Yazımıza bu başlığı seçməyimiz heç də təsadüfi deyil. Məsələ burasındadır ki, hazırkı mürəkkəb durumda Ermənistanda hər hansı konstruktiv təklif irəli sürən şəxsin və ya şəxslərin olduğunu görmək son dərəcə müşküldür. Hayların hansı dillənirsə, Azərbaycan və Türkiyə əleyhinə boğazdanyuxarı populizmini işə salır. Hərçənd, demək olmaz ki, nisbətən kontruktiv mövqeyi ilə seçilənlərin, vəziyyəti düzgün təhlil edib nəticəyə gələnlərin sayı azdır. Amma bir reallıq da var ki, birincilərin səsi ikincilərin səsini batırır. Səsi batmayanlardan biri də odur – Ermənistan parlamentinin hakim “Vətəndaş sazişi” fraksiyasının üzvü Qurgen Arsenyan.
Q.Arsenyanın parlamentdəki dünənki çıxışı da əvvəlkilər kimi səs-küy doğurub. Əslində, adam elə bir söz də deməyib. Sadəcə bildirib ki, Türkiyə və Azərbaycanla mehriban qonşuluq münasibətləri qurmaq vacibdir. Güman edirik ki, normal məntiq bunun əleyhinə çıxmamalıdır. Amma Arsenyana qarşı çıxanlar həmişəki kimi, yenə də tapılıb. Hərçənd, deputatın belə hallara əhəmiyyət verməyərək, öz sözündə durduğu da məlumdur.
Beləliklə, erməni parlamentari Gürcüstanla vizasız rejim haqqında sazişin ratifikasiyası məsələsinin müzakirəsi zamanı Ermənistanın öz qonşuları ilə həm rəsmi, həm də qeyri-rəsmi cəmiyyətlər səviyyəsində "müstəsna dostluq atmosferi" yaratmağa çalışmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Gürcüstanla münasibətlər digər qonşularla münasibətlərin yaxşılaşdırılması üçün “pilot proqram”a çevrilməlidir: “Bizim əsas missiyamız qonşularımızla münasibətlərimizi aydınlaşdırmaq və onları “yaxşı qonşuluq rejimi”nə keçirmək olmalıdır. Bu missiyamız ölkəmizin təhlükəsizliyidir, dövlətçiliyimizin təminatıdır”.
Arsenyan, eyni zamanda, deyib ki, indi ölkənin qarşısında iki istiqaməti ehtiva edən çətin vəzifələr durur. Bunlardan biri Türkiyə ilə münasibətlərdir, digəri Azəbaycanla. Mövcud istiqamətlərdə problemlərin qalması isə Ermənistan dövləti və xalqı üçün təhlükələr yaradır. “Biz Gürcüstandan nümunə götürərək, sülh şəraitində yaşamağa imkan verəcək düstur üzrə başqa xalqlarla birgəyaşayışın açarını tapmağa çalışmalıyıq. Yaxın tarix bizə nəticə çıxarmağa, səhvlərimizi təhlil etməyə imkan verir”, – deyə Arsenyan fikrini tamamlayıb.
Qeyd edək ki, Q.Arsenyanın əvvəllər də bu sayaq çıxışları olub. Məsələn, ötən ay o, parlamentdəki çıxışında bildirmişdi ki, Ermənistanın maraqlarını qorumaq indiki hökumətin əsas vəzifəsidir. Bütün digər məsələlər isə yalnız ölkənin suverenliyinin və ölkə həyatının tərkib hissəsidir. “Ermənistanın dövlət maraqlarının gündəmdə olan hər hansı başqa məsələnin həllinə tabe olmasının lazımlılığını iddia edən dövlət xadimi və ya siyasətçi, məncə, dövlət əleyhinə fəaliyyət göstərir”, – deyə deputat Qarabağ erməniləri ilə bağlı ali qanunverici orqandakı çıxışında vurğulamışdı.
Q.Arsenyan çıxışına onu da əlavə etmişdi ki, Qarabağda olduğu kimi, Cavaxetiyada (Gürcüstan ərazisi–red), Beyrutda, Qlendeyldə (ABŞ-da-red.) və Avstraliyada da ermənilər yaşayırlar. Dövlətin əsas vəzifəsi onların imkanlarını Ermənistan dövlətçiliyinin inkişafı üçün səfərbər etməkdir. “Bəzən Ermənistanın dövlət maraqlarının müdafiəsi erməni xalqının milli maraqlarının alqoritmi ilə üst-üstə düşmür. Komandamız (baş nazir Nikol Paşinyanın hakim siyasi komandası nəzərdə tutulur – red.) Ermənistan üçün faydalı olan siyasət həyata keçirir”, – deyən Arsenyanın baş nazir Nikol Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazır olduğunu bəyan etməsi fonunda yaranmış ajiotaja münasibəti belə olmuşdu.
Arsenyanın daha səs-küylü çıxışı isə bu ilin fevralına təsadüf edib. Deputat Ermənistan parlamentində Laçın yolundakı vəziyyətlə bağlı dinləmələr zamanı ali qanunverici orqanın müxalif kəsiminin təmsilçilərinə üzünü tutaraq bildirmişdi ki, onlar 120 min Qarabağ ermənisini düşünürlər, ancaq Ermənistanın 3 milyon əhalisini yox. “Bəs bundan əvvəl Laçın dəhlizindən danışdınız? Bundan əvvəl Ermənistan xalqının yanlış seçimindən danışdınız. Bütün söhbətiniz budur. Siz ancaq bu haqda danışırsınız, başqa heç nədən danışa bilməzsiniz. Çünki danışmağa bir şeyiniz yoxdur. Ermənistan əhalisinə təklif edəcəyiniz heç nə yoxdur. Qarabağ məsələsi ilə manipulyasiya etmək sizə Ermənistanda hakimiyyətə gəlmək imkanı verməyəcək. Bunu unudun. Siz Ermənistanda hakimiyyətə gəlib Ermənistanın siyasətini o zaman müəyyən edə bilərsiniz ki, xalq sizə bu mandatı versin. Bu, yeganə yoldur. Bütün digər skriptlər artıq işləmir, – deyən Arsenyanın həmin vaxt yerdən Türkiyənin Ermənistan üçün təhlükə olması ilə bağlı səslənmiş replikaya münasibəti də özünəxas üslubda olmuşdur: “Ölkəmiz üçün təhlükə sizin yaymaqla məşğul olduğunuz ksenofobiyadır. Fəaliyyətinizi Ermənistanın dövlət maraqlarına xidmət etməyə yönəldin! Etdikləriniz ölkəmizin mənafeyinə uyğun deyil! Etməyə çalışdığınız hərəkətlər, xidmət etməyə çalışdığınız məqsədlər yeni bir müharibəyə səbəb olacaq! Yeni müharibə alovlayıcıları olacaqsınız! Mən bunu buradan rəsmən bəyan edirəm!” Arsenyan erməni avantürizminin Ermənistan parlamentindəki “siması” Seyran Ohanyanın atmacalarına sərt reaksiya vermiş və əsəbi formada parlament zalını tərk etmişdir.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”