Barmağımız tətikdə olmalıdır

post-img

Ermənistan yeni müharibə hazırlığındadır

Hazırda Ermənistanda qəribə durum yaranıb. Azərbaycan suverenliyini bərpa edənə, Qarabağa tam sahiblənənədək müxalifət ölkəmizin bölgə ilə kifayətlənməyəcəyini, Ermənistanın ərazisinə də keçəcəyini bildirirdi. Bu deyim daha çox iqtidara əks cinahın ondan narazılığı müstəvisində meydana çıxırdı və məqsəd xalq kütlələrini hakimiyyətə qarşı qaldırmaq idi. İndiki situasiyanı şərtləndirən başlıca məqam isə odur ki, hazırda Ermənistanın hakim komandasının üzvləri də vaxtilə müxaliflərin söylədiklərini dilə gətirməyə başlayıblar. 

Məsələn, ölkə parlamentinin sədri Alen Simonyan Finlandiyanın səfiri ilə görüşündə deyib ki, Azərbaycan Qarabağı ələ keçirdikdən sonra Ermənistan ərazisinə təcavüz edəcək. Xarici işlər naziri Ararat Mirzoyan da demək olar, Simonyanı təkrarlayıb. O, Kiprdən olan nü­mayəndə heyəti ilə təması zamanı elə tərzdə danışıb ki, sanki Azərbaycanın Qarabağdakı lokal xarakterli antiter­ror tədbirləri Ermənistana qarşı təcavüzdür. Mirzoyan, hətta, gileylənib də. Deyib ki, İrəvanın beynəlxalq icti­maiyyəti Bakının aqressiv davranacağı ilə bağlı dəfələrlə xəbərdar etməsinə baxmayaraq, məsələyə əhəmiyyət­siz yanaşılıb. Bu isə guya, Azərbaycanı yeni təcavüzlərə həvəsləndirəcək vəziyyət doğurub. Görüşdə mövcud kontekstdə Ermənistanın ərazi bütövlüyünün qorunması ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistanın təhlükəsizlik şurasının kati­bi Armen Qriqoryanın İrana səfəri zamanı İs­lam respublikasının Xarici işlər naziri Hüseyn Əmir Abdullaian ilə görüşündə də Cənubi Qafqazda sərhədlərin toxunulmazlığı məsələsi gündəmə gəlib. Əlbəttə, əvvəlki sərt ritorika olmasa da, Tehranın məsələyə mövqeyi bəl­lidir. Yəni, İran Cənubi Qafqaz ölkələrinin, xüsusən də Ermənistanın ərazi bütövlüyünün qorunmasının vacibliyi üzərində dayanır. An­caq Qriqoryanın mövcud məntiqi qabartması təxribatdır. Aşkar görünür ki, o, ölkəsi üçün Tehrandan dəstək umur...

Belə demək mümkünsə, ən böyük “bom­banı” Ermənistanın Avropa İttifaqındakı səfiri Tiqran Balayan partladıb. O, “Qarabağa təca­vüzə görə” Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırıb və xəbərdarlıq edib ki, Qərb qəti addımlar atmasa, Bakı tezliklə Ermənista­nın özünə hücumu gerçəkləşdirə bilər. Sank­siya tədbiri kimi, Azərbaycan nefti və qazının qiymətlərinin məhdudlaşdırılmasını və Aİ-nin Bakı ilə daha sıx münasibətlərə dair danışıq­larının dayandırılmasını irəli sürən T.Balayan “Reuters” agentliyinə müsahibəsində, həmçi­nin Qərbi Ermənistana “möhkəm” təhlükəsiz­lik yardımı göstərməyə səsləyib. Onun sözlə­rinə görə, “təkcə Ermənistan hökuməti deyil, həm də bir çox ekspertlər, o cümlədən Aİ-nin bəzi üzv ölkələrindən olan siyasi müşahidə­çilər Ermənistan ərazisinə hücumun, guya, qaçılmaz olduğuna inanırlar.

