Fransa portalında Şuşadan reportaj

post-img

Fransanın “Musulmans en France” portalı Azərbaycanın Qarabağ bölgəsi, o cümlədən Şuşa ilə bağlı reportaj yayımlayıb. 

Azərbaycanın Rus İcması sədrinin birinci müavini, siyasi icmalçı, CBC te­lekanalının müxbiri Anastasiya Lavrina tərəfindən dünyaşöhrətli fotojurnalist Rza Deqati ilə birlikdə hazırlanan reportajda birinci müharibədən sonra Azərbaycanın Qarabağ bölgəsində, o cümlədən Şuşada ermənilər tərəfindən törədilmiş kütləvi da­ğıntılar və talanlar barədə danışılır, şahid ifadələrinə geniş yer verilir. 

Reportajda 2020-ci ildə 44 günlük mü­haribədə azad edilən Şuşanın Azərbayca­nın mədəniyyət paytaxtı olduğu bildirilir. Qeyd olunur ki, Şuşanın azad edilməsi Prezident, Ali Baş Komandan İlham Əli­yevin rəhbərliyi ilə Azərbaycan Ordusu­nun keçirdiyi uğurlu döyüşlərin nəticəsidir. Şuşa şəhərinin azad olunması ilə Azər­baycanın ərazi bütövlüyü bərpa edilib. 

Süjetdə, həmçinin Şuşanın tarixi haqqında məlumat verilir. 

Anastasiya Lavrina və Rza Deqati Bi­rinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı, 1992-ci ildə Şuşa özünümüdafiə batalyonunun yaradıcısı Ramiz Qəmbərovun ailəsin­də olub. Milli Qəhrəmanın qardaşı Hafiz Qəmbərov və digər yaxınları onunla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, R.Qəm­bərov Şuşanı bütün qəlbi ilə sevirdi və doğma şəhəri uğrunda son nəfəsinə qədər döyüşdü. Hafiz Qəmbərov Şuşada olan evlərinin dağıntıları qarşısında göz yaşla­rını saxlaya bilmir, başlarına gələnləri nəql edir. Bildirir ki, 1992-ci ildə şəhər işğal olu­nanda bütün əhali mal-mülkünü qoyaraq şəhəri tərk edib. 

Reportajda Rza Deqati də şəxsən tanıdığı Ramiz Qəmbərovla son görüşü barədə xatirələrindən danışır. Qeyd edir ki, 1992-ci ilin aprelində Şuşa mühasirəyə alı­nanda o, Ramiz Qəmbərovla çay süfrəsin­də bir şəkil çəkib və onu “Şuşada sonuncu çay” adlandırıb. Sonradan bu şəkil nəinki Azərbaycanda, bütün dünyada ən məşhur fotolardan birinə çevrilib. 

Rza Deqati Ramiz Qəmbərovun qəh­rəmanlığından da danışıb. Bildirib ki, o, Şuşadan çıxmayacağını, şəhəri müdafiə edəcəyini və son damla qanına qədər dö­yüşəcəyini deyib, həyatda olduğu müd­dətdə buradan heç bir düşmənin keçə bilməyəcəyini qeyd edib. R.Deqati Ramiz Qəmbərovun çox zarafatcıl biri olduğunu, yoldaşları ilə daim deyib-güldüyünü bildirib. 

Süjetdə, həmçinin diqqətə çatdırılıb ki, işğal illərində Şuşadakı məscidlər, tarixi və mədəniyyət abidələri dağıdılıb, tanın­mış şəxsiyyətlərin, o cümlədən Natəva­nın, Üzeyir Hacıbəyli və Bülbülün büstləri vandalizmə məruz qalıb və satılıb. Yalnız Şuşa azad edildikdən sonra həmin heykəl­lər əvvəlki yerinə qaytarılıb. 

Sonda vurğulanıb ki, Şuşa uğrunda canlarını qurban verən şəhidlərin ruhu bu gün şaddır. Çünki onların uğrunda canla­rından keçdiyi Şuşa bu gün azaddır. 

“Xalq qəzeti”

Son xəbərlər