Diplomatik və psixoloji savaşın müzəffər sərkərdəsi

post-img

Dövlətimizin başçısının dünya birliyi ilə birbaşa dialoqu: dünəndən bu günə

Azərbaycan Prezidenti İlham Əliyevin nüfuzlu “Euronews” telekanalına müsahibəsindəki ayrı-ayrı məqamları təhlil edərkən, gözlərimiz önündə nəinki bu gün Azərbaycan–Ermənistan münasibətləri, Cənubi Qafqazda sülh gündəliyi ilə, o cümlədən, ölkəmizlə bağlı beynəlxalq miqyaslı anti-təbliğatın ayrı-ayrı məqamları canlanır. O təbliğatın ki, müstəqillik qazandığımız ilk günlərdən başlamış və özünün kulminasiya anına 44 günlük müharibə dönəmində çatmışdı.

***

Vətən müharibəsindən, daha doğru­su, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra, Azərbaycan ictimaiyyətində belə fikir var idi – savaşın psixoloji və daha çə­tin mənzərəsi başlanacaq. Gözləntilə­rin özünü doğrultması üçün zamana ehtiyac qalmadı. Tezliklə Ermənistan rəhbərliyinin, erməni lobbi və diaspor təşkilatlarının, o cümlədən, xaricdəki ermənipərəstlərin “hərəkətə keçdiklə­rini” və ölkəmizə qarşı total antipatiya yaratmağa start verdiklərini gördük. Məqsədləri müharibə nəticəsində ya­ranmış reallıqları dəyişmək, itkilərini minimuma endirmək, onların yerini doldurmaq, bir sözlə, Azərbaycanın savaş meydanında qazandığı qələbə­ni informasiya müstəvisində onun əlin­dən almaq idi. Görünür, tarixdən belə bir şeyin mümkünlüyünü görmüşdülər. Yada salaq ki, Napoleon Fransası ağır məğlubiyyətə uğradıqdan sonra ölkə o zaman imperiyanın xarici işlər naziri olmuş Taleyranın bacarığı sayəsində heç nə itirməmişdi. Ermənistan haki­miyyətində də Taleyranlıq etmək eşqinə düşənlər tapıldı. Bu “işə” xaricdəki “ta­leyranlar” da qoşuldular.

Müharibədən ötən iki il yarımdan da artıq bir müddətdə Ermənistan ha­kimiyyəti və ermənipərəstlər, ilk növ­bədə, media amilindən faydalanaraq, beynəlxalq ictimaiyyətə Azərbaycanın mənfi imicini aşılamağa başladılar. “Prosesə” dünyanın aparıcı kütləvi in­formasiya vasitələrini qoşdular. Çalış­dılar ki, media Azərbaycan əleyhinə qəbul olunması planlaşdırılan hüquqi sənədlər üçün mənəvi mühit forma­laşdırsın. Beləcə, beynəlxalq hüququn norma və prinsiplərinin interpretasiya­sına girişildi. İndi də eyni “kurs” davam etdirilməkdədir və yenə də media ami­lindən istifadə olunmaqdadır. 

***

44 günlük müharibənin ilk günlərini xatırlayaq. O vaxt beynəlxalq ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələri, ayrı-ayrı jurnalistlər elə təəs­sürat formalaşdırırdılar ki, sanki Azər­baycan işğalçıdır. Qanlı qarşıdurmanın ölkəmizin ərazisində getdiyinin fərqinə varan, demək olar ki, yox idi. Saxta sentimentallıq havasına köklənmiş bəyanatlar Bakını humanist dəyərlərə hörmətlə yanaşmağa çağırırdı. Beləlik­lə, beynəlxalq ictimai rəy yanlış yönlən­dirilirdi. 

Lakin günlər keçdikcə biz bu mənfi tendensiyada tədrici dəyişikliklərin ya­randığına şahidlik etdik. Azərbaycanın dirənişi fonunda ölkəmizə qarşı köklən­miş qüvvələr sanki yoruldular, emosi­yaları bir kənara qoyaraq düşünməyə başladılar. Gördülər ki, əslində işğalçı­lıq edən Ermənistanın özüdür. Ancaq, demək olmaz ki, bu düşüncə heç də yalnız kimlərinsə Bakının dirənişi və qətiyyəti sayəsində yorğun, çarəsiz du­ruma düşməsinin məhsulu kimi meyda­na çıxdı. 

Bəli, 44 günlük müharibə dönəmin­də Azərbaycan cəmiyyəti kimi, media orqanları da mütəşəkkillik nümayiş etdirdilər. Qarabağ həqiqətlərini, işğal reallıqlarını dünyaya daha sistemli və ardıcıl şəkildə çatdırdılar. Ancaq bu məqamı xüsusi vurğulamağa ehtiyac var – Vətən müharibəsi günlərində Azərbaycanın informasiya blokada­sının aradan qaldırılmasında başlıca rolu o oynadı – Azərbaycan Prezidenti cənab İlham Əliyev. 

***

Dövlətimizin başçısı müharibə müd­dətində dünyanın 30-dan artıq media orqanına müsahibələr verdi. Bu müsa­hibələr ölkəmizin liderinin beynəlxalq aləmlə birbaşa kommunikasiyası idi. Prezidentə ünvanlanmış bəzi suallar bu kommunikasiyanın nə qədər çətin və ağır proses olduğunu da sübuta ye­tirdi. Bəzən suallar bütün jurnalistika prinsiplərinə meydan oxuyacaq tərzdə verilsə də, ölkəmizin lideri təmkinini pozmadı, böyük ustalıqla onları cavab­landırdı. 

Cənab İlham Əliyev özünün ritorik yanaşmaları, faktoloji arqumentləri ilə həmin müsahibələrin məzmununa təsir göstərdi, nəticədə Azərbaycan əley­hinə formalaşdırılmalı olan anti-təbliğat həqiqətlərimizin təşviqi vasitəsinə çev­rildi. Məsələyə bu baxımdan yanaşsaq, 44 gün müddətində 30-dan artıq müsa­hibənin necə böyük təsir qüvvəsinin ol­duğunun əlavə isbata ehtiyacı yoxdur. Mövcud səbəblərdən də qətiyyətlə söy­ləmək olar ki, Prezident İlham Əliyev müharibənin informasiya cəbhəsində təkbaşına döyüşdü. 

***

Bu gün də əminliklə söyləyə bilərik ki, dövlətimizin başçısı 44 günlük mü­haribədən sonra, bütövlükdə, Cənubi Qafqaz coğrafiyası müstəvisində ya­şanmaqda olan diplomatik və psixoloji savaşın müstəsna informatoru rolunda çıxış etməkdədir. Bu missiya isə ob­razlı desək, cənab İlham Əliyevin eru­dik dünyagörüşünün siyasi çalarlarına tam şəkildə işıq salmaqdadır. O işıqda canlanan mənzərənin adı isə güclü və qüdrətli Azərbaycandır. 

Bəli, yalnız cəmiyyətimiz deyil, bü­tövlükdə dünya ictimaiyyəti Prezident İlham Əliyevin müsahibələrində, ay­rı-ayrı media orqanlarının nümayən­dələri ilə təmaslarında qüdrətli, güclə düşüncə arasında düzgün balansı götürməyi bacaran Azərbaycanın əsl böyüklük obrazına şahidlik edir. Bu şahidlik ölkəmiz əleyhinə olan fikirləri dəyişdirir, onları obyektiv məcraya sa­lır. Nəticə etibarilə, dürüst beynəlxalq rəy formalaşır. Daha doğrusu, bey­nəlxalq ictimai rəy Ermənistanın və ermənipərəstlərin monopolisiyasından çıxaraq, bir növ, cilalanır, obyektivliyə, həqiqətlərə köklənmə imkanı qazanır. 

***

Xarici media orqanları ilə təmas­lardan söz düşmüşkən, yada salaq ki, Azərbaycan Prezidenti 44 günlük mü­haribədən sonra ölkəmizdə düzənlən­miş müxtəlif mövzulu beynəlxalq miq­yaslı toplantılarda dünyanın nüfuzlu ekspertləri ilə yanaşı, tanınmış kütləvi informasiya vasitələrinin təmsilçilərinin də suallarını ətraflı cavablandırması ilə yadda qalıb. Bəzən sual-cavabların saatlarla çəkdiyini də görmüşük. Onu da görmüşük ki, iştirakçılar toplantıla­rın bitməsini istəmir, Azərbaycan Pre­zidenti ilə mükalimələrdən zövq alır­lar. Nəzərə alaq ki, onlar üçün cənab İlham Əliyevlə ünsiyyət bir tərəfdən Azərbaycan və Cənubi Qafqaz real­lıqları ilə bağlı geniş məlumatlanmaq fürsətidirsə, digər yandan bu təmas, bütövlükdə, müasir dünya düzəninin, qlobal transformasiyaların xüsusiyyət­ləri barədə bilgilər qazanmaq şansıdır. 

Bəli, Azərbaycan Prezidentinin dünyanın aparıcı media və ekspert ca­meəsi ilə müsahibələri, görüşləri yekun nəticədə ölkəmizin dünya birliyi ilə bir­başa kommunikasiyası, mükalimənin açıqlığı və sərbəstliyi baxımından son dərəcə müstəsna amildir. Mövcud kon­tekstdən yanaşsaq, ən azı “Euronews” telekanalına müsahibə qədər mühüm əhəmiyyət daşıyan Şuşa Qlobal Media Forumunu da vurğulamalıyıq. Nəzərə alaq ki, iyulun 21-23-də keçirilmiş fo­rumda dünyanın yüzdən artıq jurnalisti iştirak edirdi. Onu da nəzərə alaq ki, belə bir toplantının təşkili ideyasının müəllifi də dövlətimizin başçısının özü­dür. Prezident İlham Əliyevin tapşırığı­na əsasən “Heydər Əliyev İli” çərçivə­sində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilmiş təd­bir media və informasiya-kommunikasi­ya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlərin əsl mü­zakirə meydanına çevrildi. Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalis­tika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir infor­masiya mühitində media menecmenti və dayanıqlı media biznes modelləri­nin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla müba­rizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri nəzərdən keçirdilər. Yeri gəlmişkən, bütün bunlar ölkəmizin liderinin Azərbaycan həqiqətlərinin xa­rici aləmdə təbliği məqsədilə prioritet seçdiyi istiqamətlərin nəzəri və praktik tərəfləri kimi diqqət çəkməkdədir.

*** 

Bəli, Azərbaycan Prezidenti hə­mişəki kimi, birbaşa kommunikasiyaya getməkdə, bütün məsələlər üzrə ölkə­mizin mövqeyini açıq şəkildə bəyan etməkdə təşəbbüskardır. Bu təşəbbüs­karlıq isə heç şübhəsiz, haqqın göstə­ricisidir. Azərbaycan haqlı olduğu üçün heç nədən, heç bir diskussiyadan və müzakirədən çəkinmir. 

Əlbəttə, diskussiyalara və müza­kirələrə ehtiyac duyduğumuzu da vur­ğulamalıyıq. Mövcud anlamda cənab İlham Əliyevin Şuşa Qlobal Media Fo­rumunda səsləndirdiyi fikirlərə diqqət yetirək: “Bu gün isə biz yenə də öz həqiqətlərimizi sübut etməyə məhku­muq. Çünki bizə qarşı bu gün yenə də kampaniya davam edir. Bizim Qələbə­mizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara biz tu­tarlı, real arqumentlərlə cavab vermə­liyik və veririk. Məhz bunun nəticəsidir ki, bu gün bütün bu iftiralara, böhtanla­ra, yalanlara baxmayaraq, Azərbayca­nın sözü, Azərbaycan xalqının, dövlə­tinin haqlı səsi eşidilir və bunun əsas aləti bizim media resurslarımızdır”. 

***

Belə bir deyim də var ki, informasi­ya müharibəsi doğruya bürünmüş ya­lanın, yalana bürünmüş doğrunun qar­şıdurmasıdır. Bu, həmin müharibənin sərt təbiətinə verilmiş təriflərdən biridir. Nəzərə alsaq ki, mövcud trayektori­yada insan, daha doğrusu, şəxsiyyət amili əsas rol oynayır, o zaman həmin şəxsiyyətin özünə əminliyi də başlıca şərtdir. Hər halda əbəs yerə bildirilmir ki, başqalarını inandırmaq üçün ilk növ­bədə özün-özünə inanmalısan. 

Azərbaycan Prezidenti İlham Əliyev müsahibələrində, media təmsilçiləri ilə təmaslarında informasiya müharibə­sinin sərt xarakterinə adekvat olaraq doğru, dürüst baxışlarını konseptual əsaslarla çatdırır və faktiki olaraq info­savaşın klassik deyimlərdəki mahiyyə­tinə alternativ qismində özünün şəxsi keyfiyyətlərindəki səmimiyyəti, prinsi­piallığı, iradəni və əzmi ortaya qoyur. Bütün bunlar Ermənistan rəhbərliyinin anti-Azərbaycan təbliğatına, ümumən Cənubi Qafqazda sülh və əminaman­lığın qərarlaşmasını istəməyən qü­vvələrə qarşı mübarizənin mühüm əhəmiyyət daşıyan ideoloji bazasıdır. Əminliklə söyləyə bilərik ki, bu baza­nı formalaşdıran və təkmilləşdirən də məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevdir. 

Əvəz RÜSTƏMOV, “Xalq qəzeti”



Siyasət