Paşinyanın növbəti “münəccim”liyi

post-img

Ermənistan baş naziri Nikol Pa­şinyan, necə deyərlər, ağzını açıb, gözünü yummaqla məşğuldur. O, ölkə hökumətinin dünən keçiril­miş iclasındakı çıxışında bildirib ki, Azərbaycan Ermənistana qarşı ərazi iddiası irəli sürməyə cəhd göstərir. 

Paşinyanın belə “münəccim”li­yinin, əslində, nə ilə bağlı olduğunu müəyyənləşdirmək o qədər də çətin deyil. Məsələ burasındadır ki, erməni baş nazir ölkəsinin, eləcə də dünya erməniliyinin və ermənipərəst qüv­vələrin anti-Azərbaycan ritorikasını körükləmək istəyir. Ancaq məsələ yalnız bunda da deyil...

Qeyd edək ki, Paşinyanın Azərbayca­nın Ermənistana ərazi iddiası irəli sürmək istədiyini bildirməsi heç də indinin söhbəti deyil. Görünür, baş nazir ölkəmizin bütün davranışlarını mövcud xüsusda izah et­mək potensialını özündə, kifayət qədər, ciddi bəsləyib. Ona görə hər fürsətdə belə sarsaq fikirləri səsləndirməyə öyrən­cəlidir. 

***

Sarsaqlıqdan söz düşmüşkən, Nikol təbiətinə hakim kəsilmiş bu xüsusiyyətini daha qabarıq şəkildə Ali Avrasiya İqtisadi Şurasının bu il mayın 25-də Moskvada keçirilmiş geniş tərkibdəki iclasında orta­ya qoymuş və gülünc vəziyyətə düşmüş­dü. Paşinyan toplantıya qonaq qismində qatılmış Prezident İlham Əliyevin söylə­diklərinə münasibət bildirərkən, demişdi ki, Azərbaycanın dövlət başçısı çıxışında son illər Ermənistana qarşı ərazi iddiala­rının irəli sürülməsinə əsas verən ifadə­dən istifadə edib. 

Məlum olduğu kimi, ölkəmizin lideri sözügedən tədbirdə Zəngəzur dəhlizi­nin perspektiv iqtisadi faydalarından söz açmışdı. Əlbəttə, cənab İlham Əliyevin Nikola cavabı da tutarlı olmuşdu: “Mən, əlbəttə, diskussiya açmaq istəmirəm. Lakin Ermənistana qarşı ərazi iddiaları­mızın olması barədə ittihamlar səsləndi­yinə görə demək istəyirəm ki, bizim belə iddialarımız yoxdur. Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır. Mənim istifadə etdiyim “dəhliz” sözünə gəldikdə, o zaman mən bu kəlməni dəqiq olaraq “Şimal–Cənub” dəhlizinə münasibətdə də işlətmişəm, bu söz elə həmin dəqiqlik­lə “Şərq–Qərb” dəhlizinə münasibətdə də istifadə olunur. “Dəhliz” sözü heç də ki­minsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan in­sanlar, yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər”.

***

Bəli, Azərbaycan Prezidentinin təbi­rincə desək, Nikol Paşinyan yenə fanta­ziyasını işə salaraq, “canfəşanlıq” etmək­dədir. O, fikrini Laçın yolunun bloklanması və Qarabağda humanitar böhran kimi qondarma məsələlərə yönəldərək bildirib ki, ölkəsinin “tır”ları yollarda qalmaqdadır. Daha doğrusu, Laçın–Xankəndi yolunun başlanğıcındakı şərti sərhəddə – Həkəri çayı üzərində qurduğumuz nəzarət-bu­raxılış məntəqəsinə yaxın zonada. 

Əlbəttə, nəzərə alsaq ki, Nikol fan­taziyasını işə salaraq, Azərbaycan əley­hinə təbliğat aparmaqda püxtələşib, onun həmin “tır”lardakı yüklərin artıq iy­ləndiyini və kif atdığını söyləməsi də tam mümkündür. Görünür, baş nazir bunu başqa çıxışlarına saxlayıb. Hələlik isə o deyib ki, rəsmi Bakı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın (Azərbaycan, Rusiya və Ermənistan lidelərinin imza­ladıqları – red.) şərtlərini kobud şəkildə pozaraq, yük avtomobillərinin Qarabağa doğru hərəkətini əngəlləyir. 

Əlbəttə, Nikola və ya onun komanda­sındakı kiməsə Ermənistanın sözügedən bəyanatın müddəalarını pozub, qey­ri-qanuni hərbi birləşmələri Qarabağdan çıxarmadığını xatırlatmağın heç bir fay­dası yoxdur. Çünki onlar üçün üçtərəfli razılaşma manipulyasiya vasitəsindən başqa bir şey deyil. 

Məsələn, həmin sənəddə Qarabağ ermənilərinin Azərbaycanla təmasın­da hüquqi mexanizmlərin mövcudluğu barədə heç nə olmadığı halda, hazır­da erməni iqtidarı məsələni beynəlxalq müstəviyə çıxarmaq yolunu tutur. Bə­yanatda Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında quru yolunun təmin edilməsi öhdəliyi İrəvan üzərinə qoyulsa da, Ermənistan bundan yayınır. Deməli, Paşinyanın Azərbaycan Prezidentinin fi­kirlərinə qarşı öz aləmində, guya, arqu­ment qoymaq üçün Zəngəzur dəhlizinə “ilişməsi”, elə üçtərəfli bəyanata qarşı çıxmaq idi. Qayıdaq günümüzə.

***

Paşinyanın Ermənistan hökumətinin iclasında səsləndirdiyi ikinci absurd fikrə diqqət yetirək. Nikol deyir ki, bəs, iyunun 15-də Laçın dəhlizi müstəvisində yaran­mış insident zamanı, guya, Azərbaycan Ermənistan ərazisinə bayraq asmağa cəhd göstərib və qarşı tərəf buna imkan verməyib. 

Maraqlıdır, Azərbaycanla Ermənistan arasında sərhəd xətti müəyyən olunub ki? Nikol və onun komandası iki ildən də artıq bir müddətdə sərhədlərin delimitasi­yası və demarkasiyana mane olursa, er­məni baş nazir bu fikri hansı haqla dilinə gətirir? Üstəlik, Azərbaycan ərazisində – Qarabağda qondarma erməni rejiminin bayrağının dalğalandığı yerlər var. Niko­lun məntiqi ilə yanaşsaq, ölkəmizin hərb­çiləri həmin bayraqların asıldığı əraziləri atəşə tutmalıdırlar. Həm də ona görə ki, baş nazir Qarabağ daxil olmaqla, Azər­baycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib... 

Bəli, hərbi təxribata, yəni Azərbay­can hərbçilərinə açılan atəşə görə Laçın yolu bağlanmalı idi, bu öz yerində. Əgər Nikol bayraq və ərazi məsələsinə belə ciddi önəm verirsə, o zaman gərək, Azər­baycanın Qarabağ ərazisində anti-ter­ror əməliyyatı aparmasına da dözümlü yanaşsın. Axı, yuxarıda vurğuladığımız kimi, bölgədə erməni hərbi birləşmələri qalmaqdadır. Bakı düşünə bilər və düşü­nür ki, həmin birləşmələr təhlükə mənbə­yidir. 

***

Maraqlıdır ki, Azərbaycan hərbçilə­rinin bayraq sancmaq üçün Ermənistan ərazisinə daxil olduğunu iddia edən və buna görə onlara atəş açıldığını deyən Nikol Paşinyan sərhədlərin delimitasiya və demarkasiyasının aparılmadığını vur­ğulayacaq qədər həyasızlığa da yol ver­məkdədir. Onun həyasızlığındakı daha bir motiv isə Prezident İlham Əliyevin “Euronews” telekanalına müsahibəsində bildirdiyi fikirlərə reaksiya zəminindədir. 

Nikol deyir ki, cənab İlham Əliyev hə­min müsahibədə Azərbaycanın Ermənis­tana qarşı heç bir ərazi iddiasının olmadı­ğını bəyan etməklə yanaşı, Ermənistanla Azərbaycan arasında sərhədlərin müəy­yənləşmədiyini diqqətə çatdırıb. Sən demə, Paşinyan bu fikri də ərazi iddiası kimi görməkdədir. Yenə də fantaziya. Həqiqətən, erməni baş nazirin təfəkkürü­nün mücərrəd güşəsində bəslədiyi səfeh fikirlər bitib-tükənmək bilmir. 

***

Digər tərəfdən, Ermənistan baş nazi­ri, deyəsən, sərhədlərin delimitasiyası və demorkasiyasının, bütövlükdə Bakı–İrə­van sülh prosesinin tərkib hissəsi oldu­ğunu unudub. O prosesin ki, İrəvan on­dan yayınır. Belədə Azərbaycan lideri nə deməli idi ki? Əslində məsələ heç bunda da deyil. Prezident İlham Əliyev fikirlə­rində həmişəki kimi, tam haqlıdır. Döv­lətimizin başçısının söylədikləri reallıqla səsləşir və beynəlxalq hüquqa uyğundur. 

Paşinyan isə, görünür, jurnalist iş­lədiyi dövrü yada salıb, saxta gündəm yaratmaq təcrübəsindən faydalanmaq qərarına gəlib. Çünki o, dövlətimizin baş­çısının fikirlərini kontekstdən çıxararaq, təqdim etmək yolu tutmaqdadır. Yəni, aydındır ki, Azərbaycanın Ermənistana ərazi iddiasının olmadığını bildirməklə, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasının və demar­kasiyasının aparılmadığını vurğulamaq, tamamilə ayrı-ayrı şeydlərdir və bu fi­kirləri birləşdirib Bakının ərazi iddiasında olduğunu demək üçün nəinki güclü fanta­ziya qabiliyyətinə maliklik, eyni zamanda, bitib-tükənməyən sarsaqlıq da lazımdır. 

***

Baş nazir Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sər­hədlər 1991-ci il Alma-Ata Bəyannaməsi ilə müəyyən edilib və 2022-ci il oktyabrın 6-da Praqada dördtərəfli görüşdə təsdiqlə­nib: “Görünür, Bakının planı Alma-Ata Bə­yannaməsində təsbit olunmuş Ermənis­tanla Azərbaycan arasında sərhədə etiraz etmək üçün yer buraxan müddəalarla sülh müqaviləsi imzalamaq və sonra demarka­siya və delimitasiya prosesində Ermənis­tana ərazi iddiaları irəli sürməkdir”.

N.Paşinyan diqqətə çatdırdığımız iqtibasda yer alan fikirləri ilə tipik ermə­ni xislətinə xas xarakterini ortaya qoyur. Söhbət kələkbazlıqdan, fürsətcillikdən gedir. Nəzərə alaq ki, 44 günlük müha­ribədən sonra, bütövlükdə, Ermənistan diplomatiyasının fəaliyyəti məhz bu iki element üzərində qurulub. Bu gün rəsmi İrəvan cidd– cəhd göstərir ki, Bakı ilə im­zalanacaq sülh müqaviləsində Qarabağ erməniləri ilə bağlı ayrıca müddəa yer alsın. Belə bir bəndin mövcudluğu, heç şübhəsiz, həmin ermənilərin Ermənistan­la bağının rəsmiləşməsi anlamına gələ­cəkdir. Bu isə perspektivdə Ermənistana Qarabağ müstəvisində iddia irəli sürmək üçün hüquqi rıçaq verəcəkdir. Deməli, Ermənistan baş naziri öz iqtidarına xas mənfur xarakteri Azərbaycan hakimiyyəti üzərinə transformasiya etmək kimi uşaq­sayağı varianta əl atır.

***

Bəli, göründüyü kimi, Nikol Paşinyan və Ermənistan rəhbərliyi, demək olar, hər gün Azərbaycanla sülhdən yayınmaq üçün müxtəlif bəhanələr qondarmaqda­dır. Belə yanaşma, əlbəttə, olduqca zi­yanlıdır. Həm də ona görə ziyanlıdır ki, ortada qeyri-səmimi mühit formalaşdırır. Əminliklə söyləmək mümkündür ki, Pa­şinyan ölkə hökumətinin dünən keçirilmiş iclasındakı fikirləri ilə səmimiyyətsizliyinə yeni “motivlər” qazandırmış oldu.

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət