Bakıda “Türkiyə yüzili” təntənəsi

post-img

Oktyabrın 29-da Bakıda Heydər Əliyev Mərkəzində Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.Tədbirdə Milli Məclisin Sədri Sahibə Qafarova, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Milli Məclis Sədrinin müavinləri, deputatlar, dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Türkiyənin ölkəmizdəki səfirliyi tərəfindən təşkil olunan rəsmi qəbul­da Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildikdən sonra S.Qa­farova çıxış edib. O, əvvəlcə Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə Azərbaycan Respublika­sının Prezidenti cənab İlham Əliyevin səmimi təbriklərini və ən xoş arzularını tədbir iştirakçılarına çatdırıb. 

Sədr vurğulayıb ki, 100 il öncə Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Qurtuluş savaşının qazanılması və Türkiyə Cümhuriyyətinin qurulması iyir­minci əsr dünya tarixinin ən önəmli ha­disələrindən biri olmuşdur. Ötən dövrdə Türkiyə dünyəvilik və demokratiya kimi təməl prinsiplərə əsaslanmaqla cəmiy­yət və dövlət həyatının bütün sahələ­rində heyrətamiz inkişaf yolu keçmişdir. Qeyd edib ki, xüsusən son iyirmi ildə böyük siyasi və dövlət xadimi, Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rə­cəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qardaş ölkə möhtəşəm uğurlara imza atmışdır. Türkiyə zəngin iqtisadi, siyasi, hərbi, intellektual, mənəvi potensialı ilə fəxr edə bilər. Bu gün Türkiyə Cümhu­riyyəti dünyanın ən nüfuzlu və qüdrətli dövlətlərindən biridir. 

Sahibə xanım ölkələrimiz arasında münasibətlərin ulu öndər Heydər Əliye­vin ifadə etdiyi “bir millət, iki dövlət” prin­sipi üzərində qurulduğunu xatırladıb. Qeyd edib ki, möhtərəm Prezidentimi­zin dediyi kimi, “Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır”. Xalqlarımızın bu birliyinin XX yüzilin əvvəllərində Çanaqqala sa­vaşında, Azərbaycanda və paytaxt Ba­kıda erməni-bolşevik dəstələrinə qarşı döyüşlərdə, üç il öncə işğalçı Ermənis­tana qarşı 44 günlük Vətən müharibə­sində, bu ilin sentyabr ayında Qarabağ­da antiterror tədbirlərində sınaqlardan çıxdığının şahidi olmuşuq.

S.Qafarova 2021-ci ilin iyun ayında Türkiyə və Azərbaycan prezidentlərinin imzaladıqları Şuşa Bəyannaməsi qar­daşlıq və dostluq münasibətlərimizi ən yüksək zirvəyə – müttəfiqlik səviyyəsinə yüksəltdiyni məmunluqla qeyd edib.

Parlamentin Sədri Prezident Rə­cəb Tayyib Ərdoğanın “Türkiyə yüzili” baxışının həyata keçirilməsinin bundan sonra da Cümhuriyyətə daha böyük nailiyyətlər qazandıracağına əminliyini bildirib. 

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər