Ermənipərəstlik naminə sərsəmləmə məharəti
ABŞ konqresmeni Frank Pallone yenə, necə deyərlər, qatıqlayıb. Bu şəxsin ermənipərəstliyi, Birləşmiş Ştatlardakı erməni lobbi və diaspor təşkilatları ilə sıx əlaqəda olduğu, həmin qurumların maraq və mənafelərindən çıxış etdiyi sirr deyil. Qulluq etdiyi dairələrin istəklərini yerinə yetirmək üçün hər cür oyunbazlığa baş vurduğu da, həmçinin. Ancaq hesab edirik ki, Pallone bu dəfə barıtı bir qədər çox edib. Bu yerdə sirkənin nə qədər çox tünd olsa, öz qabını çatlatması reallığını da nəzərə alaq.
F.Pallonenin bir neçə gün əvvəlki açıqlaması onun xarakterində və mahiyyətindəki aşkar çatların nümayişindən başqa bir şey deyil. Görünür, erməni ağalarından aldıqları ənam və bəxşişlərin sayı artıb və konqresmen beyin “qıcqırması” keçirib. Cənab Pallonenin nələrdən söz açdığını diqqətə çatdıracağıq. Ancaq hələlik bir məqamın üzərində dayanaq.
Məlum olduğu kimi, Azərbaycan Silahlı Qüv-vələri ötən il sentyabrın 19-20-də Qarabağda lokal xarakterli antiterror tədbirləri reallaşdırdılar. Bu tədbirlərin nəticəsi olaraq bölgədəki separatçı rejim tarixin arxivinə gömüldü. Ermənistan hakimiyyətinin bilavasitə təşəbbüsü ilə Qarabağ erməniləri öz evlərini tərk edib Ermənistana yollandılar. Heç şübhəsiz, rəsmi İrəvanın bu addımı Qarabağ avantürasını nisgilə daşımaq niyyətinə əsaslanmışdı. Yəni ki, bölgə Azərbaycanın hüquqi və faktiki idarəçiliyi altına düşürsə, ərazinin ermənisizləşdirilməsi xətti götürüldü və həmin xətt bu gün Ermənistan hakimiyyətinin və onun xaricdəki havadarlarının anti-Azərbaycan ritorikasının vacib halqasını təşkil etməkdədir. Guya ki, Qarabağ ermənilərini didərgin salan Azərbaycan olub. ABŞ konqresmeni F.Pallonenin də dediyi elə budur. Bəs, barıtı çox eləmək məntiqi özünü nədə göstərir?
Birləşmiş Ştatların ermənipərəst konqresmeni bildirir ki, ötən il Qarabağa “ölümcül hücum” əmri verməklə, guya Azərbaycan rəhbərliyi beynəlxalq hüququ pozdu və ölkəmizin 120.000 erməninin “tarixi vətənləri”ndən qovulmasına səbəb olmuş soyqırımı kampaniyasının ağır nəticələri ilə üzləşdirilməsi müstəsna ilahi vəzifədir. Fikrini davam etdirən F.Pallone onu da deyib ki, Birləşmiş Ştatların Azərbaycan rəhbərliyini məsuliyyətə cəlb etmək üçün tədbirlər görməsinin vaxtı çoxdan çatıb.
Əlbəttə, F.Pallonenin beynəlxalq hüquq anlayışındakı bəsitliyi vurğulamaq niyyətindən uzağıq. Heç də onu demək istəmirik ki, Birləşmiş Ştatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, konqresmen nədən danışır? Sadəcə, belə yelbeyinlərin necə və hansı yolla ABŞ-ın ali qanunverici orqanında təmsil olunduğu maraqlıdır. Görəsən, ölkədə hər şey bu qədərmi alt-üst durumdadır? Yəqin ki, elədir. Başqa nə düşünəsən?
Bir ölkənin ki, Dövlət Departamenti rəhbərinin köməkçisi Ceyms Obrayn Azərbaycanın İranla münasibətlərinə qarışacaq tərzdə fikir bildirir, o zaman F.Pallone kimilərdən nə gözləyəsən? Yəni, hədsizliyi özlərinə həyat norması seçmiş pallonelərin danışdıqları, həqiqətən də, gülməlidir. Vaşinqton Azərbaycan rəhbərliyini məsuliyyətə cəlb edəcəkmiş? Görəsən, necə? İnanmırıq ki, cənab Pallone bunun mexanizmlərini düşünür. Elə Obrayn da Azərbaycanın əsas hissəsinin Naxçıvanla quru yolunun İrandan deyil, Ermənistan ərazisindən keçməli olduğunu bildirəndə heç bir mexanizmə söykənmirdi. Söykəndiyi ABŞ-ın imperialist yanaşma tərzi idi. Bu yanaşma üçün isə bütün beynəlxalq hüquq normalarına həqarət adidən də adi bir təzahürdür.
Digər tərəfdən, F.Pallone səsləndirdiyi fikirlərlə heç də yenilik etmir. O, son günlər ABŞ-ın anti-Azərbaycan yönümlü siyasi xətti üçün xarakterik olan məqamları qabardır. Nədir bu xarakterik məqamlar? Əlbəttə ki, Azadlığa Dəstək Aktına 907-ci düzəliş və Xarici Yardım Aktının 1976-cı ildən bu yana tətbiq edilməyən 502-ci bəndi. Hər iki məsələ Azərbaycanı Birləşmiş Ştatların birbaşa dövlət yardımından məhrum edən “təşəbbüsdür”.
Doğrudur, ölkəmizin ABŞ-dan yardım almaması maddi baxımından heç nədə özünü göstərən deyil. Yəni, Vaşinqtonun köməyinə onsuz da ehtiyac duymuruq. Məsələ mövzunun siyasi-mənəvi tərəfi ilə bağlıdır. Sırf mənəvi baxımdan yanaşsaq, F.Pallone və onun ermənipərəst dostları Azərbaycanı dünyadan təcrid etməyə çalışırlar. Bu təcriddə ölkəmizdə insan hüquq və azadlıqlarına, guya, etinasız münasibətin mövcudluğuna dair qondarma mahiyyət əsas götürülür. Siyasi nöqteyi-nəzərdən baxdıqda isə burada daha “incə” mətləblər var. Əslində, F.Pallone də həmin mətləbləri açıqlayır. Beləliklə, aydın olur ki, ayının min oyunu bir armudun başındadır.
ABŞ-ın ermənipərəst dairələri Azərbaycanla sülh danışıqları fonunda Ermənistanın, necə deyərlər, əlini gücləndirmək istəyirlər. Hesab edirlər ki, bu yolla İrəvanın maraq və mənafelərini təmin edəcəklər. Diqqət yetirək, Pellone deyir ki, demokratdır. Görəsən bu ampulada özünü necə təsəvvürə gətirir? Çox sadə - sülh danışıqlarında Ermənistanın etibarlı tərəf olacağını sübuta yetirən demokrat kimi. Yəni, bu adamın anlayışındakı demokratizm ermənipərəstlikdən o yana keçmir.
Bəli, demokratiya adına parodiyaya çevrilmiş F.Pallone özü ilə həm də Ermənistanın Müdafiə Aktı deyilən təşəbbüslə çıxış etdiyinə görə öyünür. Öyünsün, biz isə yazının ilk abzasında vurğuladığımız məqama qayıdaq. Söhbət sirkənin öz qabını çatlatmasından gedir. Yəni, sirkə tünd olur ki, qab çatlayır. İndi ABŞ-ın mövcudluğuna şübhə etmədiyimiz mütərəqqi başları düşünsünlər. Düşünsünlər və nəticə çıxarsınlar ki, ölkələrində demokrat adını oyunbazlıq predmetinə çevirmiş şəxslər var və onların “hərəkətləri” bütövlükdə Birləşmiş Ştatların demokratik düşüncə tərzinin son dərəcə ciddi böhranıdır. Onu da düşünsünlər ki, qatığa qara deyən pallonelərə görə ABŞ-ın demokratik imicinə böyük zərbə dəyəcək. Dəyəcək yox, artıq bu proses başlayıb. Heç şübhəsiz, yelbeyin konqresmenlər qaldıqca, gedişat ölkənin onsuz da sarsılmış nüfuzunu, tamamilə, yerlə-yeksan edəcək.
Ə.RÜSTƏMOV
XQ