Kremlin İrəvana və Bakıya ünvanladığı çağırış onun vasitəçilik missiyasına uyğun gəlmir
“Ərazi mübahisələri Ermənistan–Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesi zamanı həll edilməlidir”. Rusiya XİN-in rəsmisi bununla haqqında danışdığı problemin məhz Moskvanın təqdim edəcəyi xəritə(lər) əsasında həll edilməli olduğuna işarə vurur. Yəni, Kreml bu açıqlaması ilə sərhədlərin müəyyənləşdirilməsi məsələsini bir növ münaqişə tərəflərinin öz öhdəsinə buraxmağa çalışır. Deyəsən, rəsmi Moskva tərəflər arasında sülh danışıqlarının bu seqmenti üzrə vasitəçiliyini zəiflətməyə qərar verib. Onun diplomatiya idarəsinin nümayəndəsinin açıqlamasından bu qənaətə gəlmək mümkündür.
Bakı Azərbaycanın bolşeviklər tərəfindən işğalından, burada Sovet hakimiyyəti qurulandan sonrakı yetmiş il ərzində Moskvada hazırlanmış hərbi, mülki xarakterli xəritələr üzrə İrəvanla sərhədin delimitasiya və demarkasiyasına başlamağa hazır olduğunu bildirib. Baxmayaraq ki, barəsində daha çox danışılan, SSRİ Silahlı Qüvvələrinin 1975-ci ildə hazlırladığı hərbi xəritə anklavlar məsələsinin həllini çətinləşdirə biləcəyindən Bakıya sərf eləmirdi. Amma elə həmin xəritə ilə bağlı seçimdə daha çox çətinlik yaşayan biz yox, Ermənistan iqtidarıdır.
Bəli, sərhəd xətti müəyənləşmədən münaqişə tərəfləri arasında sülh sazişinin imzalanması qeyri-real görünür. Əslində, istər şərti sərhəd zolağı boyu, istərsə də, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi rayonumuzda separatçı-revanşist daşnak quldurlarının tərətdiyi silahlı təxribatların əsas səbəbi sərhədin delimitasiya edilməməsidir.
Altıncı görüşün vaxtı bilinmir
Kremlin təşəbbüsü ilə yaradılmış, nəqliyyat kommunikasiyalarının açılması üzrə Azərbaycan, Rusiya və Ermənistan birgə işçi qrupunun bu günədək dörd görüşü reallaşıb. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistan tərəfdən Mqer Qriqoryanın, Azərbaycan tərəfdən isə Şahin Mustafayevin iştirakı ilə işçi qrupunun Moskvada gerçəkləşən dörd görüşündə problemin həlli istiqamətində müəyyən irəliləyişin əldə edildiyini açıqlasa da, müzakirələrdə konsensusa gəlmək mümkün olmayıb. Aydın məsələdir ki, iki respublika arasında kommunikasiya xətlərinin açılması birbaşa sərhədin delimitasiyası mərhələsindən keçir. Ötən ay Qazaxdakı şərti sərhəd zolağında görüşən işçi qrupunun üzvlərinin demarkasiya ilə bağlı təmaslarından konkret nəticə hasil olmayıb. Moskvada sonuncu 12 iyul müzakirələrindən sonra üçtərəfli işçi qrupunun altıncı görüşünün nə vaxt və harada keçiriləcəyi hələlik məlum deyil.
Siyasi ekspertlərin bir qismi belə hesab edir ki, növbəti danışıqlarda xəritə məsələsi mühüm rol oynamayacaq. Yəni demarkasiya və delimitasiya prosesi indiki situasiyaya uyğun olaraq həyata keçiriləcək, amma 1975-ci il xəritələrinin əsas götürülməsi Azərbaycanın maraqlarına cavab vermir. Onlar hesab edirlər ki, bu halda rəsmi Bakı hazırda yerləşdiyi ərazilərdən geri çəkilməyə məcbur ola bilər. Azərbaycan heç vaxt buna getməyəcək, çünki o, qalib tərəfdir.
Əgər hər şey edilsəydi...
Qayıdaq Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın iki gün bundan əvvəl düzənlədiyi brifinqə. Daha doğrusu, onun həmin brifinqdə “Rusiya regionda Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhə və razılaşmaya nail olunması üçün hər şey edir” – açıqlamasına. Moskva, Zaxarovanın dediyi kimi, doğrudanmı, Bakı və İrəvan arasında dayanıqlı sülhün əldə edilməsi, bölgədə sabitliyin bərqərar olması üçün əlindən gələn hər şeyi edir? Əgər Rusiya XİN-in təşəbbüsü, eləcə də sonuncu dəfə rəsmi dəvəti ilə Moskvada keçirilən zirvə görüşlərində sülh sazişinə doğru hansısa müsbət addım atılsaydı, bu halda suala müsbət cavab vermək mümkün olardı. Düzdür, bu kontekstdə danışarkən M.Zaxarova Rusiyanın iştirakı ilə yüksək səviyyələrdə silsilə görüşlərin keçirildiyini və sülhə nailolma prosesində Moskvanın fəallığının azalmasından söhbətin belə getmədiyini vurğulayıb. Amma, təəssüf ki, hələlik bu istiqamətdə hissediləcək bir irəliləyiş müşahidə etmirik.
“Biz Cənubi Qafqazla bağlıyıq və digər öhdəliklərimizi də yerinə yetiririk”, – deyə Kremlin mövqeyini bir daha həm İrəvan və Bakının, həm də kənar aktorların nəzərinə çatdıran XİN rəsmisinin sözlərinə görə, “Rusiya bütün məsələlərin, hətta ən çətin problemlərin həllində tərəflərə konsultativ, ekspert və sənədli yardım göstərməyə hazırdır”. Sözdə hər şey qaydasındadır, əmələ, konkret işə gəldikdə isə...
Bakı–Xankəndi dialoquna kim mane olur?
Görünən odur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya sülhməramlılarının Qarabağdan getmə müddəti ilə bağlı açıqlaması, eləcə də Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycan ərazisi kimi tanıması Kremlin divarları arasında heç də xoş qarşılanmayıb. Elə sülh danışıqlarının indiki mərhələsində Moskvanın qərbli vasitəçilərlə müqayisədə kifayət qədər səy göstərməməsi müəyyən mülahizələrə yol açır. Xanım Zaxarova Rusiya tərəfindən duyulan bu zəifləməni digər amilləri önə çəkməklə malalamağa çalışır: “Bizim sülhməramlılarımız mühüm funksiyaları yerinə yetirirlər. Buraya əsirlərin mübadiləsi, minaların təmizlənməsi, insidentlərin tənzimlənməsi və humanitar yardımın göstərilməsi daxildir”. Hayastan rəhbərliyinin bir sıra əsas məsələlərdə qeyri-müəyyən mövqe tutduğuna diqqəti yönəldən Rusiya XİN-in rəsmisi İrəvanın siyasi ritorikasının yolverilməzliyi barədə də fikirlərini açıqlayıb: “Sözlərlə hoqqabazlıq yaxşılığa aparmır. Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsinə töhfə verməsi dəfələrlə qeyd edilib. Bütün bunları şübhə altına almaq cəhdləri yalnız suallar doğurur”.
Rusiyanın Xankəndi ilə Bakı arasında dialoqun başlanmasına tərəfdar olduğunu deyən Mariya Zaxarova bu mövzunun tərəflərlə təmaslarda gündəlikdə saxlandığını qeyd edib. Onun sözlərinə görə, Rusiya heç bir ilkin şərt irəli sürmür və o, Qarabağda artan gərginlik fonunda tərəflərin yanaşmalarını bir-birinə yaxınlaşdırmaq üçün ciddi şəkildə çalışır.
Oxuculara xatırladaq ki, martın 1-də Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi, Milli Məclisin deputatı Ramin Məmmədov Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində Xocalı şəhərində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Bu, hələlik, birinci və sonuncu görüşdür. Ardınca Azərbaycan hakimiyyəti erməni icmasını dialoq üçün Bakıya dəvət etdi, amma qarşı tərəf bu təklifdən imtina elədi. Bakının təkrar təkilfinə də mənfi cavab veriləndən sonra təşəbbüslər də kəsildi, dialoq da. Bu “kəsilmə”də əsas maraqlı tərəf kimdir görəsən? Mariya Zaxarova günün ən böyük sualını cavablandırmağa, nədənsə, tələsmir...
Yeganə HACIYEVA,
politoloq
– Rusiyanın Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası məsələsində spekulyasiyası 44 günlük Vətən müharibəsindən sonra ən çox istifadə etməyə çalışdığı mövzudur. Bəli, delimitasiya və demarkasiya həyata keçirilmədən sülh sazişinin dayanıqlı olması mümkün deyil. Amma, bu, heç bir halda tərəflərin sülh müaqaviləsini imzalaya bilməz anlamına gəlmir. İndi hər şey siyasi iradədən asılıdır və biz bu gün Ermənistan iqtidarında bunu görmürük. Bu fakt hamıdan yaxşı Moskvanın özünə məlumdur.
Ümumilikdə, üçtərəfli bəyanatın şərtlərinin icrasının təşkili və ona nəzarət edilməsi Rusiyanın boynundadır. Həmçinin, üç ölkənin baş nazir müavinləri səviyyəsində fəaliyyət göstərən işçi qrupu 2020-ci il 10 noyabr tarixli Bəyanatın reallaşması istiqamətində yerində sayan, ən az payı olan mexanizmdir. Bu qrupun digər treklərdə də fəaliyyəti qənaətbəxş deyil. Buna görə də Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarovanın iki ölkə arasında sərhədin delimitasiya və demarkasiyası ilə bağlı söylədikləri ilə razılaşmaq olar.
Fəqət, yenə deyirik, bu məsələdə Kremlin spekulyasiya taktikasını da qeyd etmək vacibdir. Çünki xəritələrlə bağlı İrəvandan verilən açıqlamaların birbaşa Moskvanın özündən qaynaqlandığını deyə bilərik. Rusiyanın istər xəritələr, istər sülh danışıqları, istərsə də sülhməramlı kontingentin Qarabağda qalma müddəti yönündə spekulyasiyalarının şahidi olmuşuq. Ermənistanın son aylar şərti sərhəddə törətdiyi sobatajları da Şimal qonşumuzun arxada çevirdiyi oyunların nəticəsi hesab etmək olar.
Əslində, bu, son illər Rusiyanın xarici siyasətində yürütdüyü taktiki gedişlərindən biri kimi də qəbul edilməlidir. Bəli, Kreml üçün Ermənistan-Azərbaycan münasibətlərində müsbətə doğru irəliləyiş maraqlı deyil.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”



