Gürcüstan və Qazaxıstan Orta Dəhlizdə də Azərbaycanın tərəfdaşına çevrilib

post-img

Yeni marşrutun əsasını bu 3 ölkə 9 il əvvəl qoyub 

Gürcüstan və Qazaxıstan arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı və səmərəliliyinin artırılması ilə bağlı imzalanan saziş hər iki ölkənin dəmir yolunda təhlükəsizliyini təmin etmək, qlobal ticarət və nəqliyyatda bu dövlətlərin gələcək mövqelərini gücləndirmək məqsədi daşıyır. 

Mərasimdə qeyd edilib ki, Orta Dəh­lizin 2022–2027-ci illər üçün Yol Xəritə­si 2022-ci il noyabrın 25-də Transxəzər Nəqliyyat Dəhlizinin inkişafı məqsədilə Gürcüstan, Qazaxıstan və Azərbaycan nümayəndələri arasında Aktauda keçi­rilən görüşdə imzalanıb.

Yeri gəlmişkən, Orta Dəhlizin reallaş­dırılmasına başlandığı vaxtdan etibarən Qazaxıstan bu təşəbbüsü fəal şəkildə dəstəkləyib, bu istiqamətdə genişmiq­yaslı layihələrin icrasını diqqətdə saxla­yıb. Respublikamızın bu ölkədəki səfiri Ağalar Atamoğlanov Bakıda “Azərbay­can və Qazaxıstan arasında münasi­bətlər Qazaxıstan Prezidentinin xalqa müraciəti prizmasından” mövzusunda keçirilən dəyirmi masadakı çıxışında Orta Dəhlizin potensialının gündən-günə artdığını və bu layihənin təkcə region ölkələrinin deyil, həm də xarici investor­ların diqqətini cəlb etdiyini vurğulayıb. 

Bu günlərdə Qazaxıstanda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan da qazaxlı həmkarı Murat Nurtlenu ilə görüşündə Orta Dəhliz təşəbbüsünü yüksək dəyərləndirərək bildirib ki, Çin­dən Avropaya və əks istiqamətə daşınan yüklərin Orta Asiyadakı türk respublika­larının ərazisindən keçərək Transxəzər dəhlizi ilə Azərbaycana, buradan isə Tür­kiyə və Avropaya aparılması bu marşrutun həm səmərəlilik, həm də vaxta qənaət baxımından önəmini göstərir. 

Qeyd edək ki, Azərbaycan artıq bey­nəlxalq aləmdə Şərq–Qərb, Şimal–Cənub nəqliyyat dəhlizləri ilə yanaşı, Orta Dəhliz marşrutu ilə də mühüm mərkəz kimi tanı­nır. Ölkəmizin tərəfdaşları ilə birlikdə bu nəqliyyat infrastrukturunun tam ötürücülük gücü ilə fəaliyyətini reallaşdırmaq üçün praktik işlər görülür. Hökumət tərəfindən dəhlizlərin inkişafına mühüm vəsait ayrıl­ması, respublikamızda avtomobil və dəmir yollarının müasir səviyyədə qurulmasına xüsusi önəm verilməsi, həmçinin əsaslı təmir işlərinin aparılması bunun bariz ifa­dəsidir. 

Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevralında adları çəkilən hər 3 ölkənin dəniz və dəmir yolu nəqliyyatı sahəsində aparıcı müəssisələrinin iştirakı ilə yaradı­lıb. Dəhliz marşrutunun hazırda Çin sər­hədindən başlayaraq, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitə­silə Avropaya uzanması gerçəkləşdirilib. 

2022-ci ilin iyununda Türkiyə, Azərbay­can və Qazaxıstanın xarici işlər nazirləri arasında üçtərəfli regional əməkdaşlığın gücləndirilməsi, Xəzər dənizi üzərindən Yaxın Şərq–Qərb Dəhlizinin potensialının inkişaf etdirilməsi barədə razılıq əldə olu­nub. Eyni zamanda, Türkiyə Gürcüstanın tranzit marşrutunun bir hissəsi kimi dəh­lizə daxil edilməsi təşəbbüsü ilə çıxış edib.

Hazırda Beynəlxalq Avtomobil Nəq­liyyatı İttifaqı (IRU) Çin və Avropa ölkələri arasında trafikin artmasını nəzərə alaraq Orta Dəhlizdən maksimum yararlanmaq imkanlarını araşdırır. Təşkilatın baş ka­tibi Umberto de Pretto bununla bağlı jur­nalistlərə müsahibəsində qeyd edib ki, Azərbaycandan keçən Orta Dəhliz Çin və Avropa arasında ən qısa olmaqla ya­naşı, eyni zamanda, ən çətin marşrutdur: “Çünki bu dəhliz multimodal nəqliyyatdan istifadəni tələb edir, iki dənizdən və bir çox ölkələrdən keçir. Bundan əlavə, Avtomobil Nəqliyyatı İttifaqının Şimal və Cənub dəh­lizləri kimi seçimi də var”. 

Qurum rəsmisi Azərbaycan üçün mü­hüm önəm daşıyan Orta Dəhlizdən daha səmərəli istifadə olunacağına əminliyini də bildirib. Baş katib, həmçinin Azərbay­canın Dövlət Gömrük Komitəsinin rəhbər­liyi ilə bütün iştirakçılar arasında zəmanət və elektron məlumat mübadiləsi ilə Orta Dəhlizin faydalarından maksimum isti­fadəni təmin etmək üçün TIR sisteminin təkmilləşdirilməsi məsələsinin müzakirə olunduğunu da diqqətə çatdırıb. 

Yükdaşımalardan söhbət düşmüşkən, bir məqamı da xatırlatmaq istərdik. Belə ki, bu istiqamətdə görülən işlər ölkəmi­zin ərazisindən yükdaşımaların həcminin artmasına müsbət təsir göstərib. Cari ilin I yarımilində respublika üzrə avtomo­bil nəqliyyatı ilə yüklərin daşınması 4,8 faiz artaraq 60 milyard 761 milyon tona çatıb. Eyni zamanda, bu ilin ötən ayla­rında Orta Dəhliz üzrə avtomobil nəqliy­yatı ilə yüklərin tranziti Avropa İttifaqında (Aİ) getdikcə daha çox tərəfdar qazanıb. Bundan başqa, iyun ayında TRACECA Hökumətlərarası Komissiyasının Dai­mi Katibliyi tərəfindən Litvadan Polşaya, daha sonra Slovakiya, Macarıstan, Rumı­niya və Bolqarıstana multimodal marşrut üzrə yarımqoşqulu yük maşını traktorları ilə yüklərin pilot daşınmasını təşkil edən təşəbbüs irəli sürülüb. 

Yeri gəlmişkən, sözügedən istiqamət­də yükdaşımaların həcminin artırılmasını Transxəzər Beynəlxalq Nəqliyyat Marşru­tu Assosiasiyası da diqqətdə saxlayır. As­sosiasiya hazırda bu məqsədlə Sinqapur­la birlikdə Orta Dəhlizin rəqəmsallaşması konsepsiyasını hazırlayır. Qurumun baş katibi Haydar Abdikerimovun sözlərinə görə, indi dəhlizin detalizasiyası üzrə işlər görülür və dəhlizə qoşulacaq ölkələrin (Sinqapur, Bolqarıstan və Litva) bu marş­rutla hərəkəti planlaşdırılır. 

Sərhəd keçidlərinin sadələşdirilmə­sindən danışan assosiasiyanın baş ka­tibi qeyd edib ki, hazırda bu məsələ ilə bağlı Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (DYƏT) və BMT-nin struktur bölmələri ilə birgə layihələr reallaşdırılır. 

Burada diqqətçəkən bir məqamı da xatırlatmaq istərdik. Belə ki, Avropanın aparıcı logistika şirkətləri, xüsusən Da­nimarkanın “Maersk”, Avstriyanın “Rail Cargo Group”, Finlandiyanın “Nurminen Logistics” və Niderlandın “Rail Bridge Cargo” şirkətləri Orta Dəhlizə yüklər cəlb edir. Dünya İqtisadi Forumunun yaydı­ğı məlumatda isə Çinlə Avropa arasında əmtəə dövriyyəsinin ildə 600 milyard dol­lar dəyərində qiymətləndirildiyi bildirilir. Həmin məlumatda, eyni zamanda Mərkə­zi Asiya, Xəzər dənizi və Cənubi Qafqaz ərazisindən keçən Orta Dəhlizin Çinin Sakit Okean sahilindən Avropaya ən qısa yol olduğu, Şanxaydan Avropaya yüklərin daşınmasının bu marşrutla 10 gün çəkə biləcəyi də vurğulanır. 

Hüseynqulu QULİYEV,
iqtisadçı-ekspert

Hazırda Azərbaycan Orta Dəhlizlə bağlı üzərinə düşən öhdəliklərin ye­rinə yetirilməsi istiqamətində tədbirləri davam etdirir. Reallaşdırılan layihələr sırasında Bakı Limanında logistika imkanlarının genişləndirilməsi xüsusi diqqət çəkir. 

“Bakı Beynəlxalq Dəniz Ticarət Li­manı” Qapalı Səhmdar Cəmiyyətinin QSC baş əməliyyat direktoru Eugene Seeh bu günlərdə Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təş­kilatının (QDİƏT) iclasında limanın müasir infrastruktur imkanlarının artı­rılması istiqamətində layihələr həyata keçirildiyini bildirib. O, bu ticarət lima­nını bütün Avrasiya yolu ilə daşıma­ların maneəsiz hərəkəti üçün önəmli infrastruktur hesab etdiyini vurğulayıb. 

Limanın ümumi yük terminalının rəisi Kamran Cəlilinin sözlərinə görə, burada 13 yanalma, 2 “Ro-Ro”, 2 bərə, 6 ümumi işlər körpüsü və 8 kran va­sitəsilə yükdaşıma işləri icra edilir. Bu gün limanda istehsal gücü saatda 600 ton olacaq gübrə terminalı tikilir. Bü­tün əməliyyatlar tam avtomatlaşdırılır. Gələcəkdə limanın genişləndirilməsi və ikinci fazasının inşası nəzərdə tu­tulur.

Prezident İlham Əliyevin iştirakı ilə 2018-ci il mayın 14-də açılış mə­rasimi keçirilən Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 min TEU kontey­nerdir. Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kə­sişməsində yerləşən, yüksək texniki imkanlara malik əməliyyatlar sahəsin­də nümunəvi rəqəmsal və yaşıl həllər tətbiq olunduğu limanın yükaşırma həcmi ilbəil artır. Eyni zamanda, dün­yada formalaşan yeni reallıqlar fo­nunda tranzit ölkə kimi Azərbaycana böyük tələb formalaşıb və bu amil də respublikamızın ən böyük dəniz qapı­sı, logistika mərkəzi olan Bakı Limanı­na cəlb edilən yükün həcmini sürətlə çoxaldır.

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat