İrəvan itirəcəklərinin fərqində deyil

post-img

Baş nazir qətiyyət göstərməsə, son şans da əldən çıxa bilər 

2023-cü ilin Hayastan baş naziri Paşinyan üçün hakimiyyətdə olduğu 5 il müddətində ən həlledici mərhələ kimi yadda qalacağı şübhə­sizdir. Bütün müstəvilərdə üzləşdiyi reallıq ondan xəbər verir ki, o, ölkəsini düşdüyü siyasi-iqtisadi dalandan çıxarmaq, sabit inkişaf yoluna salmaqdan ötrü məhz bu ilin sonunadək qətiyyətli qərarlar qəbul etməlidir. Əgər Paşinyan sələflərindən fərqli olaraq, Ermə­nistanın gələcəyi ilə bağlı ciddi düşünürsə, bu halda, Azərbaycanla sülh sazişinin imzalanmasını ləngitməməlidir. Bakı hələ ilin əvvə­lində yeni təşəbbüslərin yer aldığı sülh paketini danışıqlar masası üzərinə qoyub. İntəhası, Paşinyan iqtidarı həmin təşəbbüslərin heç də sonsuzluğa qədər danışıqlar masasının üzərində qalmayacağını anlamalı və son şansını düzgün qiymətləndirməlidir.

* * *

“Zəngəzur dəhlizi layihəsi (Ermə­nistan ərazisindən keçən – red) artıq bizim üçün öz aktuallığını itirib”. Bunu “Politico”ya Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasi­yasının xarici məsələlər üzrə şöbəsi­nin müdiri Hikmət Hacıyev söyləyib. Onun sözlərinə görə, indi Bakı oxşar layihəni Tehranla həyata keçirməyə hazırlaşır. Söhbət İran ərazisindən Naxçıvana və oradan da Türkiyəyə nəqliyyat çıxışından gedir. Amma bu zaman H.Hacıyev onu da bildirib ki, Azərbaycan həmin nəqliyyat çıxışını Ermənistan üzərindən təmin edəcək Zəngəzur dəhlizini də hesabdan sil­mir. “Əgər bu layihə qüvvədədirsə, bəli, nəzərə alınacaq, yox əgər gündə­likdən şıxıbsa, onda lap yaxşı. Layihə hələ də masanın üzərindədir, amma ABŞ tərəfindan, həqiqətən də, bunda maraqlı olduğunu nümayiş etdirmə­si tələb olunur”. Avropanın tanınmış nəşri H.Hacıyevlə müsahibəsindən sitat gətirir: “Azərbaycan Zəngəzu­ru ələ keçirməyi planlaşdırmır. Bizim gündəliyimiz nəqliyyat əlaqələrinin və kommunikasiyaların inşasını yalnız ikitərəfli fəaliyyət çərçivəsində həyata keçirməkdir”.

Bir qədər əvvəl İranla razılaşma çərçivəsində Azərbaycan tərəfi qonşu ölkənin ərazisindən keçəcək yeni yolun inşasına başlayıb. Hərçənd Ermənistan və Azərbaycan arasında da nəqliyyat əlaqələrinin bərpasına ümidlər var. 

Yeri gəlmişkən, Prezident İlham Əliyev dünən Horadiz–Cəbrayıl–Zən­gilan–Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikin­tisi işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzala­yıb. Həmin sərəncamla yeni yolun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikin­tisi işlərinin davam etdirilməsi məqsə­dilə Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14 (on dörd) milyon manat ayrılıb.

ARAYIŞ: Araz çayının cənub sahi­lindən, Ermənistandan yan keçməklə, İran ərazisindən Naxçıvana və Tür­kiyə sərhədinə çıxışı təmin edəcək yol uzunluğuna görə Zəngəzur dəhlizindən az fərqlənir. Arazın şimal sahilindən, Ermənistandan keçəcək dəmir yolunun uzunluğu 42, İran ərazisindən salına­caq dəmir yolu isə təxminən, 50 kilo­metr olacaq. Ortadakı fərq 8 kilometr və iki körpüdür. 

* * *

“Ermənistan və Türkiyə nümayən­dələri arasında aparılan danışıqlar­da əldə olunan razılaşmaların həyata keçirilməsinə ümid edirik”. Bunu Er­mənistan baş naziri Nikol Paşinyan oktyabrın 30-da parlamentin iclasında deyib. O xatırladıb ki, bu razılaşma üçüncü ölkə vətəndaşları və diploma­tik pasportlara malik olan şəxslər üçün sərhədlərin açılmasına aiddir. “Sərhəd infrastrukturu ilə bağlı mühüm işlər gö­rülüb. Biz “Marqara” keçid məntəqəsi­ni yenidən təchiz etmişik və artıq belə proseslərə hazırıq”, – deyə N.Paşin­yan əlavə edib.

Milli Məclisin deputatı Rasim Mu­sabəyov qəzetimizə açıqlamasında qeyd edib ki, İrəvan bütün mümkün üsullara əl atmaqla vaxtı uzatmağa çalışır: “İndiki vəziyyətdə Ermənistan zəifdir və onu himayə edənlərin də köməklik etməsi imkanları məhduddur. Guya, belə bir vəziyyətdə imzalanmış sənəd, yaxud götürdüyü rəsmi öhdəlik Ermənistanın ziyanına olacaq. Yəni, bununla da deyirlər ki, gəlin mövcud vəziyyəti hər vəchlə qoruyub saxlayaq və vaxt udaq. Bəlkə, nəsə baş verdi. Bunlar hesab edirlər ki, vaxtı uzadaraq bir tərəfdən özlərini yazıq kimi apara­caq, o biri tərəfdən isə bütün dünyadan “təhlükəsizliklərinə təminat”, “qaçqın­lara” humanitar yardım dilənməyə gi­rişəcəklər. Üstəlik, Azərbaycanın “hərbi təcavüzə hazırlaşdığı” barədə nağılları uydurmaqla, beynəlxalq rəylə manipul­yasiya etməklə nəyəsə nail olacaqlarını düşünürlər. Ümumiyyətlə, bunlar baxdı­lar ki, Kosovada gərginlik oldu, NATO, Avropa Birliyi qarışdı, bunların da ümid­ləri artdı. Vaxtilə ümidləri ondan ibarət idi ki, gərginlik olacağı halda ABŞ və Rusiya Cənubi Qafqaza müdaxilə edə­cəklər. Daha anlamırlar ki, artıq ABŞ və Rusiya müdaxilə etməyəcək, ümumiy­yətlə, heç kəs müdaxilə etməyəcək və edə də bilməz”. 