T. Balayan onu da bildirib ki, Aİ-nin yük­sək vəzifəli rəsmiləri və bir çox üzv ölkələrin liderləri Azərbaycanın hərəkətlərini pisləyib­lər. Lakin qurum böhrana cavab olaraq, ancaq humanitar yardım göstərib, başqa konkret təd­birlər baxımından çox az iş görüb. Balayanın fikrincə, diplomatlar Aİ üzvlərinin konsensus tapmaqda çətinlik çəkdiklərini deyirlər. “Bəzi ölkələr, tutalım, Fransa və Hollandiya ən azı sərt tədbirləri nəzərdən keçirməyə hazırdır, digərləri, məsələn, Macarıstan və Rumıniya bunu etməkdən çəkinirlər”, – deyən T.Bala­yanın erməni iddiaları naminə quruma üzv ölkələr arasında nifaq yaratmaq yolu tutduğu aşkardır. 

Təxribatçı mövqe tutan erməni diplomat müsahibəsində, eyni zamanda, Azərbaycan və Ermənistan liderlərinin sabah Qranadada Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi, Fransa prezidenti Emmanuel Makronun və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə ke­çiriləcək görüşünə də toxunub və bildirib ki, bu təmas Aİ-nin Bakı qarşısında konkret “qır­mızı cizgilər” müəyyənləşdirəcəyi təqdirdə, faydalı ola bilər. Sən demə, Balayan üçün Qa­rabağ “qırmızı cizgi” imiş və lokal xarakterli antiterror tədbirləri həmin cizginin pozulması deməkdir. Bu da erməni diplomatın növbəti həyasızlığı. Hər halda, onun təlimatının İrə­vandan gəldiyi aşkardır. 

Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də ölkəmizin digər rəs­miləri çıxışlarında müasir Ermənistan Res­publikasının Azərbaycanın əzəli torpaqları hesabına yaradıldığını dəfələrlə vurğulayıblar. Bu vurğulanma heç də elə-belədən ortaya çıx­mayıb. Ermənistan illərlə Azərbaycan ərazilə­rini işğalda saxlayıb. İndi işğal bitib, amma erməni avantürizmi davam etməkdədir. Belə olan halda, heç şübhəsiz, beynəlxalq hüquq­la yanaşı, tarixə də müraciət zərurəti yaranır. Tarix həqiqətlərin sərt yaddaşıdır. O yaddaş isə göstərir ki, Ermənistan adlı dövlət olmayıb və yalnız 1918-ci ildə Azərbaycan torpaqları hesabına formalaşdırılıb. Bunun bildirilməsi heç bir halda ərazi iddiası kimi qiymətlən­dirilə bilməz. Əgər, belə qiymətləndirilirsə, deməli, problem İrəvanın özündədir. Problem yaşayanlardan, daha doğrusu, başına çətinlik açanlardan biri də fikirlərini diqqətə çatdırdı­ğımız T.Balayandır. O deyir ki, Azərbaycanın Ermənistan ərazisindən Naxçıvan anklavına quru dəhlizi yaratmaq üçün güc tətbiq edə­cəyindən ehtiyatlanır. Balayanın bildirdiyinə görə, Azərbaycanın hərbi məqsədləri, hətta Naxçıvandan da kənara çıxa bilər. O, ağlaşma quraraq deyib ki, ənənəvi müttəfiqi Rusiya yüz milyonlarla dollarlıq silah sifarişlərini ye­rinə yetirmədiyindən, Ermənistan təhlükəsiz­lik baxımından müdafiəsiz vəziyyətdə qalıb. 

***

İstər A.Simonyanın, istər A.Qriqoryanın, istər A.Mirzoyanın, istərsə də T.Balayanın fikirləri, haray-həşir qoparmaq, ajiotaj yarat­maq, həyəcan təbili çalmaq niyyətləri fərqli məqsədlərdən xəbər verir. “Məqsədlərə” gə­lincə, son günlər Kəlbəcər istiqamətində Er­mənistan silahlı qüvvələrinin mövqelərindən açılmış snayper atəşi nəticəsində Azərbayca­nın hərbi qulluqçusunun şəhid olduğunu bi­lirik. Bundan başqa, Ermənistanda müəyyən revanşist-şovinist qüvvələrin aktivləşdiyini müşahidə etməkdəyik. Paralel olaraq, Azər­baycana qarşı partizan müharibəsi aparılma­sından dəm vuranlar meydana atılır. Bəzi eks­tremist təşkilatların buna yönələn çağırışları gündəmə gəlir. Həm Ermənistan hakimiyyə­tinin yuxarıda qeyd etdiyimiz tərzdəki roto­rikası, həm axırıncı sadaladıqlarımız, əslində, hansı tərəfin işğalçılıq niyyəti güddüyünün təsdiqidir. Bu ritorikanın isə yekunda Azər­baycan – Ermənistan sülh gündəliyini pozma­ğa yönəldiyi gün kimi aydındır. 

Partizan müharibəsindən söz düşmüşkən, Qarabağın müxtəlif bölgələrində də atəş səs­ləri eşidilib. Xankəndi yaxınlığında Rusiya – Azərbaycan birgə patruluna snayper silahdan atəş açılıb. Belə nəticəyə gəlmək mümkündür ki, burada hər şey planlaşdırılıb və baş verən­lərdən Ermənistan iqtidarı yaxşı xəbərdardır. Eyni zamanda, bu qənaətə gəlmək olar ki, ölkənin hakimiyyəti dörd bir yana Azərbay­canın, guya, Ermənistan ərazisinə hücumu ilə bağlı rəy formalaşdırmaqla, əslində, eyni “əməli” özü gerçəkləşdirməyi planlaşdırır. Sa­dəcə, beynəlxalq ictimaiyyəti yanıltmaq yolu tutur. 

Göründüyü kimi, hazırkı situasiyada Er­mənistan müxalifəti ilə iqtidarı arasında, prin­sipcə, heç bir fərq yoxdur. Onların hər ikisi qatı anti-Azərbaycan yönümlüdür. İrəvanın bununla bağlı məntiqinin iki istiqaməti var. Birincisini qeyd etdik – Azərbaycanın Ermə­nistan ərazisinə hücumu. İkinci istiqamət isə Qarabağdan köç etmiş ermənilərdir. Möv­cud xüsusda Bakının, guya onlara qarşı etnik təmizləmə siyasəti apardığı qabardılır. Bu məqsədlə müxtəlif beynəlxalq təşkilatlara mü­raciətlər ünvanlanır. Deməli, Ermənistan haki­miyyəti üçün Azərbaycana qarşı mübarizənin hər iki seqmenti önəm daşımaqdadır. Bütün bunlar isə onu bildirməyə əsas yaradır ki, İrəvan Cənubi Qafqazda çoxdandı gözlənilən sülh mühitinin formalaşmasını istəmir. 

***

Qeyd edək ki, Ermənistan hakimiyyəti Azərbaycanın 2022-ci ilin sentyabr eskala­siyası zamanı ölkənin bəzi ərazilərini, guya, artıq işğal etdiyi iddiasını da gündəmə gətir­məkdədir. Bu, son dərəcə vacib məqamdır və həmçinin ona söykənərək demək mümkündür ki, İrəvan sülh gündəliyindən yayınmaqdadır. Nəzərə alaq ki, yekun sülh müqaviləsi dildə deyilənlərin əməldə gerçəkləşməsidir. Yəni, Ermənistan baş naziri Nikol Paşinyan 2022-ci il oktyabrın 6-da Praqada, 2023-cü il mayın 14-də Brüsseldə Azərbaycanın ərazi bütövlü­yünü tanıdığını bəyan edibsə, sülh müqavilə­sinin imzalanması ilə bu məsələ ən yüksək sə­viyyədə rəsmi təsdiqini tapmalıdır. Müqavilə, eyni zamanda, tərəflər arasındakı münasibətlər baxımından da beynəlxalq öhdəlik formalaş­dıracaq. Öhdəliyə əməl etmək isə şərtdir. 

Öhdəliyə əməl etmək, ümumən münasi­bətlərdəki səmimi yanaşma sərhədlərin deli­mitasiyasının və demarkasiyasının həyata ke­çirilməsini tələb edir. Konkret sərhəd zolağının müəyyənləşdirilməsini də həmçinin. Nəzərə alaq ki, hazırda mövcud istiqamətdə qey­ri-müəyyən durum var. Belə görünür, sülhdən yayınan Ermənistan rəhbərliyinin istəyi bu qeyri-müəyyənliyin qorunması, mövcud sta­tus-kvonun saxlanılmasıdır. Məqsəd, bir daha deyək ki, yeni işğalçılığın həyata keçirilməsidir. Sərhəd yoxdursa, kim güclüdürsə, sərhədi də o müəyyən edəcək. Ermənistan iqtidarı vaxt uda­raq, ölkənin hərbi cəhətdən güclənməsinə sər­mayə yatırmaq niyyətindədir. Deməli, İrəvan haqqında söz açdığımız sülh müqaviləsi öhdə­liyini həm də buna görə götürmək istəmir və prosesdən yayınır. Vaxtilə Qarabağ ərazisindəki separatçı rejimin varlığını qorumaq istəyən Er­mənistan hakimiyyəti eyni qaydada çalışırdı ki, danışıqlar prosesi uzansın.

Bəli, Azərbaycanın antiterror tədbirləri bu sayaq mənfur niyyətlərin qarşısını aldı. Ancaq bu tədbirlərin, eyni zamanda, yuxarıda göstər­diyimiz iki istiqamət üzrə “aktivlik” doğurdu­ğunu vurğulamalıyıq. Bu “aktivlik” fazasında Ermənistan hakimiyyətinin təmsilçilərinin Azərbaycanın təcavüzü məntiqini qabartmala­rı, simonyanların, qriqoryanların və digərləri­nin işə düşmələri, necə deyərlər, qabaqdangəl­mişlikdir. Ona görə qabaqdangəlmişlikdir ki, Ermənistanın yeni müharibə hazırlığına baş­ladığını söyləmək üçün, kifayət qədər, ciddi əsaslar mövcuddur. 

Məsələn, İrəvana səfərə gəlmiş Fransanın Xarici işlər naziri Ketrin Kolonna bir neçə gün əvvəl vurğulamışdı ki, Ermənistanla bir sıra məsələləri, o cümlədən, müdafiə məsələlərini müzakirə edəcək. Səfərin gündəliyində başlı­ca olaraq bu məqamın dayandığı məlumdur. Yüksək səviyyəyə malik Paris – İrəvan əmək­daşlığına artıq hərbi sahədə yardımın və ya Ermənistanın müdafiəsinin təşkili məsələsinin əlavə olunduğu aydındır. 

Fransanın müdafiə naziri Sebastyan Le­kornu da ölkəsinin Ermənistanın müdafiə ehtiyaclarını öyrəndiyini bildirib. O, mövcud istiqamətdə Prezident Emmanuel Makronun qəti tapşırıqlar verdiyini vurğulayıb. Üstəlik, Fransa hərbi attaşelərinin İrəvanda danışıqlar apardıqları rəsmi təsdiqini tapıb. 

