Rusiyanın xarici işlər naziri müavininin açıqlaması hayları məyus edib
Qarabağ iqtisadi rayonunda yaşayan erməni əhalinin ötən ilin sentyabrın 19–20-də Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra bölgədən köç etməsinin könüllü olduğu Rusiya Xarici işlər nazirinin müavini Mixail Qaluzin tərəfindən də təsdiqlənib. Nazir müavini bugünlərdə Rusiyanın dövlət informasiya agentliyi olan TASS-a müsahibəsində ermənilərin Qarabağı könüllü tərk etdiklərini bəyan edib.
O qeyd edib ki, Qarabağ erməniləri istəsələr, Rusiya onların təhlükəsiz şəkildə bölgəyə qayıtmasına şərait yaratmağa hazırdır: “Təəssüf ki, Qarabağ ermənilərinin əksəriyyəti bölgəni tərk edib. Bu, onların çətin, lakin könüllü seçimi olub. Bu baxımdan, bunu etmək istəyənlərin hüquqlarını və təhlükəsizliyini lazımi şəkildə təmin etməklə, geri qayıtmasına şərait yaratmaq vacibdir. Biz bu prosesə hərtərəfli, o cümlədən mövcudluğu böyük əhəmiyyət kəsb edən Rusiya sülhməramlı kontingenti vasitəsilə kömək göstərməyə hazırıq”.
Qaluzin xatırladıb ki, 2023-cü il sentyabrın 19–20-də baş verən toqquşmalar nəticəsində Qarabağ Bakının tam nəzarətinə keçib: “Rusiya sülhməramlı kontingentinin fəal vasitəçiliyi ilə sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə edilib. Qarabağın erməni əhalisi ilə Azərbaycan hakimiyyətinin nümayəndələri arasında danışıqlar aparılıb. Sülhməramlılarımız mülki şəxslərə sığınacaq verib, humanitar yardım çatdırıb, tibbi evakuasiya təşkil edib”.
Eyni zamanda, Qaluzin deyib ki, qeyd olunan hadisələr təsadüfən baş verməyib: “Ermənistan tərəfi hələ 2022-ci ilin oktyabrında Avropa İttifaqının himayəsi altında Praqada keçirilən sammitdə Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağı onun tərkib hissəsi kimi tanıyıb. Həmin vaxt regionun erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələsi həll olunmamışdı. İndi isə Qarabağ Azərbaycanın hüquq sisteminə inteqrasiya olunur”.
Rusiyalı nazir müavini Azərbaycanla dialoqun konstruktiv xarakter daşıdığını da bildirib: “Biz meydana çıxan bütün məsələləri qarşılıqlı məqbul şəkildə həll edirik. Rusiya sülhməramlı kontingentinin 2025-ci ilin noyabrından sonra səlahiyyətlərinin uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, onların gələcəkdə mövcudluğuna olan tələbdən və Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq. Qarabağda vəziyyətin köklü şəkildə dəyişdiyini nəzərə alaraq, sülhməramlılarımızın qalma şərtləri yalnız Azərbaycan tərəfi ilə müzakirə olunur”.
Bu arada Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Moskvanın Ermənistan–Azərbaycan sülh prosesində fəal, təşəbbüskar rol oynamağa davam etməyə hazır olduğunu qətiyyətlə bəyan etdiyini bildirib. Səfir “Radio Sputnik”ə müsahibəsində deyib: “Biz nizamlanmanın əldə olunmasında, sülh müqaviləsinin imzalanmasında maraqlıyıq. Elə bir müqavilənin ki, o, hər iki tərəfin maraqlarına cavab versin. Rusiya qətiyyətlə bəyan edir ki, bundan sonra da prosesdə fəal, təşəbbüskar rol oynamağa hazırdır. Təbii ki, buna tərəflər qərar verəcək. Sülh prosesinin formatını müəyyən etmək onların suveren hüququdur, lakin biz bu prosesə kömək etməyə və fəal rol oynamağa, o cümlədən Ermənistan–Azərbaycan sülh danışıqları üçün platformanın təmin edilməsinə hazır olduğumuzu bütün səviyyələrdə tamamilə aydın şəkildə bəyan edirik”.
S.Kopırkinin sözlərinə görə, Ermənistan–Azərbaycan münasibətlərinin nizamlanması prosesində Rusiyanın rolu ilkin və əsas olub: “Sülh prosesinin gedişatını müəyyən edən baza prinsipləri Rusiyanın iştirakı ilə 2020-ci ilin noyabrında əldə edilən üçtərəfli razılaşmalarda müəyyən edilib. O zaman Rusiya Federasiyasının və şəxsən Rusiya Prezidentinin həlledici səyləri ilə faciəli müharibə dayandırıldı. Deməliyəm ki, sülh prosesini özünə, necə deyərlər, bağlamaq üçün çox işlər görən Qərb nizamlama prinsipləri baxımından mahiyyətcə yeni heç nə gətirməyib”.
Qeyd edək ki, Azərbaycan tərəfi Qarabağdan erməni əhalinin köçündə heç zaman maraqlı olmayıb. Azərbaycanın istəyi bölgədə yaşayan erməni əhalinin reinteqrasiyasına nail olmaq, onları təxminən son 30 ildə Ermənistanın və qanunsuz separatçı xunta rejiminin girovluğundan qurtararaq, ölkənin sosial-iqtisadi və ictimai-siyasi həyatına qovuşdurmaq idi. İşğal bitdikdən sonra Azərbaycan özünün erməni sakinləri ilə təmas qurmağa hazır olduğunu bildirib. Milli Məclisin deputatı Ramin Məmmədov Qarabağda yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs kimi müəyyən olunub. 2023-cü il martın 1-də Xocalıda – Rusiya sülhməramlılarının vasitəçiliyi ilə, onların qərargahında ilkin təmaslar aparılıb. Təəssüf ki, təmaslardan sonra erməni sakinlərin nümayəndələrinin arzuolunmaz açıqlamalarının şahidi olduq. Eyni zamanda, martın 5-də Ermənistan tərəfindən Xankəndi–Xəlfəli–Turşsu torpaq yolunda təxribat törədildi. Həmin təxribat həm də erməni sakinlərlə təmaslara mane olmağa hesablanmışdı. Buna baxmayaraq, Azərbaycan bu təmasları davam etdirməkdə qərarlı idi və onlara ikinci dəfə dəvət göndərildi. Onlar isə bundan da imtina etdilər.
Zənnimizcə, bu məqamda Prezident İlham Əliyevin ötən il mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşdə səsləndirdiyi fikirlərdən iqtibas gətirmək yerinə düşər: “Birincisi, biz oraya heyət göndərmişdik. Mənim nümayəndəm gedib onlarla birinci görüş keçirib və ondan sonra onları dəvət etmişik Bakıya ki, gəlin danışaq. Onlar bundan imtina etdilər. Bundan sonra ikinci dəfə biz onları dəvət etmişik Bakıya. Yəni, Qarabağda yaşayan erməni azlığının nümayəndələrini. Ondan da imtina etdilər. Daha üçüncü dəvət olmayacaq. Ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək. Ona görə onlara ancaq o halda amnistiya düşə bilər ki, özləri könüllü olaraq bütün saxta vəzifələrini kənara qoyub Azərbaycan vətəndaşlığı üçün müraciət etsinlər. Ona da biz hələ baxacağıq. Mənim sözüm qətidir, bunu hər kəs bilir, həm Azərbaycanda, həm dünyada, o cümlədən Ermənistanda. Nəyi deyiriksə, onu da edirik. Bir dənə də olsun sözümüz, necə deyərlər, havada qalmayıb, bu söz də havada qalmayacaq. Əgər mən deyirəmsə ki, amnistiyaya baxmaq olar, bu fürsəti də qaçırmasınlar. Onlar bir çox fürsətləri qaçırıblar, bir çox fürsətləri və hər dəfə, necə deyərlər, gərək onların başından vuraydıq ki, özlərinə gəlsinlər”.
Nəhayət, ermənilərin özlərinin təxribatları 19–20 sentyabr hadisələrinin baş verməsini şərtləndirdi. Ancaq bu zaman da mülki əhaliyə heç bir xətər yetirilmədi. 44 günlük Vətən müharibəsi zamanı olduğu kimi, lokal xarakterli antiterror tədbirləri də beynəlxalq humanitar hüquqa uyğun aparıldı. Bu zaman mülki şəxslər və infrastruktur obyektləri hədəfə alınmadı.
Yeri gəlmişkən, Azərbaycan antiterror tədbirləri zamanı mülki əhalinin və obyektlərin zərər çəkməməsi məsələsində də dünyaya nümunə göstərdi. Prezident İlham Əliyev 2023-cü il noyabrın 20-də İraq Prezidenti Əbdüllətif Camal Rəşidlə görüşdən sonra mətbuata verdiyi bəyanatda bu barədə dedi: “Bizim səbrimiz sentyabr ayında tükəndi və biz beynəlxalq hüquqa tam riayət edərək öz suveren ərazimizdə antiterror tədbirləri apardıq. Bu tədbirlər 24 saatdan az davam etdi və mülki əhali arasında itkilər olmadı. Düşünürəm ki, indi Yaxın Şərqdə müşahidə etdiklərimizə münasibətdə bu antiterror tədbirləri mülki əhali arasında hərbi əməliyyatları itkisiz necə aparmaq lazımdır nöqteyi-nəzərdən bir örnək hesab olunmalıdır”.
