Trampın isə məhkəmə araşdırmaları bitmir
ABŞ-da noyabr ayında keçiriləcək prezident seçkilərinin ilk mərhələsi sürprizlər ilə diqqət çəkir. Son günlərə qədər, demək olardı ki, istər Respublikaçılar, istərsə də Demokratlar partiyalarının əsas namizədləri bəllidir. Çünki bir çox ştatda keçirilən praymerizlərdə əsas namizədlər Co Bayden və Donald Tramp qalib gələrək sonrakı mübahisələr üçün yer qoymadılar. Buna baxmayaraq, alternativ namizədlərin – demokratlardan Din Fillisin və respublikaçılardan Nikki Heylin perpektivləri də yaxşı bir şey vəd etmir.
Seçki marafonunun əsas ciddi siyasi fiqurlarından biri, təbii ki, hazırkı 81 yaşlı Prezident Co Bayden sayılır. Namizəd-prezidentin yaşını təsadüfən xatırlatmadım. Çünki demokratların 2024-cü il prezident seçkilərində bəlkə də ən zəif nöqtəsi onların namizədinin məhz yaşı və bu yaşla əlaqədar əqli-sağlamlıq durumudur. Bu haqda bir qədər sonra.
“The Wall Street Journal” nəşri sosioloqlara istinad edərək yazır ki, seçkilər yaxınlaşdıqca Amerika vətəndaşlarının daha çox hissəsi artıq Ağ evin hazırkı sahibini millətin gələcək lideri kimi görmək istəmir.
Nəşrin yazdığına görə, amerikalılar Baydenə, təkcə yaşına görə deyil, həm də güclü lider nüfuzuna malik olmadığına görə prezident kimi baxmırlar. Sosioloqlar deyirlər ki, seçicilər arasında ABŞ-ın hazırkı prezidenti haqqında belə mənfi rəyin formalaşmasında onun iqtidarda olduğu dönəmdə buraxdığı səhvlərin rolu az olmayıb.
Jurnalistlər hesab edirlər ki, Baydenin bəzi siyasi qərarları uğurlu olsa da, amerikalılar onu “beynəlxalq səviyyəli dövlət xadimi, millətin ilhamvericisi və danışıqlar ustası” kimi görmürlər. “Baydenin səhvləri ona qarşı münasibətin formalaşmasına, əvvəlki prezidentlərin səhvlərinin onların imicinə təsir etdiyindən daha çox təsir edə bilər. Əlbəttə, təkcə ona görə yox ki, Bayden 81 yaşındadır və ölkənin ən yaşlı prezidentidir, həm də ona görə ki, o, güclü lider obrazı yaratmayıb və seçicilərlə emosional ünsiyyət qura bilməyib”.
Amma məsələ bununla bitmir. Yanvarın 10-da məlumat yayılmışdı ki, Baydenin 2017–2020-ci illərdə şəxsi ofis kimi istifadə etdiyi analitik mərkəzdə onun vitse-prezidentlik dövründən qalan məxfi sənədlər aşkarlanıb. Amerika mediasının yaydığı məlumata görə, tapılan sənədlər arasında Ukrayna, İran və Britaniya ilə bağlı ABŞ kəşfiyyatının bəzi məruzə qeydləri və brifinq materialları da olub. Amerika lideri bəyan edib ki, tapılmış sənədlər onun üçün gözlənilməz haldır və təhqiqatla əməkdaşlığa hazırdır.
Çox keçmədi ki, siyasətçinin köməkçiləri onun Deliverdəki evindən də məxfi sənədlər aşkar etdilər. Onların sayı və məzmunu açıqlanmadı. Yanvarın 12-də Ədliyyə Nazirliyi Baydenin evində və keçmiş ofisində “məxfi sənədlərin qanunsuz saxlanılmasını” araşdırmaq üçün Merilend ştatının keçmiş federal prokuroru Robert Huru xüsusi prokuror təyin etdi.
Baydenin dövlətə məxsus məxfi sənədlər saxlaması ilə əlaqdar aparılan təhqiqatdan sonra xüsusi prokuror Hurun hazırladığı 345 səhifəlik hesabatda ABŞ prezidenti “yaxşı niyyətli, yaddaşı pis olan yaşlı adam” adlandırılıb, lakin haqqında cinayət işi qaldırılmasına lüzum görülməyib. Hesabatda deyilir ki, müstəntiqlərlə ünsiyyətdə olarkən Bayden oğlunun ölüm tarixini belə xatırlaya bilməyib. Təhqiqat zamanı ABŞ Prezidenti ədəbsiz ifadələr işlətməklə bu xəbərə mənfi reaksiya verib. O, hətta prokurorun onun oğlunun ölümü ilə bağlı mövzuya toxunmasına cəsarət etməsindən hiddətlənib.
“The Wall Street Journal” qəzeti vurğulayır ki, xüsusi prokuror Robert Hurun sözügedən hesabatı Ağ evin də hiddətinə səbəb olub. Demokratlar Partiyasının narazılığına Baydenin seçki kampaniyasının gələcəyi ilə bağlı qorxu səbəb olub.
Xüsusi prokurorun hesabatından dərhal sonra Co Bayden xalqa əvvəlcədən elan olunmamış müraciətlə çıxış edib. Prezident onun yaddaş problemləri ilə bağlı sözlərin yer aldığı xüsusi prokurorun hesabatını kəskin şərh edib və bildirib ki, yaddaşı yaxşıdır və məsləhətə ehtiyacı yoxdur.
Bayden qəzəblə deyib: “Mən nə etdiyimi bilirəm. Mən... bu ölkəni ayağa qaldırdım. Onun tövsiyələrinə ehtiyacım yoxdur".
Demokratların prezidentliyə namizədlərinin şansını sual altında qoyan təkcə bu insident deyil. Bu ərəfədə respublikaçıların keçmiş namizədi, amerikalı siyasətçi Vivek Ramasvami X sosial şəbəkəsindəki səhifəsində açıqlama verib ki, Co Baydenin yerini ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama tutacaq. O, yazıb: “Bayden Demokratların namizədi olmayacaq. Mişel Obamaya hazırlaşın”.
Siyasətçinin sözlərinə görə, Bayden seçkilərdə iştirak edə bilməz, çünki ABŞ Ədliyyə Nazirliyi onun məxfi sənədlərlə düzgün davranmaması barədə hesabat yayıb. O, “bu faktın Baydenin prezidentliyə namizəd olmasına mane olduğunu” vurğulayıb və bildirib ki, buna görə də Demokratlar Partiyası Baydeni prezidentlik yarışından kənarlaşdıracaq.
Yeri gəlmişkən, bundan əvvəl Ramasvami Baydeni Ukrayna bayrağının rənglərinə uyğun qalstuk taxdığına görə ələ salmışdı. O qeyd etmişdi ki, Amerika prezidentindən fərqli olaraq hətta Ukrayna lideri belə qalstuk taxmır və bu, onların münasibətlərinin xəstə psixologiyasına dəlalət edir.
“New York Post” qəzeti sanki bütün bunların təsdiqi kimi yazır: “ABŞ-ın keçmiş prezidentləri Barak Obama və Donald Trampın şəxsi həkimi, Nümayəndələr Palatasının üzvü Ronni Cekson bildirib ki, Co Bayden “prezidentliyə namizədliyini irəli sürməzdən əvvəl bir sıra sağlam düşüncə sınaqlarından keçməlidir”.
Cekson Baydenin bir yox, bir neçə yoxlama testindən keçməsinin vacib olduğunu vurğulayıb: “Onun obyektiv, sənədləşdirilmiş bir sıra koqnitiv testlərdən keçməsinə və nəticələrin onun həkimi tərəfindən Amerika xalqına çatdırılmasına ehtiyacı var”.
Bununla belə, həkim Cekson Baydenin alzheimer xəstəliyindən əziyyət çəkdiyinə inanmadığını da vurğulayıb və qeyd edib ki, Amerika liderinin problemləri onun yaşı ilə bağlıdır. Baydenin unutqanlığı və sayıqlamaları o deməkdir ki, o, “ABŞ-ın nüvə silahlarına cavabdeh olmamalıdır, həmçinin bütün dünyada insanların taleyinə təsir etməməlidir”.