Fransa – Ermənistan əməkdaşlığı müstə­visindəki iddialardan biri də budur ki, Paris Nigeri Ermənistanla mübadilə etmək niyyə­tindədir. Belə bir düşüncə hakimliyi varsa, deməli, Fransanın Nigerdən çıxardığı hərbi qüvvələri Ermənistanda yerləşdirməsi müm­kündür. Hər halda belə fikirlər dolaşmaqdadır. Maraqlıdır, o da iddia olunur ki, Parisin hədəfi Zəngəzur dəhlizidir. Dünya siyasətindəki nü­fuzunu itirmiş Fransanın bu dəhlizdə iştiraka, onun təhlükəsizliyinin təminatına qoşulmağa çalışdığı bildirilir. Qafan və Gorusda konsullu­ğun açılması da bu planın tərkib hissəsi olaraq qiymətləndirilir. 

Qeyd edək ki, NATO ölkəsi Fransanın Rusiyanın hakim rol oynadığı Kollektiv Təh­lükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistana hərbi yardım göstərməsinin qey­ri-mümkünlüyü əvvəllər də çox bildirilirdi. Bunu, hətta İrəvan tərəfi, müəyyən mənada, giley şəklində yada salırdı. Ermənistandakı siyasi dairələr isə deyirdilər ki, Paris sözdə dəstək məntiqi ilə İrəvanın illüziyaya qapıl­masına şərait yaradır və bu, yekunda Azər­baycanın sərt davranmasına gətirib çıxarır, Ermənistan zərər görür. Ancaq indi vəziyyət nisbətən fərqlidir. 

Əvvəla, Paşinyan administrasiyasının Rusiya ilə münasibətlər kontekstində, eyni zamanda, KTMT-yə qarşı çıxma əzmi xeyli güclənib. Erməni iqtidarı hazırda anti-Moskva xəttinə Gümrüdəki, yəni Türkiyə ilə sərhəd­dəki 102-ci rus hərbi bazasına qarşı çıxmağı əlavə edib. İrəvan Kremldən həmin bazaya görə illərlə ödənməmiş icarə haqqını tələb et­məyə başlayıb. Deməli, Nikol 102-ci bazanın ölkədən uzaqlaşdırılmasına artıq start verib. 

Bütün bunlar onu deməyə əsas verir ki, N.Paşinyanın bir müddət əvvəl bildirdiyi kimi, Ermənistan özünün təhlükəsizlik alətlərinə əl gəzdirməyə girişib. Mövcud istiqamətdə­ki fəaliyyətin isə birbaşa Azərbaycana qarşı yönəldiyi aşkardır. İndiki halda söhbət Fran­sadan düşürsə, bu NATO ölkəsinin İrəvana hərbi yardım baxımından alyans çərçivəsin­dəki silahlardan deyil, daxili istehsal məhsu­lu sayılan silah-sursat verməsi mümkündür. Bunlar əsasən atıcı silahlardan, qismən iri çap­lı olmayan artilleriya qurğularından və zirehli transportyorlardan ibarət ola bilər. Ən böyük hədiyyə hava hücumundan müdafiə sistem­ləridir. Yeri gəlmişkən, erməni mediasında bununla əlaqədar, hələlik, səthi məlumatlar dolaşmaqdadır. 

Sonda bir daha deyək ki, bəli, Ermənistan Azərbaycanla yeni müharibə hazırlığındadır. İndi tam aydın görünür ki, vaxtilə “Qara­bağ xalqının” öz müqəddaratını təyin etməsi oyunu, antiterror tədbirlərinədək Qarabağ er­mənilərinin hüquq və təhlükəsizliyi məsələsi yalnız bir bəhanə idi. Necə ki, Paşinyan 2019-cu ildə “Qarabağ Ermənistandır və nöqtə” de­mişdi, indi də onun komandası reallaşdırdığı kurs ilə eyni düşüncədədir. Erməni iqtidarı, heç bir halda, Azərbaycanın ərazi bütövlüyünü qəbul etmir və həmin ərazilərə qəsb barədə, o cümlədən, qəsb üçün zəmin yaratmaq barədə düşünür. Deməli, əsgərlərimizin, hərbi qulluq­çularımızın barmaqları daim tətikdə olmalıdır. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət