Transatlantik ittifaqda Avropanın mövqeyi

post-img

Vaşinqton MAGA layihəsi və qitənin liberal nizamı

Son illər dünya siyasətində ciddi dəyişikliklər baş verir. Bu dəyişikliklərdən diqqətəlayiq olanı – ABŞ-da formalaşmış “Amerikanı yenidən böyük et” (MAGA) ideyası artıq Atlantik okeanı aşaraq Avropanın siyasi arxitekturasına nüfuz etməkdədir. Sözsüz ki, nüfuz dedikdə hərbi müdaxilə və ya sərt güc vasitələri nəzərdə tutulmur. Proses daha mürəkkəb, çoxqatlı, incə işlənmiş, mədəni, iqtisadi və siyasi mexanizmlərlə həyata keçirilir. MAGA təsirinin mahiyyətini anlamaq üçün rəsmi Vaşinqtonun məqsədini mövcud liberal nizamın mərhələli şəkildə yenidən tənzimlənməsi kimi dəyərləndirmək lazımdır.

ABŞ-Avropa münasibətlərinin hazırkı mərhələsində qitə transatlantik müttəfiqlə yanaşı, rəsmi Vaşinqtonun yenilənmiş strateji modelinin tərkib hissəsinə çevrilən tərəfdaş obrazı kimi çıxış edir. Bu transformasiyanın zəminini isə Avropa daxilində cərəyan edən çoxşaxəli siyasi və sosial böhranlar təşkil edir. Elə bu səbəbdən MAGA institusional müqavimətlə qarşılaşdığı qədər, Avropanın öz daxili problemləri tərəfindən də gücləndirilir. Uzun müddət müşahidə edilən siyasi fraqmentasiya xarici təsirləri də xeyli gücləndirib. Radikal sağ qüvvələrin üstünlüyü və bir sıra ölkələrdə hakimiyyətə qədər yüksəlməsi seçicilərin Brüssel institutlarına inamının azalması və “Brüssel–Milli hökumət” xəttində artan gərginliklə müşayiət olunur. Üzv dövlətlər arasında xarici siyasət və enerji məsələlərində fikir müxtəlifliyi, habelə təhlükəsizlik sahəsində strateji vahid xəttin olmaması Avropanı koordinasiya çatışmazlığı ilə üz-üzə qoyur. Bu isə MAGA ideyasının Avropada daha rahat yayılmasına gətirib çıxarır. Çünki ABŞ-ın bəzi siyasi dairələri qitədəki mövcud narazılıqları təhlil etməklə həm də onları yönləndirir. Bu kontekstdə, qitədə millətçi və antiliberal tendensiyaların mərkəzi siyasətə inteqrasiyası həm daxili dinamikaların nəticəsi, həm də transatlantik siyasi diskursun transformasiyası kimi qəbul olunur. Yeri gəlmişkən, təsir modeli 3 əsas mərhələdən ibarətdir: Aradan qaldırma, çevirmə və tabeetmə.

Mötədil siyasətin sıxışdırılması

Bu mərhələ əsasən siyasi mərkəzin zəiflədilməsi və mütərəqqi mövqelərin marginallaşdırılması üzərində qurulur. Yada salaq ki, ötən il Avropa Parlamentində keçirilən seçkilərinin nəticələri sağ radikal blokların artan təsirini təsdiqlədi. “Avropanın vətənpərvərləri” ittifaqının yüksəlişi və İşçilərin sosial identifikasiya nömrəsinin (ESN) genişlənməsi faktiki olaraq “Qoca qitə”nin siyasətinin diskursunu sağa doğru çəkdi. Artıq İtaliya, Slovakiya və Niderland kimi ölkələrdə sağçı xətt dövlət siyasətinin əsas yol göstəricisinə çevrilib. Prosesin MAGA ilə bağlılığı ondadır ki, ABŞ-dakı sağ populist xətt Avropada ideoloji strukturlar üçün motivasiya və legitimlik yaradır. Bu da bir növ “diskurs ixracı” kimi dəyərləndirilə bilər.

İqtisadi müstəvinin yeniləşdirilməsi

İqtisadi çevirmə mərhələsi Avropanın strateji istiqamətlərinin daha sıx şəkildə ABŞ-la uyğunlaşdırılmasına əsaslanır. İnflyasiyanın Azaldılması Aktı (IRA) yaşıl sənaye investisiyalarını Vaşinqtona yönəldərək qitənin istehsal sektorunu yeni rəqabət riskləri ilə üzləşdirir. Aİ-nin NZIA və EDIS kimi təşəbbüsləri bu boşluğu doldurmağa çalışsa da, struktural olaraq hələ yetkin deyil.

