“Heç kəs zərər çəkməyib, heç nə dağıdılmayıb...”

post-img

BMT missiyası bölgəyə ziyarətdən bu qənaətlə ayrılıb

Bundan sonra Azərbaycanın Qarabağ iqtisadi rayonunda başlayan prosesin adı erməni sakinlərin bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyası və bütün mülki infrastrukturun bərpası və işə salınmasıdır. 

Hazırda bölgədən gedən və qalma­ğı qərarlaşdıran ermənilərin statistikası aparılır. Artıq beynəlxalq ekspertlər də birmənalı şəkildə bildirirlər ki, nə lokal antiterror tədbirləri zamanı, nə də ermə­nilərin köçü prosesində rəsmi Bakının onlara qarşı hər hansı formada təzyiq və təşviqindən söhbət gedə bilməz. Bunu Qarabağdan köçməkdə davam edən er­mənilərin özləri həm Azərbaycanın, həm də Ermənistanın media mənsubları ilə söhbətlərində təsdiqləyirlər. Onlar Azər­baycanı könüllü şəkildə tərk etdiklərini deyirlər. Köçənlərin bir qismi Ermənistan tərəfindən son otuz ildə müxtəlif ölkələr­dən qanunsuz formada Qarabağa kö­çürülənlər, digər qismi isə daşnakların nifrət və düşmənçilik təbliğatının əsirinə çevrilən, Azərbaycan Bayrağı altında yaşamaq istəməyən ermənilərdir. Az bir qisim isə İrəvanın avantürist–revanşist hakimiyyətinin və Xankəndidəki sepa­ratçı rejimin ssenarisinə uyğun təzyiqlər altında bölgəni tərk edənlərdir.

İndi Hayastanda müxalif qüvvələr Qa­rabağdan köçənlərdən Paşinyan iqtidarına qarşı istifadə edilə biləcək, hökumət isə Azərbaycana “etnik təmizləmə” ittihamı irəli sürmək üçün potensial alət kimi baxır. Bakı isə bölgədə çoxdan gözlənilən sülhün bərqərar olmasını arzulayır.

* * * 

Oxuculara xatırladaq ki, iki gün əvvəl BMT missiyası Qarabağ bölgəsinə səfərin­dən sonra təşkilat müvafiq bəyanat yayıb. Bəyanatda deyilir ki, missiya burada yerli əhali və digər şəxslərlə söhbət edib, eləcə də səhiyyə və təhsil müəssisələrindəki və­ziyyətlə yerindəcə tanış olub. Missiya üzvlə­rinin Xankəndi şəhərində getdikləri yerlərdə mülki və ictimai infrastruktura, o cümlədən xəstəxana, məktəb, yaşayış binaları, mədə­ni və dini obyektlərə heç bir ziyan dəyməyib. Missiya, həmçinin Azərbaycan hökumətinin şəhərdə səhiyyə və digər məişət xidmət­lərinin bərpasına hazırlaşdığını müşahidə edib. BMT təmsilçiləri fəaliyyət göstərən heç bir mağaza görməyib. Missiyaya son atəşkəsdən sonra dinc əhaliyə qarşı zora­kılıq halları ilə bağlı nə yerli əhalidən, nə də digər həmsöhbətlərdən şikayət daxil olma­yıb. BMT-nin Azərbaycandakı Nümayən­dəliyi regiona müntəzəm səfərlərini davam etdirməyi planlaşdırır.

Yəni rəsmi İrəvanın və onun Fran­sa kimi havadarlarının car çəkdiklərinin əksinə olaraq, bölgədə hansısa etnik təmizləmədən, dinc erməni sakinlərinə zor tətbiq etməkdən danışmaq yersizdir. BMT-nin Azərbaycandakı Nümayəndəli­yinin saytında yerləşdirilən məlumatda o da qeyd olunur ki, qurumun Bakıdakı re­zident-əlaqələndiricisi Vladanka Andreye­vanın başçılıq etdiyi mülki missiyaya BMT-nin humanitar məsələlərin koordinasiyası üzrə idarəsinin əlaqələndirmə şöbəsinin direktoru Rameş Racasinqhem, təşkilatın ərzaq və kənd təsərrüfatı üzrə nümayən­dələri, BMT-nin Qaçqınlar üzrə Agentliyi, UNİCEF və digər strukturların təmsilçiləri daxil olublar. 

İrəvana səfər edən BMT Baş katibinin təmsilçisi Stefan Dücarrik media üçün təşkil edilən brifinqdə bildirib ki, bölgəyə birgün­lük ziyarəti zamanı beynəlxalq missiyanın üzvləri Xankəndidəki mülki infrastrukturun, o cümlədən məktəb və xəstəxanaların da­ğıdılmasına dair heç bir fakt aşkar etməyib­lər”.

