəzi olması məsələləri investisiya cəlbediciliyi baxımından çox əlverişli olmuşdur. Bu baxımdan Azərbaycan beynəlxalq öhdəliklərə vaxtında əməl edir və transmilli layihələrin, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yaxından iştirak edir. Bütün bunlar isə ölkəmizə qoyulan investisiyaların həcminin artmasına səbəb olmuşdur.
Ötən dövrdə ölkə iqtisadiyyatına qoyulmuş 300 milyard ABŞ dolları investisiyaların 200 milyard dollardan çoxu ölkənin qeyri-neft-qaz sektoruna yönəldilmişdir. İnvestisiyaların həcminin belə sürətlə artmasının mühüm səbəblərindən biri ölkədəki sabitlik, əmin-amanlıq, xalq-iqtidar birliyi, milli həmrəyliyin olması, xalqımızın öz Prezidenti ətrafında sıx birləşməsidir. Ölkənin inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilib.
Avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Baki Beynəlxalq Dəniz ticarət limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində gerçəkləşdirilən layihələr Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirib.
Çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanın iqtisadi mənzərəsini daha da zənginləşdirmişdir. Respublikamız Avropa ilə Asiyanı bir-birinə sıx bağlayan nəqliyyat-loqistika mərkəzinə çevrilmişdir. Azərbaycan son 5–8 ildə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir.
2013-cü ildə ilk peykin buraxılmasından sonra Azərbaycan kosmik klubun üzvü olmuşdur və bu gün kosmik fəzanın istifadəsi sahəsində fəaliyyətini 3 peyklə davam etdirir. Bu isə dövlət siyasətimizin prioritet istiqamətlərindən birini təşkil edir.
Ölkə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindən biri iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliyinin artırılması və həmin sahəyə investisiya qoyuluşunun sürətləndirilməsidir. Respublikamızda qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan aqroparkların yaradılması istiqamətində önəmli iş görülmüşdür. Bu isə regionlarda yeni iş yerlərinin açılması və məşğulluğun təmin olunması ilə yanaşı, ixracyönümlü məhsulların istehsalında əhəmiyyətli rola malikdir. Respublikada 51 aqroparkın yaradılması ilə bağlı addımlar atılır. Artıq 30-dan çox aqropark fəaliyyətdədir.
Bundan sonra bizim qarşımızda duran əsas məsələ qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatının səmərəliliyinin təmin edilməsidir - fikrini Prezident İlham Əliyev heç də təsadüfən qeyd etməmişdir. Bu baxımdan çox illərdə həyata keçirilən liberallaşma tədbirləri, xüsusilə də institusional islahatlar ölkə iqtisadiyyatında ciddi keyfiyyət dəyişiklikləri kimi qiymətləndirilmişdir.
Respublikamızın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurların davamlılığını təmin etmək məqsədilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər qəbul edilmişdir. Bu mühüm sənəddə qeyri-neft sektorunun inkişafı, nəqliyyat, tranzit və loqistika infrastrukturunun təkmilləşdirilməsi, informasiya cəmiyyətinə keçidin təmin edilməsi, insan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması, ətraf mühitin mühafizəsi azad edilmiş ərazilərin bərpası və s. məsələləri əhatə edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə 2019-cu ildə ölkəmizdə sosial-iiqtisadi islahatların yeni mərhələsinə başlanılıb. Bu məqsədlə “2019–2023-cü illərdə sosial-iqtisadi inkişafın Dövlət Proqramı” qəbul edilib. Dövlət Proqramında dayanıqlı iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatın daha da şaxələndirilməsi, investisiyaların cəlbi, ölkə əhalisinin maddi rifahının yaxşılaşdırılması və s. məsələlər öz əksini tapmışdır. Artıq bu Dövlət Proqramı da uğurla icra edilmişdir.
Qeyd etmək lazımdır ki, tədqiqat aparan beynəlxalq təşkilatlar, nüfuzlu reytinq mərkəzləri Azərbaycan dövlətinin həyata keçirdiyi islahatları yüksək qiymətləndirirlər. Görülən tədbirlərin nəticəsidir ki, Dünya Bankının “DOİNG BUSİNESS” hesabatında ölkəmizin reytinqi daim yüksəlir. Artıq Azərbaycan bu reytinqdə 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Eyni zamanda ölkəmiz dünyanın 10 ən islahatçı ölkəsi sırasına daxil edilib.
Prezident İlham Əliyevin rəbərliyi ilə həyata keçirilən məqsədyönlü, düşünülmüş siyasət, dərin islahatlar nəticəsində uzun illər ərzində yaradılmış iqtisadi və hərbi potensial Şanlı Ordumuzun düşmən üzərində parlaq və qəti qələbəsini şərtləndirdi.
Artıq işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri həyata keçrilir. Tarixi qələbədən sonra Qarabağın bərpası və dirçəldilməsi sahəsində böyük işlərə Prezidentimiz özü rəhbərlik edir. Prezidentimiz İlham Əliyev, Birinci vitse prezidentimiz Mehriban xanım Əliyeva öz istirahət günlərini də Qarabağın tikinti meydançalarında keçirirlər. Bütün bunlar isə xalqın onlara olan sevgi və ehtiramını artırır. Prezident “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramınnı təsdiq etmişdir. Dövlət Proqramına uyğun olaraq, bütün ərazilərin və şəhərlərin bərpası, torpaq və su ehtiyaclarından səmərəli istifadə, yaşayış məntəqələrinin “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulması, ətraf mühitin qorunması, yaşıl iqtisadiyyat, infrastrukturun və ekosistemin bərpası və s. istiqamətlərdə layihələr həyata keçrilir.
Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişiklərinin fəsadlarına qarşı mübarizədə öz töhfəsini verir. Ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi sahəsində böyük işlər görülür. Prezidentin sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan edilmişdir.
Ölkə Prezidenti 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etmişdir. Aparılımış tədqiqatlar göstərir ki, artıq dövlətlərin iqtisadi üstünlüyü də məhz texnologiyalara yiyələnməyə, onları mənimsəmə gücünə əsaslanır. Bir sözlə, iqtisadi gücü müəyyən edən meyarların, qazanılan makro və mikro iqtisadi göstərişlərin önündə bu gün məhz ölkədə informasiya-kommunikasiya texnologiyalarının tutduğu yer və onun inkişafı dayanır. Bu baxımdan Azərbaycan dünya üzrə ekoloji mübarizənin ön cəbhəsinə çevrilib. COP29-un ölkəmizdə keçirilməsi bu gerçəyin mötəbər təsdiqidir .
Azərbaycan son 20 ildə İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edib, bütün sahələr üzrə qarşıya qoyulan vəzifələr yüksək səviyyədə həyata keçirilib. Gerçəkləşdirilən iqtisadi doktrina belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də bu siyasətin davamı sayəsində hərtərəfli inkişaf sürətini daha da artıracaq, həm regional, həm də qlobal səviyyədə öz mövqelərini durmadan möhkəmləndirəcək.
Arif ŞƏKƏRƏLİYEV,
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, Əməkdar elm xadimi