ARAYIŞ: Aİ-nin Sıfır Emissiyalı Sənaye Aktı (NZIA) və Avropa Əmanətlərin Sığorta Sistemi (EDIS) təşəbbüsləri mahiyyət etibarilə qitənin həm sənaye-iqlim siyasətində, həm də maliyyə-bank təhlükəsizliyində yeni mərhələyə keçidi ifadə edən iki strateji sütundur. NZIA vasitəsilə Brüssel yaşıl enerjidən hidrogen istehsalına, Günəş panellərindən tutmuş batareya texnologiyalarına qədər bütün sahələrdə daxili istehsal gücünü artırmağı, strateji materiallar üzrə asılılıqları azaltmağı və Avropa sənayesini ABŞ və Çinlə rəqabətdə zəiflətməmək üçün əlavə dəstək mexanizmləri yaratmağı hədəfləyir.

NZIA Avropanın enerji, iqlim və sənaye siyasətlərini bir çətir altında birləşdirərək kontinentin yaşıl texnologiyalar üzrə qlobal güc kimi mövqeyini möhkəmləndirməyə çalışır. EDIS isə Aİ Bank İttifaqının çatışmayan həlqəsi sayılır və onun məqsədi Avropa bank sistemində əmanətçilərin təhlükəsizliyini vahid, ümum-Avropa sığorta mexanizmi vasitəsilə təmin etməkdir. Bu təşəbbüs həm bank böhranları zamanı domino effektinin qarşısını almağa yönəlib, həm də Aİ daxilində maliyyə sabitliyinin yaradılmasını hədəfləyir. Eyni zamanda, cari ildə tətbiq edilən universal tariflər də qitəyə açıq mesaj verir ki, ABŞ-dan iqtisadi xətt üzrə fərqlənmək baha başa gələ bilər.

Tabeetmə, yaxud təhlükəsizlik arxitekturasının yenidən qurulması

Bu mərhələ daha çox NATO ilə bağlı ritorikada özünü büruzə verir. Donald Trampın keçmiş bəyanatları Avropa təhlükəsizlik planlaşdırmasını ABŞ-da seçki dövrlərinin dəyişkənliyindən asılı vəziyyətə salır. Belə olan halda qitə təhlükəsizlik arxitekturasını öz daxilində formalaşdırmaq əvəzinə, Vaşinqtonun siyasi atmosferinə uyğun şəkildə tənzimləməyə məcbur qalır. Bu isə Avropanın özünün strateji muxtariyyəti barədə sualları artırır.

Bir məqamı da qeyd edək ki, MAGA təsirinin ən diqqətəlayiq tərəflərindən biri mədəniyyət müharibəsinin transatlantik ölçüdə formalaşmasıdır. Budapeştdə Mühafizəkar Siyasi Fəaliyyət Konfransı (CPAC), Madriddə “Make Europe Great Again” (MAGA) forumu və digər platformalar vasitəsilə yeni ideoloji infrastruktur yaradılır. ABŞ-dakı konservativ institutların qitədəki fəaliyyətləri nəticəsində ortaq diskurs, donor şəbəkəsi və ideoloji xətt ortaya çıxır, bu isə Avropada siyasi və sosial debatları yeni çərçivəyə salır. Qitə üçün yaranan bu reallıq göstərir ki, Avropa Atlantikdən gələn normativ çərçivə əsasında yenidən təşkil olunur və proses siyasi qərarvermə mexanizmlərini dəyişdirir. Rəsmi Vaşinqtonun bu modeli ixrac etməsinin əsas motivləri həm də iqtisadi və geostrateji xarakter daşıyır. Qlobal rəqabətdə üstünlüyünü qorumaq istəyən ABŞ üçün vacibdir ki, Avropa siyasi və iqtisadi baxımdan uyğunsuz bir platformaya çevrilməsin. Nəzərə alınmalıdır ki, iqtisadi dövlətçilik modeli tərəfdaş regionlar strateji uyum təmin etdikdə effektiv olur. 2025-ci ilin tarif siyasəti göstərdi ki, uyğunsuzluq halında ABŞ ciddi iqtisadi rıçaqlardan istifadə edə bilər. Əsas məqsəd iqtisadi nizamın sərt, lakin strukturlaşdırılmış tənzimlənməsidir.

Beləliklə, bu gün Avropada gedən proseslər gələcək güc mərkəzinin harada formalaşacağına qərar verir. Şübhəsiz, antiamerikanizm alternativ ola bilməz. Avropanın ehtiyacı öz cazibə mərkəzini qoruyub saxlamaq, bərabərhüquqlu tərəfdaşlıq yaratmaq və praqmatik əməkdaşlıq modeli formalaşdırmaqdır. Rəsmi Vaşinqton isə loyal tərəfdaşlarının sayını artırmaqda maraqlıdır.

Nəzrin ELDARQIZI
XQ

Siyasət