Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 18 yanvar tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 18 yanvar tarixli 17 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 48 (Cild I) ilə təsdiq edilmiş “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü hissədə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına” sözləri “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 23 dekabr tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası” ilə müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin və həmin hissəyə “sanatoriya-kurort yollayışları” sözlərindən sonra “(bundan sonra - yollayış)” sözləri əlavə edilsin.
2. 7-ci hissə aşağıdakı redaksiyada verilsin:
“7. Yollayışların uçotunun aparılması, onlara dair hesabatların təqdim edilməsi, habelə mühasibat uçotu sənədlərinin saxlanılması qanunvericiliklə müəyyən edilmiş qaydada təmin edilir.”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 19 ” “ noyabr ” 2025-ci il
№ 338