Həmin günlərdə Azərbaycana qarşı döyüşmüş şəxslərə silahı yerə qoyacaqları təqdirdə məsuliyyətə cəlb edilməyəcəklərinə dair çağırış edildi. Belə də oldu. Qondarma separatçı rejimin keçmiş və indiki “qlavar”ları istisna olmaqla heç kim həbs edilmədi.
Bundan əlavə, Qarabağdan erməni əhalinin köçünün könüllü olması ilə bağlı “YouTube” video-hostinqində hayların özlərinin çoxlu etirafları var. Onlar etiraf edirlər ki, Azərbaycan onların gedişini arzulamırdı. Eyni zamanda, bildirirlər ki, Bakı ən yüksək səviyyədə Qarabağın erməni sakinlərinə Azərbaycan vətəndaşlığını qəbul etməyi və orada qalmağı təklif edirdi. Həmin açıqlamaları istənilən qərəzsiz, obyektiv insan oxuduqda bu qənaətə gələ bilər ki, Azərbaycandan heç kim erməniləri hansısa “etnik təmizləmə”yə məruz qoymayıb, məcburi köçkünə çevirməyib, indiki miskin həyatı yaşamağa məcbur etməyib. Əgər bunu edən olubsa, o da keçmiş separatçı xunta rejiminin başçıları və Ermənistandakı “Qarabağ klanı” olub.
Buna baxmayaraq, Ermənistan və onun Qərbdəki havadarları bu məsələdə, necə deyərlər, daş atıb başlarını tuturlar. Onlar Azərbaycan Ordusunun dövlət suverenliyini bərqərar etmək məqsədilə beynəlxalq hüquqa uyğun olaraq keçirmək məcburiyyətində qaldığı antiterror tədbirlərindən sonra erməni əhalinin könüllü şəkildə Ermənistana getməsini ölkəmizə qarşı təzyiqin əsas elementinə çevriblər. Baş verənləri utanıb-qızarmadan “etnik təmizləmə”, “məcburi köçürülmə” və sair adlarla qələmə verirlər. Son vaxtlar ölkəmizə bəzi beynəlxalq təşkilatlardan, o cümlədən, Avropa Şurası Parlament Assambleyasından edilən hücumların da arxasında bu dayanır. Bununla belə, Azərbaycanda artıq belə təzyiqlər qarşısında, necə deyərlər, güclü immunitet yaranıb. Onlar qərəzli, birtərəfli olduqları üçün nə deməkləri də böyük əhəmiyyət kəsb etmir. Rusiya XİN başçısı müavininin ermənilərin gedişinin könüllü seçim olduğunu deməsi bu mənada obyektiv reallığı əks etdirir və əhəmiyyətlidir. Zənnimizcə, haylar baş verənlərə görə başqalarından incimək əvəzinə, özlərindən küsməlidirlər.
Rizvan HÜSEYNOV,
hərbi-siyasi şərhçi
Qarabağ ermənilərinin köçünün könüllü olmasına, əslində, heç bir obyektiv şəxs, təşkilat və ya dövlət şübhə edə bilməz. Bunu yalnız Qərbdəki ermənipərəstlər edə bilərlər. Rusiya tərəfdən Xarici işlər naziri müavininin bunu bəyan etməsi yaxşı haldır. Ancaq hətta, Qaluzin bunu təsdiqləməsə də, hər bir məqam ortadadır. Qarabağ separatçılarının başçıları dəfələrlə demişdilər ki, Azərbaycan Bayrağı altında, qanunlarımız çərçivəsində yaşamayacaqlar. Onlar öz seçimlərini etdiklərini bildirirdilər. Bu gün baş verənlər onların özlərinin seçiminin nəticəsidir.
Bəzi Qərb ölkələrinin mövqeyinə gəldikdə isə qeyd etmək lazımdır ki, bu proseslərin arxasında elə onlar özləri dayanmışdılar. Fransa və bir sıra digər ölkələr mümkün olan hər şeyi etdilər ki, ermənilər Qarabağdan köç etsinlər. Onların yaratdığı şərait ermənilərin köçünü qaçılmaz etdi. Fransa başda olmaqla, Qərb Qarabağ ermənilərini, necə deyərlər, qurbanlıq qoyun etdi. Azərbaycanla bir oyun oynadılar, uduzdular. Amma əslində, uduzan, qurban verilən Qarabağ erməniləri oldu. İndi isə biz görürük ki, həmin aqibət Ermənistanı da gözləyir. Hazırda oyun Ermənistan üzərində gedir. Bu dəfə Qərb uduzsa, Ermənistan dövləti və erməni xalqı üçün daha ağrılı olacaq. Yəni, Qarabağ ermənilərinin başına gələnləri Ermənistan və onun xalqı da yaşaya bilər.
Səxavət HƏMİD
XQ