Paşa ƏMİRCANOV
[email protected]
Azərbaycan Qarabağda sonuncu antiterror tədbirlərini çox qısa müddətdə – bir sitka ərzində həyata keçirərək, özünün suverenliyini tam təmin etdi. Bununla da, ölkəmizin 30 ildən bəri uğrunda mübarizə apardığı ərazi bütövlüyü və suverenliyi, eləcə də ərazisindəki separatizmə son qoyulması məsələləri tamamilə həll olundu.
Bundan sonra bir daha bəyan olundu ki, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə bağlı real addımlar atılacaq. Və atıldı da. Yevlaxda Qarabağ ermənilərinin nümayəndələri ilə ilk görüş, daha sonra ikinci görüş keçirildi.
Yəni Azərbaycan həmişə olduğu kimi, bu dəfə də dediyi sözə əməl etdiyini ortaya qoydu. Amma Ermənistan, həmişə olduğu kimi, bu dəfə də təxribatından qalmadı. İrəvandan necə komanda verilmişdisə, Qarabağ erməniləri olan-qalanlarını maşınlarına yükləyib üzü Ermənistana yol aldılar.
Ermənistanın təxribatları bununla da bitmədi, yenidən Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edildi, Azərbaycandan Qarabağdan könüllü gedən haylar üçün təhlükəsizlik təminatı tələb olundu. Bu da azmış kimi, bütün dünyanı üstümüzə qaldırmağa başladılar ki, ay aman, qoymayın, 100 min erməni evini tərk edir. Amma faktiki olaraq bu insanlar Qarabağı könüllü şəkildə tərk edirdilər.
Təbii ki, Qərbdə “xristian damarı” sızlamağa başladı. BMT-də Qarabağa missiya göndərilməsi qərara alındı. Missiya yubanmadan Xankəndiyə gəldi və oktyabrın 2-də özünün ilk hesabatını açıqladı. Amma hesabatdan da görünür ki, Ermənistanın və beynəlxalq erməni lobbi və diasporlarının iddialarının əksinə olaraq, Qarabağda ermənilər nəinki hər hansı diskriminasiya ilə üzləşməyib, hətta könüllü gediblər.
Missiyanın bəyanatında deyilir ki, araşdırma aparmaq üçün oktyabrın 1-də Xankəndiyə gəlib. Bu şəhərdə mülki infrastruktura heç bir ziyan dəyməyib. Azərbaycanın sentyabrın 19–20-də Qarabağda keçirdiyi antiterror tədbirlərindən sonra ermənilər “etnik təmizləmə” ilə üzləşməyib, bununla bağlı ittihamlar özünü doğrultmayıb. BMT-nin missiyasının bölgədə işləməsinə şərait yaradılıb: “Antiterror tədbirlərindən sonra separatçı qurum özünü buraxıb, Azərbaycan bütöv Qarabağda nəzarətini bərpa edib, burda yaşayan etnik ermənilər isə kütləvi şəkildə ərazini tərk etməyə başlayıb. Bazar ertəsi rəsmi Bakı Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı planını açıqlayıb. Bir gün qabaq isə elan edib ki, artıq Dövlət Miqrasiya Xidməti Xankəndidə əhalinin reinteqrasiyası prosesinə başlayıb. Ermənistan 100 mindən çox erməninin Qarabağı tərk etdiyini deyir. BMT bir həftə ərzində gedənlərin sayının 88 mindən çox olduğunu bildirib. Azərbaycan hökuməti Qarabağı tərk edənlərin sayını açıqlamayıb. Ermənistan Qarabağda 120 min, Azərbaycan 50 min etnik erməninin yaşadığını deyir”.
Missiya Xankəndi şəhərində az əhali qaldığını müşahidə edib və həmsöhbət olduğu adamlardan Qarabağda 500–1000 arası erməni sakinin qaldığını eşidib.
Bunu xüsusi vurğulamaq lazımdır ki, BMT missiyasına son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı nə yerli əhalidən, nə də digər həmsöhbətlərdən şikayət daxil olmayıb.