Bunlar kifayət qədər tutarlı arqumentlərdir və yəqin ki, həqiqətən, Demokratlar Partiyasının elitası bütün bunları nəzərə alaraq yeni namizəd haqqında düşünməli olacaq.
Respublikaçıların namizədi Donald Trampa gəldikdə isə, onun da problemlərinin olmadığını söyləmək doğru olmazdı.
Xatırladaq ki, bir neçə ay əvvəl Trampın rəqibləri onu seçkidən kənarlaşdırmaq üçün bəhanələr axtarmağa başladılar. Daha sonra Amerika Konstitusiyasının 3-cü maddəsinin 14-cü düzəlişi əsasında eks-prezidenti seçkidən kənarlaşdırmaq kampaniyası geniş vüsət almağa başladı. Bu düzəliş vətəndaş müharibəsindən sonra qəbul edilib. O, qanuni hakimiyyətə qarşı hər hansı üsyanı dəstəkləyən şəxslərin yüksək vəzifə tutmasını qadağan edir. Lakin bu sənədin müxtəlif şərhləri ilə əlaqədar olaraq, düzəlişin eks-prezidentə şamil olunub-olunmaması prinsipial suallar yaradır.
Ümumilikdə, 2023-cü ilin fevral ayından etibarən Trampı seçkidən kənarlaşdırmaq üçün 34 ştatın məhkəmələrində iddialar qaldırılıb. Amerika ştatlarında müxtəlif yurisdiksiyaların əksər məhkəmələri Donald Trampın əleyhdarlarının arqumentlərini kifayət qədər inandırıcı saymayıb. Bununla belə, Kolorado Ali Məhkəməsi gözlənilmədən dekabrın 19-da qərar veib ki, Trampın prezident vəzifəsini tutmaq hüququ yoxdur və o, yerli praymerizlərdə iştirak edə bilməz. Buna görə də prezident seçkilərində onun adı ştatın bülletenində yer almayacaq. Hakimlər belə nəticəyə gəliblər ki, Tramp Baydenin prezident kimi təsdiqlənməsinin qarşısını almaq üçün 6 yanvar 2021-ci ildə tərəfdarlarını Kapitoliyə hücuma sövq etməklə “qiyam qaldırıb”. Eyni zamanda, hakimlər “naməlum əraziyə ayaq qoyduqlarını” etiraf edərək, ABŞ Ali Məhkəməsində məsələyə baxılana qədər qərarlarını dayandırıblar. Lakin Trampın vəkilləri 14-cü düzəlişin üçüncü maddəsinin ona qarşı tətbiqinin mümkün olmadığını ciddi arqumentlərlə əsaslandırırlar.
ABŞ Ali Məhkəməsi bir neçə gündür ki, bu məsələni araşdırır. Çox güman ki, məhkəmə Trampın Koloradoda seçkilərdə iştirak hüquqlarını bərpa edəcək və ondan sonra bu məsələ bütün digər ştatlarda avtomatik olaraq gündəmdən çıxarılacaq. Cümə axşamı hakimlər qiyama təhrik ittihamlarına birbaşa toxunmayıb, işin digər aspektlərini müzakirə ediblər. Məsələn, baş hakim Con Roberts belə fikirdədir ki, “əgər Koloradonun mövqeyi dəstəklənərsə, çox sayda ştatlar belə deyə bilər: Demokratların namizədi kim olursa-olsun, siz seçki bülletenindən çıxarılmısınız. Digərləri isə respublikaçı namizədi qəbul edib deyəcəklər ki, sən seçki bülletenindən çıxarılmısan”. Məhkəmənin digər üzvü Brett Kavano deyib ki, demokratik prinsiplər hakimlərə ABŞ Konqresi tərəfindən verilmiş səlahiyyətlər olmadan hər hansı prezidentliyə namizədi kənarlaşdırmağa imkan vermir. Bu artıq ciddi arqument sayıla bilər.
