Ukraynanın məğlubiyyəti NATO alyansının zəifliyi ola bilər
Qərb siyasətçiləri Rusiya ilə mümkün müharibə barədə xəbərdarlıq etməkdə davam edirlər. NATO-nun baş katibi bildirib ki, alyans onilliklər ərzində bitməyəcək “qarşıdurmaya” hazırlaşmalıdır. Norveç və Danimarkanın müdafiə nazirləri də oxşar ritorika ilə çıxış ediblər. Norveçli nazir deyib ki, Rusiyada demokratiyanın qalib gəlmə şansı yoxdur və Qərb dünyası bunu nəzərə almalıdır. Moskva bu iddiaları əsassız hesab edir və hər hansı bir ölkəyə hücuma hazırlaşmadığını bildirir.
NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın “Welt am Sonntag” qəzetinə müsahibəsində bildirib ki, Şimali Atlantika Alyansı hərbi istehsalı artırmalı və Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazır olmalıdır: “NATO Rusiya ilə müharibə axtarmır. Amma biz onilliklər davam edə biləcək qarşıdurmaya hazırlaşmalıyıq. Əgər Putin Ukraynada qalib gəlsə, Rusiya təcavüzünün başqa ölkələrə yayılmayacağına zəmanət yoxdur. İndi ən yaxşı müdafiə Ukraynaya dəstək və NATO-nun hərbi imkanlarına investisiya qoymaqdır”. O, Avropa müdafiə şirkətləri üçün daha çox və daha sürətli sifarişlər verməyə çağırıb. Baş katib bazar iqtisadiyyatı olan ölkələrdə silah istehsalçılarının öz fəaliyyətini genişləndirə bilmələri üçün imzalanmış müqavilələrə ehtiyacı olduğunu da vurğulayıb. Yens Stoltenberq, həmçinin bildirib ki, Qərb tez bir zamanda sənaye bazasını yenidən qurmalı və genişləndirməlidir.
Skandinaviya da Rusiya ilə mümkün toqquşmadan narahatdır. Danimarkanın müdafiə naziri Troels Lund Poulsen xəbərdarlıq edib ki, Rusiya yaxın 3-5 il ərzində NATO ölkələrinə hücum edə bilər: “Rusiyanın 3-5 il ərzində 5-ci maddənin gücünü və NATO həmrəyliyini sınayacağını istisna etmək olmaz. ... Bu, indi gündəmə gələn yeni məlumatlardır”.
Norveçin müdafiə naziri Byorn Arild Qram də Ukraynada hərbi əməliyyatlar başa çatdıqdan sonra mümkün hərbi münaqişəyə hazırlığa çağırıb. Onun fikrincə, Moskva Finlandiya və İsveçin NATO-ya yeni üzvlüyünə cavab olaraq tədbirlər görə bilər. Norveçli nazir, eyni zamanda, Rusiyanın daxilində demokratiyanın qələbəsi üçün heç bir şəraitin olmadığını vurğulayıb: “Rusiyanın bizim kimi olacağına dair heç bir əlamət yoxdur. Etiraz etməyə çalışan azsaylı ruslar dəmir barmaqlıqlar arxasına atılır və ya müharibəyə göndərilir... Bu yeni Rusiya uzun müddət bizimlə qalacaq”. O, Norveçi müdafiə sahəsinə investisiyaları artırmağa çağırıb. Nazir vurğulayıb ki, Norveç ordusu münaqişə vəziyyətində “vaxtında və müttəfiqlərlə birlikdə reaksiya verməyi” bacarmalıdır.
Ancaq Rusiya Qərbin bu iddialarını qəbul etmir. Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsonla müsahibəsində deyib ki, NATO ölkələrinin hakimiyyətləri “vergi ödəyicilərindən daha çox pul qoparmaq” üçün öz əhalisini Rusiya təhlükəsi ilə “qorxutmaq” istəyirlər. V.Putin bildirib ki, Rusiyadan gələn təhlükə xəyalidir, o, “şişirdilir”. Kremlin sahibi amerikalı jurnalistin Rusiyanın bütün Avropa qitəsi üzrə ərazi iddiaları ilə bağlı sualına cavabında deyib ki, qlobal müharibəyə cəlb olunmaq sağlam düşüncəyə ziddir: “Qlobal müharibə bütün bəşəriyyəti məhv olmaq həddinə çatdıracaq”. Rusiya liderinin fikrincə, Moskvanın Qərb ölkələrinə ərazi iddiaları tamamilə istisna olunur. Bununla belə, V.Putin qeyd edib ki, Varşava birinci hücuma keçərsə, Polşaya qoşun yeridə bilər. Eyni zamanda, Rusiya lideri vurğulayıb ki, Moskvanın nə Polşada, nə də Latviyada marağı var.
Polşanın milli müdafiə naziri və baş nazirin müavini Vladislav Kosiniyak-Kamış buna cavab olaraq bildirib ki, Putinin sözləri nəinki etimad doğurur, əksinə, təşviş yaradır. O, respublikanı “müxtəlif vəziyyətlərə” hazır olmağa çağırıb və heç bir bəyanatın polyakların sayıqlığını dayandıra bilməyəcəyinə ümid etdiyini vurğulayıb.
Almaniyada da müharibə perspektivindən danışırlar. Bundesverin baş müfəttişi Karsten Breuer Almaniyanın beş ildən sonra müharibəyə hazır olması barədə xəbərdarlıq edib. Eyni zamanda, o, bildirib ki, bu, müharibənin mütləq baş verəcəyi demək deyil, lakin vaxtında hazırlaşmaq vacibdir: “Döyüş hazırlığı bizim keçəcəyimiz bir prosesdir. Ancaq bunun üçün vaxtımız sonsuz deyil”.
Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov isə Skandinaviya ölkələrinin iddialarının əsassız olduğunu bildirib. Rusiyalı senatorun fikrincə, “onlar həmişə elə bir situasiya yaratmağa çalışırlar ki, Qərbdə Rusiyadan qorxmağa başlasınlar: “Bütün bunlar bir məqsədlə edilir – ölkələrinin xalqlarının artan hərbi xərclərə praktiki olaraq sakit reaksiya verməsi üçün gərginliyi saxlamaq. NATO ordularını silah və sursatla təmin edən şirkətlər varlanır”. Vladimir Cabarovun sözlərinə görə, Norveç və digər Skandinaviya ölkələrinin rəsmiləri də hərbi məhsulların istehsalında “paya malikdirlər”, buna görə də vəziyyət onların xeyrinədir.
S.ELAY
XQ