Avenesov cəfəngiyyatı

post-img

Yaxud hayın “şiə məscidi təəssübkeşliyi”

Deməli, Ermənistanda bəzi qüvvələr var ki, istəkləri Bakı–İrəvan sülh prosesinə maneçilik törətmək, ölkəmizi regionda destruktiv qüvvə olaraq göstərməkdir. Onlar bunun üçün hər cür cəfəngiyyatı dilə gətirməkdən çəkinmirlər. Belələrinin bir zamanlar Azərbaycanın, guya, Qarabağın xristian mədəni irsini məhv etdiyini deyib vay-şivən qopardıqlarını da bilirik. İndi bu əbləhlər həyasızlığın yeni metodunu tapıblar. Məqsədləri isə təkcə nifaq yaradaraq barışa xələl gətirmək deyil...

Deməli, özünü keçmiş “dqr”in mədəni irs ombusdmanı kimi saxta vəzifədə təqdim edən Ovik Avenesov adlı hay bildirib ki, azərbaycanlılar Qarabağdakı İslam dini abidələrini məhv edirlər. Bəli, düz oxudunuz, İslam dini abidələrini. Özü də bu “din təəssübkeşi” həyasızlığın dozasını xeyli artıraraq, sırf şiə məscidinin “məhvi” üzərində dayanıb. Sən demə, dağıdılan məscid Qubadlı rayonunun Əfəndilər kəndində imiş. Bu xəbəri yayan “Novosti Armenii” (news.am) portalıdır. Media qurumu, hətta məscidin şəklini də paylaşıb. Fotoşəkildən aydın görünür ki, tikili həddən artıq köhnədir və ilk baxışdan heç dini abidəyə də oxşamır.

Göründüyü kimi, ümumən, Azərbaycanı gözdən salmaq niyyəti güdülür. Amma konkret məqsədlər də var. Birincisi, ölkəmizin, guya, İslam dini dəyərlərinə etinasız yanaşdığını göstərmək. İkincisi, bir halda ki, vurğu sırf şiə məscidi üzərinə qoyulur, deməli, burada həm də Azərbaycanı İranla konfliktə çəkmək kimi sərsəmlik istisna deyil. “News.am”ın materialındakı daha bir misli görünməmiş cəfəngiyyat isə budur: Guya, Azərbaycan Silahlı Qüvvələri 2020-ci ilin 44 günlük müharibəsi zamanı Şuşadakı Yuxarı Gövhər ağa məscidini də dağıtmışdılar.

Avenesov ağlına gələn başqa şeylərdən də danışıb. Məsələn, o iddia edib ki, Azərbaycanın hərəkəti ölkənin yalnız milli kimlik davası aparmadığını, ümumən dağıdıcı xislətdə olduğunu göstərir. Ruslar demiş, “kаждый судит в меру своей испорченности” (hər kəs öz təfəkkürünün çərçivəsində mühakimə yürüdür). Amma bu hayın üfunət qoxan digər dediklərini diqqətə çatdırmaq niyyətindən uzağıq. Həm də ona görə ki, vurğulamağı lazım bildiyimiz mühüm mətləblər var.

Əvvəla, işğal illərində torpaqlarımızda müsəlman mədəni irsini, məscidlərimizi və digər dini abidələrimizi yerlə-yeksan edən, məscidlərdə donuz saxlayan, onları mal-qara damına çevirən Avenesov kimi allahsızlar olublar. Onların bir qismi Bakı həbsxanalarındadırlar və barələrində çıxarılacaq hökmü gözləyirlər. İkincisi, Azərbaycan dövləti tərəfindən işğaldan azad edilmiş ərazilərdə neçə-neçə məscid inşa olunub, neçə-neçə dini abidənin əsaslı təmiri aparılıb. Üçüncüsü, əsl vandallığı avenesovlar Ermənistan ərazisində törədiblər. Ölkənin müxtəlif bölgələrindəki yüzlərlə müsəlman dininə məxsus abidədən əsər-əlamət yoxdur. Yəni belə bir durumda heç bir hay qırığının danışmağa sözü olmamalıdır. Amma görünür, utanmazlar üçün oynamaq heç nədir.

Sonda qeyd edək ki, “News.am”ın materialının başqa məqsədi də var. Nəzərə alaq ki, yazıda vurğu Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı tikinti və quruculuq işləri üzərinə qoyulur. Hiss olunur ki, Ermənistanda kimlərsə bu fəaliyyətin həddən artıq geniş miqyas almasından çox narahatdır. Onu da nəzərə alaq ki, ölkəmiz tikinti-quruculuq işləri ilə həm də doğma yurda sahibləndiyini göstərir və bu mənada Azərbaycan dünyaya nümunədir.

Bəli, Qarabağda və işğaldan azad edilmiş digər ərazilərimizdəki mövcud durum, yəni misli görünməmiş tikinti-quruculuq bumu Ermənistandakı revanşist və şovinistləri, o cümlədən onları hərəkətə gətirən xarici qüvvələri ciddi şəkildə narahat etdiyi üçün Avenesov kimi əbləhləri danışdırırlar. Danışsınlar, necə deyərlər, it hürər, karvan keçər...

R.ƏVƏZ
XQ

Siyasət