Bununla yanaşı, Almaniya Federal Xa­rici İşlər Nazirliyi (XİN) Azərbaycanın BMT missiyasının ölkənin Qarabağ bölgəsinə səfərinə razılıq verməsini müsbət addım hesab edib. Bu açıqlamanı Almaniya XİN “X” sosial şəbəkəsində paylaşıb: “Yalnız şəffaflıq Azərbaycanın bu bölgədəki bütün sakinlərin və buraya qayıdanların hüquqla­rını qorumaq vədinə inamı gücləndirə bilər”.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin qorunmasında Azərbaycan tərəfinin böyük məsuliyyət daşıdığını deyib. Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılmasından danışan Aİ lideri sülhün hər iki tərəfin öhdəliklərini müəyyən edə biləcək danışıqları tələb etdiyini vurğu­layıb.

* * * 

“Biz regiondakı vəziyyəti öyrənmək üçün mütəmadi əlaqə saxlayırıq. Əgər hər hansı qanunsuzluq törədilərsə və bununla bağlı sübutlar olarsa, ona uyğun addımlar atmaqdan və bunu törədənləri məsuliyyətə cəlb etməkdən çəkinməyəcəyik”.

Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller dünən keçirdiyi brifinq zamanı Qarabağda baş verənlərlə bağlı çıxışında deyib. O, həmçinin bildirib ki, et­nik təmizləmə və ya soyqırımı kimi iddilar faktlara əsaslanır və bu olmadan danışmaq doğru deyil.

“Bölgədən gedənlərin neçə faizinin dai­mi olaraq Ermənistanda qalacağını blmirik. Onların neçə faizi şərtlər imkan verəcəyi təqdirdə geri qayıtmaq istəyəcək? Biz bir daha müstəqil beynəlxalq missiyanın cəlb edilməsi ilə bağlı çağırışımızı təkrar edirik. Bu missiya Qarabağdakı ermənilərin haq­larının və təhlükəsizliyinin təmin olunması­na nəzarət edir. Azərbaycan tərəfi onların hüquq və təhlükəsizliyinin təmin olunacağı­nı bildirib. Biz bunu müşahidə etmək üçün missiyanın da orada olmasını istəyirik”,– deyə Miller qeyd edib. Güman edirik ki, cənab Miller bu arzusunu dilə gətirərkən missiyasının bölgədə daimi əsaslarla fəaliy­yətini nəzərdə tutmayıb. 

Dövlət Departamentinin sözçüsü Va­şinqtonun müttəfiqləri və tərəfdaşları ilə uzunmüddətli missiya və bunun fəaliyyət mexanizmini müzakirə etdiyini nəzərə çat­dırıb. “Ümid edirik ki, Ermənistana getmiş Qarabağ ermənilərinin geri qayıdarkən hüquqlarına hörmət ediləcək. Biz, həmçinin Azərbaycan ilə Ermənistanı sülh danışıqla­rına qayıtmağa təşviq edirik”, – deyə Miller bildirib. 

Metyu Miller, həmçinin diqqətə çatdırıb ki, Vaşinqton BMT missiyasının regiona səfər etməsini təqdirəlayiq hesab edir. Eyni zamanda sözçü ABŞ xarici siyasət idarəsi­nin Bakı və İrəvanı sülh danışıqlarına qayıt­mağa təşviq etdiyini vurğulayıb.

* * * 

Aydin məsələdir ki, hadisələrin düşün­düyü ssenari üzrə getmədiyindən narazı qalan İrəvan və əlaltıları indi də fərqli bey­nəlxalq layihələrlə gündəmə gəlməyə ça­lışırlar. Beynəlxalq missiyanın Qarabağa səfərindən və onun nəticələrindən narazı qalanlardan biri də Ermənistanın xüsusi tapşırıqlar üzrə nümayəndəsi Edmon Ma­rukyandır. O, BMT-nin mülki missiyasının Qarabağdakı işini tənqid atəşinə tutub. Özünün X sosial şəbəkəsində yazdığına görə, guya beynəlxalq ekspertlər Azərbay­canın həyata keçirdiyi “müxtəlif xarakterli cinayətləri leqallaşdırıb: “Mən səbirsizlik­lə bu “mülki missiyanın” fəaliyyətinin BMT rəhbərliyi tərəfindən araşdırılmasını gözlə­yirəm”. 

Nə deyə bilərik. Gözləyin. Amma bu dəfə sonsuzluğu qədər gözləməli olacaqsı­nız. Çünki otuz il boyunca çaldığınız saxta notlu havadan hamı bezib. Həm də bu ha­vaya oynamaqdan yorulublar. İndi təbii və bəşəri musiqi sədaları eşidilir... 

