“Gəncəyə gedirəm, yüküm yumurta”
Gəncə – qədimliyi və mədəni irs zənginliyi ilə hər daşında bir tarix, hər küçəsində bir nağıl uyuyan ulu məkan. Bu şəhərin binalarına diqqətlə baxanda, sanki, daşlar dil açır, divarlardan yayılan isti bir nəfəs duyulur. Kimi deyir ki, bu nəfəs illərin yaddaş izləridir. Bəziləri eşidib-bildiyi bilgi ilə söyləyir: “Bu hərarət yumurtanın nəfəsidir”.
Bəli, məsələ məhz yumurta ilə bağlıdır. Xalq arasında deyildiyinə görə, Gəncədə bəzi tarixi binaların tikintisində yumurta ağından bərkidici məhlul kimi istifadə olunub. Bu, nağıl, uydurma deyil, tarixi gerçəkdir, keçmiş sənətkarların məharətindən xəbər verir.
XVII əsrdə tikilmiş “Çökək hamam” nadir tarixi abidə kimi Gəncənin mərkəzində, qədim məhəllələrin qoynunda bu günə gəlib çatıb. Bu hamamın tikintisində o dövrün ustaları adi əhəng məhluluna bir qədər də “can” vermək üçün bu üsula əl atıblar. Hər daşın arası, hər kərpicin birləşməsi daha möhkəm olsun deyə, əhəngə yumurta ağı da qatıblar. Onu da söyləyirlər ki, bu hamamın inşasında 20 minə yaxın yumurtadan istifadə olunub.
Bir anlıq təsəvvür edək ki, o dövrün Gəncəsində bu qədər yumurta nə demək imiş? Broyler yox, toyuq ferması da yox. Hər yumurta ya bir kəndlinin hinindən, ya da bazarın bir küncündəki piştaxtadan gətirilirmiş. Bu qədər yumurta Gəncəətrafı Hacıkənd, Zurnabad, Qızılhacılı, Topalhəsənli kəndlərdən ədəd-ədəd yığılırmış. Hər kənd öz payını verirmiş, sanki, bir səfərbərlik var imiş. Düşünürsən ki, bu hamamın tikintisində nə qədər adamın marağı olub. Bu abidədə minlərlə insanın iştirak payı var.
Sual oluna bilər, niyə məhz yumurta? Təbii ki, o dövrdə indiki anlamda sement yox idi. Əhəng və torpaq məhlulu binanı birləşdirsə də, divarlar uzunömürlü olmurdu. Gəncəli ustalar isə təcrübədə görüblər ki, yumurta ağı əhənglə qarışanda daha möhkəm hörgü əmələ gətirir. Üstəlik, quruduqdan sonra çatlamır, su keçirmir, hamar və parlaq olur. Bu səbəbdən hamamların günbəzi, minarələrin səthi, məscidlərin bəzəyi üçün bu üsuldan istifadə edilirmiş.
Gəncədə təkcə “Çökək hamam” deyil, “Şah Abbas məscidi”, “Cümə məscidi” və bəzi karvansaralar da bu üsulla inşa olunmuşdu. Ustalar belə bərkidicini “yumurtalı əhəng” adlandırırmışlar. Hətta aralarında belə bir deyim də var imiş: Əhəngə can verən yumurta, binaya ruh verən ustadır”.
Gerçəkdə, bir damcı yumurta ağı, binaya uzunömürlük, gətirirmiş. Gəncə ustalarının bu üsulu Avropa memarlarını da təəccübləndirib. Sonralar aparılan araşdırmalar da göstərib ki, belə tikililərdə istifadə olunan məhlulun tərkibi bioloji kalsium və albuminlə zəngindir. Yəni elmi baxımdan da yumurta ağında olan maddələr əhəngi bərkitməyə, onu uzunömürlü etməyə qadirdir.
Maraqlıdır ki, əsrlər keçsə də, həmin məhlul öz dayanıqlılığını itirmir. “Çökək hamam”ın divarlarını bir balaca cızsan, altdan ağappaq bir parıltı görünür. Bu işıq və onun hərarəti nə əhəngdən, nə də daşdan gəlir. Bu, minlərlə yumurtanın bəyazlığı, neçə-neçə kənd camaatının əllərinin izi, nəfəslərinin hərarətidir.
Bu hadisə Gəncədə bir növ xalq hekayəsinə dönüb. Bəzən yaşlı ustalar gənclərə zarafatla deyirlər: “O binanı tikmək üçün Gəncənin bütün toyuqları növbə ilə yumurtladı”. Amma bu zarafatın arxasında bir həqiqət dayanır. Çünki o dövrün insanları təbiətin verdiyi hər neməti dəyərləndirməyi bacarırdılar. Onlar üçün yumurta təkcə qida deyil, yaradıcı zəkanın açdığı sirr, yararlandığı kəşf idi.
Bu gün “Çökək hamam”ın qarşısında dayanıb, divarlarına baxanda, sanki, xəyalında o qədim ustaların əllərinin necə bir möcüzə yaratdığını görürsən. Hər daş, hər naxış bir sənətkarın adını pıçıldayır. Gəncənin o ağ divarlarında adi yumurtanın hikmətindən xəbər verən möhkəmlik yaşayır.
Sonda inanırsan ki, qədim Gəncənin tarixi abidə sayılan binaları təkcə daşdan deyil, insan zəkasından istilik və dözüm almış yumurta ağından yoğrulub.
Əgər o zamanlar şəhərdən gedənlər “Gəncədən gəlirəm yüküm xurmadır”, – deyə çalıb-çağırıblarsa, yəqin, qatarlaşıb “Çökək hamam”a yumurta daşıyan kəndlilər də zümzümə edirmişlər:
Gəncəyə gedirəm yüküm yumurta,
Ustalar yolumu gözləyir orda...
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri



