Separatçılara qucaq açan, kataloniyalılara düşmən kəsilən sinyor Borrell

post-img

Söhbət Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin qərəzli fəaliyyətindən gedir

Qərbin bəzi siyasətçiləri müəmmalı maraqları naminə erməni şovinizminə, qəsbkarlığına dəstək verməkdən vaz keçmirlər. Belələrinin sırasında özlərini müstəqil insan haqları müdafiəçiləri adlandıranlar, sabiq səlahiyyət sahibləri ilə yanaşı, hazırda “Qoca qitə”nin nüfuzlu təşkilatlarında, institutlarında yüksək vəzifələr tutan məmurlar da yer alır. Onlar Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində, yaxud sülh danışıqlarının müəyyən raundunda, ələlxüsus da, bölgədə baş verən hərbi-siyasi xarakterli insidentlər zamanı bir mərkəzdən əmr alıbmış kimi, xorla hayların “alovlu müdafiəçiləri” rolunda çıxış etməyə başlayırlar. Son vaxtlar həmin xorda “əzabkeş hayların müdafiəsi” üçün bariton səslə oxuyanlardan biri də Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, kataloniya əsilli Cozep Borrelldir.

Avropanın təhlükəsizlik məsələlə­rini “kökündən həll edən” sinyor Bor­rell indi də Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində məs­kunlaşan erməni icmasının “humani­tar böhran”la üzləşdiyi barədə ənənə­vi erməni təbliğatına “züy tutmaqla” məşğuldur. Ona bu barədə “səhih və müfəssəl” məlumatı telefonla Hayas­tanın xarici işlər naziri Ararat Mirzo­yan verib. Erməni təəssübkeşi olan həmsöhbətilə telefon danışığında Mirzoyan onunla regional təhlükəsiz­lik məsələlərlə bağlı fikir mübadiləsi aparıb. O, Borrellə Meşəli qətliamı­nın günahkarlarından olan Vaqif Xa­çatryanın Azərbaycan sərhədçiləri tərəfindən həbs edilməsini “huma­nitar hüququn kobud şəkildə pozul­ması” kimi qələmə verib. Bu “hüquq pozuntusuna” qarşı mübarizələrində beynəlxalq birliyin yardıma çağırıl­masının vacibliyini qeyd edən Mirzo­yan burada sinyor dostunun xidmə­tindən yararlanmağı da unutmayıb. Ermənistanın baş diplomatı bir az da irəli gedərək, “Dağlıq Qarabağ (?) xalqının hüquq və təhlükəsizliyi məsələlərinin beynəlxalq mexanizm çərçivəsində həllinin vacibliyini” də ispan siyasətçinin diqqətinə çatdırıb. Cavabında Cozep Borrell hay həmka­rını “Azərbaycanın Dağlıq Qarabağda (?) etnik təmizləmə aparmağa yönəl­miş hərəkətlərinin qarşısını almaqdan ötrü beynəlxalq arenadakı tərəfdaşla­rı tərəfindən “kəskin” addımların atıla­cağına” əmin edib.

* * * 

Qarabağın erməni əhalisinin Er­mənistana gedib-gəlməkdən ötrü təhlükəsiz və rahat Ağdam yolundan deyil, məhz “Laçın dəhlizindən” istifa­dədə inad göstərmələrinə də məhz bu kontekstdən yanaşmaq lazımdır. Yəni, suveren Azərbaycanın Konstitusiya­sına açıq-aşkar zidd hərəkətlərə yol verən ermənilər özlərinə beynəlxalq arenada “müdafiəçilər” axtarışına çıxıblar. Bəs bunu sivil dünyanın hansı dövləti qəbul edər? Bu məsələdə sül­hün təəssübkeşi, Aİ Şurasının sədri Şarl Mişelin ofisinin tutduğu mövqe kifayət qədər konstruktivdir. Açıq deyə bilərik ki, məhz onun sayəsində Bakı Qarabağ erməniləri üçün alternativ Ağdam yolu variantının münasib ol­duğunu beynəlxalq səviyyədə qəbul etrdirməyi bacardı. Düzdür, bu variant hələlik İrəvan iqtidarı və Xankəndidəki qondarma rejim tərəfindən qəbul olun­mayıb, amma məsələyə Vaşintonun da loyal münasibəti siyasi müstəvidə Azərbaycanın mövqeyini gücləndirən amil sayılmalıdır. Amma həmin Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti ad­lanan idarəsinin müdiri qurumun ali rəhbərindən fərqli mövqe nümayiş et­dirməklə bu qitə təşkilatının nüfuzuna xələl gətirir. Özü Kataloniyadan olsa da, müstəqillik eşqi ilə yaşayan həm­vətənlilərinə nifrəti ilə seçilən Borrell indi də, hər şeydən göründüyü kimi, ixtiyar çağında şəxsi marağını güd­məklə məşğuldur. 

ARAYIŞ: 76 yaşlı Cozep Bar­rell-Fontelyes Kataloniyada (İspani­ya) doğulub. İspaniya Sosialist Par­tiyasının üzvüdür. 20 iyul 2004-cü ildən 16 yanvar 2007-ci ilədək Avropa Parlamentinin sədri olub. 2019-cu il dekabrın 1-dən Avropa İttifaqının Xa­rici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsidir. 2018-ci il iyunun 7-dən 2019-cu il noyabrın 30-dək İs­paniyada Pedro Sançes hökumətində Xarici işlər naziri işləyib.

* * *

Bölgədə cərəyan edən son ha­disələrə hüquqi prizmadan yanaşan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Avro­panın Qarabağ məsələsində tərəf­lərə bu gün də ikili standartlarla ya­naşmasına diqqəti çəkdi. Beynəlxalq məsələlər üzrə tanınmış eksper he­sab edir ki, Qərbin bir çox dairələri işğalçı Ermənistana dəstək nümayiş etdirsə də, Azərbaycan özünün su­veren hüquqlarından heç vaxt imtina etməyəcək: “İrəvan üç ildir ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyana­tın 9-cu bəndini yerinə yetirməkdən imtina edir. Bu bəyanat restoranda verilən menyu deyil ki, müştəri ürəyi istədiyi təamı seçsin, istəmədiyindən vaz keçsin. Bu, dəqiq və məqsəd­yönlü bəyanatdır və onun doqqu­zuncu bəndində maneəsiz keçiddən danışılır. Ermənilər bu ifadə altında özlərinin pasport rejimli gömrük nə­zarətini anladıqlarını bildirirlər. Hətta Laçını da özlərinin suveren ərazisi hesab edirlər. Amma, əslində, tama­milə əksinədir. Məhz Azərbaycanın özünün suveren ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsini yarat­masına beynəlxalq hüquq da mane ola bilməz. İndi avropalı siyasətçilər, o cümlədən rusiyalı ekspertlər də bu məsələdə erməni tərəfinin versiya­sını qəbul etməyə üstünlük verirlər. Amma bu, heç nəyi dəyişmir”. 

Beləliklə, qeyri-rəsmi antrakt elan edilmiş Ermənistan-Azərbaycan sülh danışıqlarının növbəti raundundan əvvəl tərəflərdən biri xarici təsirlərin effekti altında dialoq prosesinə ziyan verə biləcək hərəkət və davranışlar sərgiləyir. Bu zaman İrəvan siyasi şantaj hesab olunan “humanitar böh­ran”, “karvan şou”, “etnik təmizləmə” kimi feyk-diplomatiyadan yararlan­mağa və bununla da nəyəsə nail ol­mağa çalışır. Əlbəttə, başlanğıcdan uğursuzluğa düçar olacağı şübhə doğurmayan belə faydasız səylər vaxt itkisindən qeyri bir şey deyil. Hansı siyasi texnologiyaları tətbiq edirlərsə-etsinlər. Bakı hayların və onlara züy tutanların separat fəaliy­yətinin qarşısını qətiyyətlə almağa hər an hazırdır. 

İ.HƏSƏNQALA, “Xalq qəzeti”





Siyasət