Rusiya Baş nazirinin müavini Alek­sey Overçukun İrəvanın dəhliz və yollar­la bağlı qəti mövqeyinin formalaşmadığı barədə açıqlaması da maraqla qarşıla­nıb. O, bu məsələdə Hayastan baş na­zirini açıq mətnlə qınayıb: “Meğridən keçməsi planlaşdırılan yolla bağlı Ermə­nistanın hələlik dəqiq mövqeyi yoxdur. Təbii olaraq ortaya belə bir sual çıxır: bü­tün münasibətlərdə özü üçün faydalı və gəlirli bir layihənin reallaşmasında İrə­van nə üçün inadkarlıq göstərməkdə da­vam edir? Ermənistan ərazisindən Araz çayının sahili ilə dəmir yolu və avtomobil yolunun praktiki bərpası məsələsini Bakı ilə müzakirəsinə başlamaq üçün dəqiq ifadə olunan mövqeyi yoxdur”. 

Nəhayət, Rusiya isteblişmenti də Zəngəzur dəhlizinin açılmasının lən­giməsində Paşinyan hakimiyyətini bir­başa qınamaqdan çəkinmir. Kremlin öz maraqlarını güddüyü və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın Azərbaycanın qərb rayonlarından Nax­çıvana nəqliyyat kommunikasiyasının açılmasının qeyd olunduğu doqquzun­cu bəndi məhz icra olunmamış qaldığı­na görə Bakı özünə alternativ marşrut seçməyə üstünlük verdi. İndi itirən kim olacaq? Yalnız Ermənistan!

* * *

Mövzu ilə bağlı “Caliber.az”-a şərh verən qazaxıstanlı analitik Kazbek Bey­sebayev xatırladıb ki, Zəngəzur dəhlizi bütün Türk dünyasının qırılmış əlaqələ­rini bərpa edə və konkret olaraq Azər­baycanla Türkiyə və Orta Asiya ölkələri arasında möhkəm körpü sala bilər:

“İran bu layihəyə qarşı çıxmaqla, guya, Türk dövlətlərinin inteqrasiya­sına mane olur. Amma, əslində, Teh­ran, əksinə, Azərbaycanın Türkiyəyə nəqliyyat çıxışını təmin etməkdən ötrü öz ərazisini təklif edib. Əlbəttə, pulsuz tranzıt olmur və burada yerli ölkə üçün böyük fayda var. Böyük nəqliyyat dəh­lizlərinin keçdiyi başqa ölkələrin tim­salında bunu yaxşı bilirik. İran tranzitə münasibətdə, ilk növbədə, özünün iqti­sadi və siyasi maraqlarından çıxış edir. Burada biznes və siyasət çulğaşır”. Ermənistanın özünün coğrafi vəziyyə­tindən yararlanmalı olduğunu deyən K.Beysebayev İrəvanın bundan yalnız qazanacağına, əks təqdirdə, çox şey­dən məhrum olacağına diqqəti çəkir: “Aydın məsələdir ki, Zəngəzur dəhlizi Ermənistan büdcəsini sabit və uzun­müddətli gəlirlə təmin edə bilər. Açı­ğını demək lazımdır ki, yükdaşımanın həcmi nə qədər artacaqsa, xəzinəyə daxil olan pul da bir o qədər çoxalacaq. Amma, hər şeydən göründüyü kimi, İrə­van özü üçün faydalı layihədən könüllü surətdə imtina edir”. 

Əgər Ermənistanın sərgilədiyi si­yasi mövqeyinin arxasında digər xarici siyasət oyunçuları durmasaydı, yəni ix­tiyarı bütünlüklə öz əlində olsaydı, biz Paşinyandan tamamilə fərqli, sağlam qərarların qəbulunu gözləyə bilərdik. Çox təəssüf ki, həm Türkiyənin, həm də İranın Avrasiya regionuna təsirlərinin güclənməsindən əndişələnən ABŞ, Av­ropanın aparıcı dövlətləri prosesin “qar­şısını almaq üçün” Erməniastandan hələ də maşa kimi istifadə etməyə ça­lışırlar. Son vaxtlar İrəvanın Rusiyadan kəskin surətdə üz çevirməsini, daha çox Qərbə istiqamətlənməsini məhz bu prizmadan müşahidə etməliyik. Paşin­yan hakimiyyətinin həm şərqli, həm də qərbli tərəfdaşlarından özünə təhlükə­sizlik və maliyə təminatı tələbinə də bu nöqteyi-nəzərdən baxmağımız doğru olar. Hazırda ona bu təminatı heç kəs verə bilməz. Bunu yaxşı anlayan İrəvan indi “papağını qabağına qoyub” itirə­cəkləri ilə qazana biləcəklərinin nisbə­tini hesablasın. 

 

İmran BƏDİRXANLI
XQ





Siyasət