“Demokratik” Ermənistanda 50-dən çox siyasi məhbus var

post-img

Paşinyan hakimiyyətdə olduğu 5 ildə bir dəfə də amnistiya elan etməyib

Azərbaycan Ordusunun sentyabrın 19–20-də ölkəmizin Qarabağ iqtisadi rayonunun separatçı xunta rejiminin nəzarətində olan ərazilərində keçirdiyi lokal xarakterli antiterror tədbirləri Ermənistanda etiraz aksiyalarının keçirilməsi ilə müşayiət olundu. 

Paytaxt İrəvanda küçələrə çıxan insanlar Azərbaycanın beynəlxalq sə­viyyədə tanınmış ərazilərində öz suve­renliyini bərpa etməsinə qarşı əsassız ittihamlar irəli sürdülər. Müxalifət isə hadisələrə kortəbii etirazlarını bildirən kütlələri mütəşəkkilləşdirmək, onlardan öz mənafeyi üçün istifadə etmək istədi. Bu məqsədlə konkret ünvanlarda bəlli saatlarda mitinqlər təyin edildi. Ancaq Nikol Paşinyan iqtidarı sərt mövqe tu­taraq, ilk günlərdə icazəsiz aksiyaları dağıtdı, iştirakçıları həbs etdirdi. Son­rakı günlərdə icazəli aksiyalara çıxan­ların sayı isə get-gedə azaldı. Beləliklə, etiraz aksiyaları sentyabrın sonunadək fiaskoya uğradı.

Ancaq sentyabrın 19-da başla­nan aksiyalarda həbs olunanlar hələ də azadlığa buraxılmayıblar. Söhbət 18–25 yaş arasında olan 44 erməni gəncindən gedir. Bununla bağlı “Qolos Armenii” qəzetində dərc olunmuş yazı­da qeyd edilir ki, onların əksəriyyəti son bir ayda tədris prosesindən xeyli geri qalan tələbələrdir. Vəkil Ovanes Xudo­yan bildirib ki, əgər bu həbslər 5 il əvvəl baş versəydi, “Vətəndaş cəmiyyəti” ad­lanan təbəqənin nümayəndələri bütün dünyada hay-küy salardılar. Bu gün isə erməni cəmiyyəti susur: “Yüzlərlə həm­yaşıdları arasında bu 44 fəal sentyab­rın 19-da hökumət binası yaxınlığında keçirilən mitinqdə, eləcə də sonrakı günlərdə küçələrin blokadaya alınma­sında iştirak etdiklərinə görə saxlanılıb­lar. Saxlanıldıqdan sonra barələrində həbs-qətimkan tədbiri seçilib və onlar hələ də həbsdədirlər.

Vəkilin açıqlamaları Ermənistanda mövcud siyasi vəziyyəti əks etdirmək baxımından əhəmiyyət daşıyır. Belə ki, onun sözlərinə görə, özünü “Vətəndaş cəmiyyəti” kimi təqdim edən qrantyeyən təşkilatların nə üçün susduğunu başa düşmək olar – onlar Paşinyanın maraq­larına xidmət edirlər. Amma müxalifətin həbs olunanların azadlığa buraxılması tələbi ilə ay ərzində bir dəfə də olsun piket və mitinq keçirməməsinin səbəbi aydın deyil: “Niyə Vazgen Manukyan və Andranik Tevanyan uşaqlarla bağlı seçilmiş həbs-qətimkan tədbirinin də­yişdirilməsi tələbi ilə sutkalıq etiraz ak­siyaları təşkil etmədilər? Nə üçün həbs olunanların qohumları və kurs yoldaş­ları bu aksiyalarda iştirak etmək üçün səfərbər olunmayıb?

Xudoyan hesab edir ki, sentyabrın 19-da hökumət binası yaxınlığında küt­ləvi iğtişaş olmayıb. Belə ki, Qarabağ­dakı hadisələrdən şoka düşən etirazçı­lar arasında təxribatçıların olması faktı “Qolos”da və digər media subyektləri­nin yazılarında dəfələrlə qeyd olunub: “Görünən odur ki, gənclərin həbsi üçün əsaslar qəsdən şişirdilib. Gənclər azad­lıqda olsalar, çətin ki, istintaqa müdaxilə etsinlər və ya polisin “düzgün” ifadə almasına mane olsunlar. Bu səbəbdən onların həbsdə saxlanması üçün heç bir əsas yoxdur”.

