Təxribatçı himayədar

post-img

Yaxın gələcəkdə Avropa İttifaqının Ermənistan üzrə missiyasının genişlənməsi nəzərdə tutulur. Bu bəyanatla missiyanın rəhbəri Markus Ritter çıxış edib. Markus qeyd edib ki, Qafanda missiyanın funksional mərkəzi artıq fəaliyyətə başlayıb. Bütövlükdə, missiyanın Ermənistan ərazisində 6 əməliyyat bazasını yaratmaq niyyətində olduğunu bildirən Markus bu prosesin bölgədə sülh və təhlükəsizliyə töhfə verəcəyini vurğulayıb.

Avropa İttifaqı missiyasının genişlənəcəyi xəbəri Ermənis­tanda böyük sevinclə qarşıla­nıb. Gözlənilən yeniliklə bağlı mətbuata açıqlama verən Sünik vilayətinin qubernatoru Robert Qukasyan missiyadan gözlən­tilərinin böyük olduğunu bildirib. Qukasyan ümid etdiyini bildirib ki, Avropa İttifaqı missiyasının genişlənməsi Azərbaycan üçün çəkindirici təsirə malik olacaq, sərhəd bölgələrinə sülh və sabit­lik gətirəcək.

Robert Qukasyanın açıq­lamasından göründüyü kimi, ermənilər Avropa İttifaqı missiyasının Er­mənistan ərazisində genişlənməsini Azər­baycana qarşı ciddi mübarizə vasitəsi – keçilməz sipər hesab edirlər. Ermənilərin fikrincə, Avropa İttifaqı missiyasının böl­gədə mövcudluğu onlara Azərbaycana qarşı terror və təxribat siyasətini daha rahat ortamda davam etdirmək imkanı verəcək. 

Doğrudanmı, Avropa İttifaqının böl­gəyə gəlişində əsas məqsəd Ermənistanı müdafiə etməkdir? Ermənistanın Avropa İttifaqı missiyasının çətiri altında Azər­baycana qarşı rahat şəkildə təxribatlar həyata keçirməsi, cəzasız qalması müm­kündürmü?

Yalan deməyə nə var?

Ermənistan hakimiyyətinin özünə və sadə ermənilərə dediyi ən böyük yalan Avropa İttifaqının bölgəyə erməniləri mü­dafiə etmək məqsədi ilə gəlməsi ilə bağ­lıdır. İrəvan həm özünü, həm də erməni toplumunu inandırmağa çalışır ki, Avropa İttifaqı missiyasının bölgəyə gəlməkdə yeganə məqsədi erməniləri himayə et­mək, onların terror və təxribatına bəraət qazandırmaqdır. 

Halbuki, missiyanın bölgəyə Ermənis­tan üçün deyil, Avropa İttifaqının öz ma­raqları konteksində gəldiyi kimsəyə sirr deyil. Avropa İttifaqı onu bölgəyə dəvət edən Ermənistanın çağırışına Rusiyanı Cənubi Qafqazdan çıxarmaq, bu ərazidə Qərbin maraqlarını etibarlı şəkildə mü­dafiə etmək baxımından fürsət kimi qiy­mətləndirməkdədir. Missiyanın Ermənis­tandakı mövcudluğu Cənubi Qafqazdan Rusiyanın sıxışdırılıb çıxarılması, Qərbin bölgəyə gəlişi ilə yanaşı, İran və digər re­gion dövlətləri ilə münasibətlər baxımın­dan da mühüm önəm kəsb edir. Avropa İttifaqı missiyası bölgədə Rusiya ilə ya­naşı, həm də İranın təsirinin maksimum zəiflədilməsinə çalışacaq ki, bu da Qərbin ənənəvi maraqlarına uyğundur. Ən əsa­sı, missiyanın bölgəyə gəlişi Ermənis­tanın tarixi və ənənəvi himayədarı olan Rusiyanın təsir dairəsindən qeyd-şərtsiz çıxaırlması, İrəvanın siyasi baxımdan müstəqilləşməsi demək deyil. Bu, sadəcə olaraq, Ermənistanın sahibini dəyişməsi deməkdir. Başqa sözlə desək, Ermənis­tan bundan sonra da nökər funksiyasını yerinə yetirməkdə davam edəcək. Sadə­cə, bundan sonra, o, bu xidməti Rusiyaya deyil, Avropa İttifaqına göstərəcək. 

Rusiyanın bölgədən asanlıqla get­məyəcəyi, lazım gələrsə, öz mövcudluğu­nu qorumaq üçün hərbi vasitələrə əl ata biləcəyini nəzərə alsaq, Ermənistan üçün vəziyyətin yaxın gələcəkdə ikiqat mürəkkəbləşəcəyi istisna deyil. Rusiya hansısa şəkildə bölgədəki mövcudluğunu davam etdirəcəyi təqdirdə Ermənistanın bir deyil, iki sahibi olacaq ki, bu da İrəvanın iki fərqli ağaya eyni vaxtda nökərçilik etmək zorunda qalacağı deməkdir.

Təxribatlara sərt cavab veriləcək

Ermənistan siyasi rəhbərliyinin açıqlamalarından bəlli olur ki, rəs­mi İrəvan Avropa İttifaqı missiya­sını Azərbaycana qarşı əsas sipər hesab edir. İrəvanın qənaətincə, missi­yanın bölgədə mövcudluğu fonunda Er­mənistanın Azərbaycana qarşı cəsarətlə militarist siyasət yürütməsi mümkündür. Ancaq İrəvan bütün digər məsələlər­də olduğu kimi, bu məsələdə də yanılır. Azərbaycan Avropa İttifaqı missiyasının bölgədə mövcudluğu fonunda belə er­məni təxribatlarına sərt reaksiyalar verib ki, bu da rəsmi Bakının kimsədən çəkin­mədiyini, öz təhlükəsizliyni təmin etmək üçün lazımi qətiyyəti sərgiləməyə qadir olduğunu göstərir. Bu baxımdan, bölgədə Rusiya sülhməramlılarının, yaxud Avro­pa İttifaqı missiyasının mövcudluğundan asılı olmayaraq, Azərbaycanın bundan sonra da erməni təxribatlarının qarşısı­nı əzmlə alacağı birmənalıdır. Nə ermə­nipərəst dairələrin verdiyi bəyanatlar, nə də İrəvan və havadarlarının təhdid dolu mesajları Azərbaycan üçün əngəl sayıla bilməz. Azərbaycan terror və separatizmə qarşı mübarizədə sona qədər prinsipiallıq sərgiləməkdə israrlıdır və bütün dünya bundan sonra da bunun şahidi olacaq. 

Seymur ƏLİYEV

Siyasət