Sabah İspaniyanın Qranada şəhərində keçiriləcək beştərəfli görüş sülhə və tərəf­lərə münasibətdə ABŞ-ın və Aİ-nin hansı yolu tutacağını göstərəcək. Əslində, ötən Sammitdən sonrakı müddətdə bölgədə ta­mamilə yeni reallıq yaratmış Bakı tərəflərə daha konstruktiv olmaq şansını verir. Bakı əvvəlcədən xəbərdarlıq etdiyi məqama yaxınlaşıb: Azərbaycan Qarabağ üzərində suverenliyini tam bərqərar etdi və buna sülh müqaviləsi imzalanmadan nail oldu! Mü­naqişə de-fakto özünün yekun mərhələsini yaşamaqdadır. Qalıb onu imza ilə qanu­niləşdirmək. 

Rasim MUSABƏYOV, 
Milli Məclisin deputatı, politoloq

Bəli, BMT-nin missiyası bölgədə olan real vəziyyəti qeydə alıb. Gör­dülər ki, Qarabağ ermənilərinə heç kim təzyiq göstərməyib, onların əmla­kına toxunulmayıb. Azərbaycan Pre­zidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov ikinci dəfə elan etdi ki, bölgədə doğulmuş ermənilər və onla­rın ailə üzvləri istədikləri zaman Qara­bağa qayıda bilərlər. Və ermənilərdən fərqli olaraq, biz onların evlərini yan­dırmamışıq, malını talan etməmişik. Dediyimiz reallığı təkcə BMT missiya­sı deyil, həm də ABŞ Dövlət Depar­tamentinin sözçüsü də təsdiqləyib. O, Qarabağda etnik təmizləmə ilə bağlı suala etiraz edib və bununla bağlı heç bir sübutun olmadığını bildirib. Əlbəttə, BMT-nin mülki missiyası yal­nız gördüyünü, şahidi olduğu həqiqəti söyləyir. 

Belə baxanda ermənipərəst qüvvələrin də şıltaqlığının bir sərhədi ol­malıdır. Yalançı statistika, uydurma faktlarla nə qədər çək-çevir etsələr də, heç nə əldə edə bilməyəcəklər. Azərbaycana qara yaxmağa çalışan o qüvvələr otuz beş il əvvəl Ermənistan­dan soydaşlarımızın hansı vəziyyətdə qovulduqlarını yadlarına salsınlar. Bir gecədə 613 nəfərin qətlə yetirildiyi Xocalını xatırlasınlar. Amma Azərbay­can beynəlxalq hüquq çərçivəsində davranır. Dəridın-qabıqdan çıxsalar belə, boynumuza “etnik təmizləmə” yükünü qoymağı bacarmayacaqlar. 

Elşən MUSTAFAYEV, 
beynəlxalq münasibətlər üzrə ekspert

Ermənilər fərqli ssenarinin ha­zırlığını görmüşdülər. Onların fik­rincə, Azərbaycan Ordusu dərhal Xankəndiyə girməli, qondarma reji­min idarəetmə strukturu dağıdılmalı, kütləvi həbslər aparılmalı, nəhayət, erməni əhalisinə zor tətbiq edilmə­li, işgəncə, ölüm faktları olmalı idi. Amma bunların heç biri olmadı. BMT missiyasının bölgəyə səfəri, Azərbay­can tərəfinin onları müşayiət etməsi həqiqətin ortaya çıxması üçün şans oldu. Gözə girən reallığın, həqiqətin qarşısında doğrunu deməkdən başqa yol qalmır. 

Sabah Qranadada Azərbaycan –Ermənistan–Avropa İttifaqı–Makron–Şolts formatında beştərəfli görüş keçiriləcək. Bu görüşə qədər Avropa Parlamentinin Azərbaycan əleyhinə sənəd qəbul etdirmək üçün layihə hazırlaması və onu məhz Qrana­da danışıqları zamanı səsverməyə çıxaracağı münaqişənin həllinə, sülh müqaviləsinin imzalanması perspek­tivinə qarşı təxribatdan başqa bir şey deyil. Bu səbəbdən Azərbaycanın mü­vafiq strukturlarının Qarabağda qalan erməni əhali ilə reinteqrasiya ilə bağlı maarifləndirmə işlərini gücləndirməsi, bu istiqamətdə digər işlərin görülməsi çox vacibdir. Həmin işlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması ilə bağlı da intensiv çalışmaq lazımdır. Hazırda əleyhimizə aparılan təbliğat­lardan biri Laçın dəhlizi vasitəsilə 100 mindən artıq erməninin zorla çıxarıl­ması – etnik təmizləmə ittihamıdır. Aydındır ki, köçənlərin bir hissəsi könüllü, bir hissəsi də separatçıların təhriki ilə gedib. Amma əminəm ki, bunlar deyilən rəqəmin heç yarısı qə­dər deyil. O səbəbdən əlimizdə olan real rəqəmlərin açıqlanması vacibdir.

İmran BƏDİRXANLI
XQ







Siyasət