Vəkil Paşinyanın iqtidara gəlməz­dən əvvəlki dövrlə indikini müqayisə edib və belə bir nəticəyə gəlib: “Beş il əvvəl belə həbslər İrəvanın ən azı ya­rısını küçələrə çıxarardı. Rejimin idarə etdiyi illərdə erməni cəmiyyəti tanınmaz dərəcədə dəyişib. Media subyektləri vaxtaşırı “Zatik” uşaq yardım mərkəzin­də baş verən zorakılıq faktları ilə bağlı ictimaiyyəti məlumatlandırır. On beş yaşlı yeniyetmənin təcavüzə məruz qal­ması ilə bağlı sonuncu xəbər oktyabrın 6-da yayılıb. Ona qədər də mediada ha­milə yeniyetmə qızlarla bağlı məlumat­lar öz əksini tapıb. Sosial təminat naziri hara baxır? Niyə tədbir görülmür, niyə “demokratiya qalası”nda uşaq zorakılı­ğı çiçəklənir?!”

Qeyd edilib ki, N.Paşinyan öyünür: “Deyirlər, o, bir neçə gün ərzində 100 mindən çox insanı qəbul edə bilməklə dünyanı təəccübləndirib. Ancaq Qa­rabağdan olan uşaqların məktəblərin bədən tərbiyəsi məşğələsi zallarında gecələməyə davam etdiklərini ancaq müxalifət telekanallarının reportaj­larından öyrənmək olar. 18-25 yaşlı gənclər qeyri-qanuni həbsdə saxlanılır, cəmiyyət onların azadlığa buraxılması və tədrisə qayıtması üçün mütəmadi piketlər keçirmək əvəzinə susur. Ola bilsin ki, universitet rektorları 19 sentyabr aksiyasında və sonrakı günlərdə küçələrin blokadasında iştirak etdiklə­rinə görə məhkəmənin qərarı ilə həb­sdə olan şəxslərin ali məktəblərdən xaric olunması tələbi ilə artıq milli təh­lükəsizlik xidmətindən göstəriş alıblar. Rejim başqalarının “tərbiyəsi üçün” universitetləri siyasi fəal tələbələrdən məhrum etməyə çalışır...”

Yazıda qeyd olunur ki, erməni cə­miyyətində qəddarlığın və laqeydli­yin dərəcəsi artmaqda davam edir. Belə ki, etirazlarda iştirak etdiyinə və “Facebook”da paylaşım etdiyinə görə həbsdə olan 34 yaşlı iki uşaq anası, Qarabağdan getmiş Tatev Virabyanın huşunu itirməsi xəbəri ictimaiyyətdə zərrə qədər də emosiya doğurmayıb. Bildirilir ki, Tatevin qardaşı İkinci Qara­bağ müharibəsində həlak olub. Gənc qadının həbs müddətinin uzadılmasına isə yalnız “Facebook”da reaksiya veri­lib.

Qəzet belə bir nəticəyə gəlir ki, 44 etirazçını siyasi motivlərlə həbs etmək­lə Paşinyan küçə mübarizəsinin geniş­lənməsinin qarşısını almaq istəyir. Vəkil O.Xudoyan isə həbs olunanların dəqiq sayını açıqlamaqda israr etmir. Belə ki, həbsdəkilərin sayı, əslində, daha çoxdur: “Bura İrəvan meri Tiqran Avin­yandan fərqli olaraq, de-fakto Vanadzor şəhərinin meri seçilmiş Mamikon Aslan­yanı, sabiq elm və təhsil naziri, Respub­lika Partiyası sədrinin müavini Armen Aşotyanı, generallar Qriqori Xaçaturovu və Mikael Arzumanyanı, Ermənistanın ikinci prezidentinin oğlu Levon Koçar­yanı, fəal Tatev Virabyanı da əlavə edin. Ermənistanda 50-dən çox siyasi məh­bus var. Təəssüf ki, cəmiyyət bu fakta da “Zatik” mərkəzində uşaqlara edilən zorakılıq kimi etinasız, laqeyd yanaşır”.

“Ermənistanın səsi” qeyd edib ki, bu günlərdə kiçik Koçaryanın həbs müd­dətini uzatmış hakim Masis Melkonyan özü pul oğurluğu (mənimsəmə) üzrə ci­nayət işində şübhəli bilinir. Bununla belə ədalət mühakiməsi adı altında özbaşı­nalıq edir: “Ölkədə hər gün və hər yerdə hüquqi xaos hökm sürür, onun memarı (Paşinyan nəzərdə tutulur–S.H.) isə Av­ropada gurultulu alqışlarla qarşılanır... Çünki erməni cəmiyyəti susur, başını dəvəquşu kimi qumun içində gizlədir ki, bu özbaşınalıqları görməsin”.

* * *

Ermənistanda hökm sürən vəziyyət­lə bağlı “Panorama.am” saytında dərc olunmuş məqalədə də maraqlı məlumat­lar öz əksini tapıb. “Ermənistandakı sis­tem Pinoçet və Pol Pot dövrünün “ədalə­tini” xatırladır” sərlövhəli məqalədə qeyd olunub ki, həbs qətimkan tədbiri kimi deyil, cəza tədbiri kimi və bir qayda ola­raq, hakim rejimin istefasını tələb edən siyasi xadimlərə münasibətdə tətbiq edi­lir: “2022-ci il iyulun 1-də Cinayət-Pro­sessual Məcəlləsinnə ev dustaqlığı ilə bağlı maddə daxil edilib. Hakim “verxuş­ka” bütün künc-bucaqda qışqırırdı ki, bu tədbirdən istifadə həbs-qətimkan tədbiri seçilmiş şəxslərin sayını azaldacaq. Hö­kumət özünü məhkəmə-hüquq sistemi­nin islahatçısı kimi göstərirdi. Lakin bir il üç aydan sonra erməni sistemi Pinoçet və Pol Pot dövrlərinin “ədalətini” xatırla­dır. Ancaq həmin diktatorların dövründə insanlar yüksək səslə cəsarətli söz de­diklərinə görə həbsxana kameralarına atılırdılarsa, bu gün “Facebook”da yazı yazdıqlarına və rejimin devrilməsi tələ­bi ilə etiraz aksiyalarında iştirak etdik­lərinə görə həbs olunurlar. Beş il əvvəl qeyri-demokratik hökumət dövründə “Rədd olsun Serj!” deyən bir nəfər belə həbs olunmamışdı. Bu gün küçəyə çıxıb “Rədd olsun Nikol!” deyib qışqırsanız, dərhal özünüzü polis maşınında tapa­caqsınız. Orada sizi beyin silkələnmə­sinə qədər döyəcəklər, sonra da polis şöbəsində diaqnozu “təsdiq edəcəklər”. Burada sizi vəkil gələnə qədər döyməyə davam edəcəklər və bəxtiniz gətirməsə, vəkili də döyəcəklər. Belə hallar çox olur”.

Sayt bildirib ki, Ermənistan həbsxa­naları dolub, ən pis vəziyyət “Armavir” cəzaçəkmə müəssisəsindədir. Artıq yeni həbsxananın tikintisi ilə bağlı xə­bərlər yayılıb. Vəkil Raffi Aslanyan bə­yan edib ki, demokratik islahatlar kur­su elan edən ölkədə 5 ildə bir dəfə də olsun amnistiya elan olunmayıb. Onun sözlərinə görə, bu, demokratik ölkələr üçün görünməmiş bir hadisədir. Vəkilin sözlərinə görə, Ermənistanda hakim­lər prokurorluğun və ittiham tərəfinin əlavələrinə çevrilib və həbslərin sayı narahatlıq doğurmaya bilməz.

Göründüyü kimi, demokratik cəmiy­yət quracağı vədi ilə hakimiyyətə gələn və müharibədə məğlub olmasına bax­mayaraq, 2021-ci ildə onu yenidən öz əlində saxlayan N.Paşinyan ölkəni zo­rakı, qəddar metodlarla idarə edir. Qər­bin insan haqları üzrə ixtisaslaşdığını bəyan edən institutları isə özlərini gör­məzliyə vururlar. Bunun özü də Qərb dairələrinin ikili standartlarının və riya­karlığının göstəricisidir.

Azər HƏSRƏT
siyasi şərhçi:

– Paşinyanın Qərbdəki hava­darları onun ölkə daxilində həyata keçirdiyi həbslərə göz yumurlar. Er­mənistanda faktiki çox sayda siyasi məhbus olsa da, bu ölkəyə müna­sibətdə siyasi məhbus məsələsi hər zaman arxa plana keçirilib. Bu da ondan irəli gəlir ki, Paşinyan Qərbin siyasi məktəbindən çıxmış biridir. Lider kimi yetərincə təcrübəli, necə deyərlər, bişmiş biri deyil. Amma istər-istəməz onların adamıdır. Ona görə də onun dövründə Ermənis­tanda siyasi məhbusların olmasına göz yumulur.

Bunun özü ondan xəbər verir ki, Azərbaycan ictimaiyyətinin iki­li standartlar barədə dedikləri boş sözlər deyil. Biz illərdir ki, Qərb dairələrinin Azərbaycanla Ermənis­tana fərqli yanaşdıqlarını bildiririk. Azərbaycanda ən adi hadisəni şişir­dərək dünyaya car çəkən həmin qu­rumlar Ermənistanda bu qədər zo­rakılıqlar, həbslər olduğu halda heç səslərini də çıxarmırlar. Təbii ki, bu da ikili standartların daha bir bariz nümunəsidir. Buradan çıxan digər nəticə odur ki, əgər Qərbin adamı hakimiyyətdədirsə, o, Qərbdən heç bir təpki görməyəcək.

 

Səxavət HƏMİD,
XQ



Siyasət