Məhkəmə iclasında Koloradodan olan altı seçicini təmsil edən və Trampı seçkidən kənarlaşdırmaq üçün məhkəməyə müraciət edən Ceyson Mürrey israrla deyib: “Məhz eks-prezident amerikalıları səsvermə hüququndan məhrum etməyə çalışırdı və burada söhbət qeyri-adi vəziyyətdən gedir. Seçkidən kənarlaşdırmaq qaydası 150 il ərzində fəaliyyətsiz qalıb. Bu da yanvarın 6-da baş verənlərə bənzər bir şey görməməyimizi göstərir... Konstitusiya imkan vermir ki, ona (Trampa- XQ) daha bir şans verilsin”.
Buna baxmayaraq, Kolorado məhkəməsinin qərarına etiraz edən eks-prezidentin müdafiəçisi Conatan Mitçel də texniki arqumentlərə diqqət çəkib. Onun sözlərinə görə, qiyam və ya qiyamda iştirak etmiş keçmiş məmurların dövlət vəzifəsi tutmasını qadağan edən düzəliş 45-ci prezidentə şamil edilmir. Bundan əlavə, o, təkidlə bildirib ki, ştatların Konqresin icazəsi olmadan bu qaydanı tətbiq etmək səlahiyyəti yoxdur.
Birbaşa yanvar hadisələri ilə bağlı verilən suala cavab olaraq C.Mitçel deyib ki, konstitusiya standartlarına görə bunu çətin ki, çevriliş cəhdi hesab etmək olsun. “Çevriliş, ABŞ hökumətini zorakılıq yolu ilə devirmək üçün mütəşəkkil və birgə səy tələb edir... Hadisələr biabırcasına, cinayətkarcasına, qəddarcasına və s. törədilib, lakin bunu, qiyam, üsyan kimi qiymətləndirilmək olmaz”, – deyən vəkilin sözlərinə görə, Tramp tərəfdarlarının Kapitoliyə hücumuna görə məsuliyyət daşımır.
Qərar son nəticədə Donald Trampın xeyrinə verilərsə, bu, bir sıra oxşar iddialara son qoyacaq. Məsələn, cənab Trampın səsvermə hüququna qadağa qoyulmuş Men ştatında da. Bu qərarın icrası da ABŞ Ali Məhkəməsi tərəfindən müvafiq qətnamənin qəbuluna qədər təxirə salınıb.
Haqqında bəhs etdiyimiz ABŞ Ali Məhkəməsinin cümə axşamı keçirilən iclası, çox güman ki, bu il eks-prezidentin adının hallandığı yeganə məhkəmə iclası olmayacaq. Ən azından, ötən çərşənbə axşamı Vaşinqtondakı dairə məhkəməsinin Trampın Ağ evin rəhbəri vəzifəsində işləyərkən törətdiyi iddia edilən cinayətlərə görə prezident toxunulmazlığından məhrum edilməsi qərarından apellyasiya şikayəti verəcəyi gözlənilir. Müvafiq iddialar Trampın 2020-ci il seçkilərində uduzmasına baxmayaraq, vəzifəsini qoruyub saxlamağa çalışmaqda, habelə məxfi sənədləri düzgün saxlamamaqda ittiham edən xüsusi prokuror Cek Smit tərəfindən qaldırıb.
Yeri gəlmişkən, əvvəldə qeyd etdiyimiz kimi, fevralın 9-da prokurorlar prezident Co Baydenə qarşı oxşar cinayətə görə (sənədlərin saxlanması qaydalarına əməl edilməməsi) ittiham irəli sürməmək qərarına gəliblər. Bununla əlaqədar Respublikaçılar dərhal Trampın “siyasi motivli ittihamlarla üzləşdiyini” və “ədliyyə sisteminin ikili standartlarını” tənqid edərək onun oxşar vəziyyətdə olan siyasi rəqibi Co Baydenə qarşı daha xeyirxah davrandıqlarına kəskin münasibət bildiriblər.
İlqar RÜSTƏMOV
XQ