Budur bir nömrəli beynəlxalq təşkilatın missiyasının verdiyi bəyanat. Amma bizim diqqətimizi cəlb edən bu hesabat deyil. Hesabatda, təbii ki, qeyri-adi heç nə yoxdur, nə görüblərsə, onu da yazıblar. Bu, Azərbaycanın tədbirləri nə qədər səliqəli görməsinin nəticəsidir. Diqqətimizi cəlb edən əsas məsələ Qərb dünyasının, demək olar ki, ananın öz körpəsinin üstündə əsdiyi kimi, ermənilərin üstündə əsməsidir. İnanmaq olmur ki, bir erməninin belə burnunun qanamadığı bir vaxtda bu qədər ajiotaj yaradan Qərb dünyasının donmuş vicdanı 1988–1993-cü illərdə Ermənistandan və bütün Qarabağdan 1 milyon azərbaycanlının vəhşicəsinə qovulmasına, öldürülməsinə, təhqir olunmasına, qadınlara qarşı vəhşiliklərə necə susa bilmişdi? Axı azərbaycanlılar da Allahın yaratdığı canlı insanlar idilər. Bəlkə müsəlman olmaqları idi onların günahı?! Məgər müsəlman olanlar Qərb dünyasının nəzərində insan deyil? O zaman həm BMT, həm də hər bir Qərb ölkəsi və təşkilatı günahsız, dinc azərbaycanlıların faciələrinə biganə yanaşdılar, susdular. Həmin susqun vicdanlar indi gül-çiçəklə yola salınan ermənilərə göz yaşı tökür, milyonlarla dollar pul ayırır.
ABŞ-ın ermənilərin könüllü köçünə münasibəti də bir qədər qeyri-normal, qeyri-adekvat səslənir. Bu günlərdə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin brifinq zamanı Qarabağda baş verənlərə münasibətini birmənalı qarşılamaq mümkün deyil. Bu fikirlərdə bizə qarşı hətta hədə-qorxu da var. Cənab Miller deyir ki, “Biz regiondakı vəziyyəti öyrənmək üçün təmasdayıq. Əgər hər hansı vəhşilik törədilərsə və bununla bağlı sübutlar olarsa, ona uyğun addımlar atmaqdan və bunu törədənləri məsuliyyətə cəlb etməkdən çəkinməyəcəyik”.
Bax, bu, özünü “demokratiya beşiyi” sayan ABŞ-ın ikili standartlara yaxşı nümunə olacaq münasibətidir. Biz bu münasibəti keçən əsrin 90-cı illərində azərbaycanlılarla bağlı erməni vəhşilikləri zamanı görmədik. Onda belə çıxır ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər ABŞ başda olmaqla, bütün Qərb dünyasının ürəyincə olub. Əks halda, bircə dəfə ermənilərə “dayan” deyilərdi. Bu gün Azərbaycanın ünvanına hədyanlar səsləndirən Fransa da həmçinin.
İndi cənab Millerin bəyanatında səslənən “əgər hər hansı vəhşilik” ifadəsinə diqqət yetirək. Niyə məhz vəhşilik? Budur, onların beynindəki. Onlar müsəlmanı vəhşi hesab edirlər, ən azı çox arzu edərdilər ki, xristian ermənilərə qarşı məhz bu cür davranılsın. Amma davranılmadı və Qərb dünyasının arzusu gözündə qaldı. Bununla belə, “diskriminasiya”, “ayrı-seçkilik” və c. kimi ifadələrdən istifadə etmək mümkün olduğu halda, cənab Miller regiondakı vəziyyətə tamamilə yad olan, qeyri-adekvat olan “vəhşilik” ifadəsini işlədir. Faktiki olaraq öz simasını büruzə verir.
Miller bildirib ki, etnik təmizləmə və ya soyqırımı kimi iddilar faktlara əsaslanır və bu olmadan danışmaq doğru deyil. Demək, Miller bütün dünya ermənilərinin yalan danışdığını, Qarabağda heç bir soyqırımı əlaməti olmadığını etiraf edir. Deməli, Miller də, onun sahibləri də bilirlər ki, xristian ermənilər müsəlman azərbaycanlılarla bağlı onlara yalan məlumat verir, aldadırlar. Amma yenə onlara dəstək olurlar: “Biz gedənlərin neçə faizinin daimi olaraq Ermənistanda qalacağını bilmirik. Onların neçə faizi şərtlər imkan verəcəyi təqdirdə geri qayıtmaq istəyəcək? Biz bir daha müstəqil beynəlxalq missiyanın cəlbi ilə bağlı çağırışımızı təkrar edirik. Bu missiya Qarabağdakı ermənilərin haqlarının və təhlükəsizliyinin təmin olunmasına nəzarət edir. Azərbaycan tərəfi onların haqlarının və təhlükəsizliyinin təmin olunacağını bildirib və biz bunu müşahidə etmək üçün missiyanın da orda olmasını istəyirik”.
Budur Dövlət Departamentinin yanaşması. Azərbaycan ermənilərin təhlükəsizliyinə təminat verir, bu onlara bəs eləmir. Onlar topla-tüfənglə gəlib Qarabağda oturmaq və ermənilərin təhlükəsizliyini qorumaq istəyirlər: “Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla uzunmüddətli missiya və bunun necə işləyə biləcəyini müzakirə edirik. Ümid edirik ki, Ermənistana getmiş Qarabağ ermənilərinin geri qayıdarkən hüquqlarına hörmət ediləcək. Biz, həmçinin Azərbaycan ilə Ermənistanı sülh danışıqlarına qayıtmağa təşviq edirik”.