Oğru elə bağırır ki…

post-img

Ermənistan hakimiyyəti yenə öz ampluasındadır. Ölkənin rəsmi instansiyaları iyunun 15-də Laçın sərhəd nəzarət-buraxılış məntəqəsində baş vermiş insidentin təqsirini Azərbaycan tərəfinin üzərinə atmağa çalışırlar. Maraqlıdır ki, prosesə onlara hökumətə yaxın və özünü müstəqil adlandıran media orqanları, sabiq məmurlar, siyasi ekspertlər də qoşulublar və ölkəmizə ittiham yağdırırlar. Bu sıraya revanşist-şovinst qüvvələri və sosial şəbəkələrdəki urapatriotları da əlavə etsək, siyahı tamamlanmış olar. Halbuki törədilən digər təxribatlarda olduğu kimi, budəfəki insidentə görə də bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Hayların bu hərəkəti “adımı sənə qoyum, səni də yana-yana qoyum” el məsəlini xatırladır.

Məsələn, özünü politoloq adlandıran Artur Xaçikyan bildirib ki, Azərbaycanın təxribatı (?) ABŞ-ın tələblərinə cavab ola bilər. O, “Nyus.am”ın müxbirinə müsahi­bəsində deyib: “İstisna etmirəm ki, Va­şinqton Azərbaycandan “Artsax xalqı”nın təhlükəsizliyi üçün müəyyən təminatlar tələb edib. İyunun 15-dəki təxribat isə azərbaycanlıların cavabı olub. Onlar hər şeyi güc yolu ilə edirlər, arxalarında Tür­kiyə dayanır. Bu, türk diplomatiyasının üslubudur. Onlar 5-6 il əvvəl özlərini belə aparmırdılar. Onlar “Artsax”ı boğmaq və “erməni soyqırımı”nın yeni səhifəsini açmaq istəyirlər ki, biz bununla faktiki olaraq razılaşırıq. Ola bilsin ki, Qərb er­mənilərə nəsə verməyə, onları hansısa formada müdafiə etməyə çalışıb, amma Azərbaycan güzəştə getmək istəməyib”.

Xaçikyanın sözlərinə görə, ABŞ Qa­rabağ məsələsinin həllini və bağlanma­sını istəyir, lakin Qarabağa hansısa zə­manət verəcəyini bildirməyib. Bundan sonra politoloq Qərbdən narazılıq edib: “Borrel (Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayən­dəsi-S.H.) deyib ki, Qərb “Artsax xalqı”nı heç bir şəkildə qoruya bilməz. Bu, ta­mamilə yalandır. Çox yaxşı bacararlar. İstəsələr, sanksiyalarla başlaya bilərlər, amma istəmirlər”.

Xaçikyan əmindir ki, Bakı ilə Xankən­di arasında dialoq kimin təslim olacağı, kimin amnistiyaya düşəcəyi, kimin həbs, kimin azad ediləcəyi sualları üzərində cəmləşəcək: “Azərbaycan heç vaxt bir vahid, beynəlxalq subyekt kimi, “Artsax”­la danışıqlar aparmayacaq”.

***

Xankəndinin “ictimai televiziyası” isə dünənki reportajında bölgənin hələ də “blokadada” olduğunu iddia edib. Qeyd olunub ki, ötən gün Qarabağda və onun ətrafındakı vəziyyətdə ciddi dəyişiklik baş verməyib. “Azərbaycan Ermənistan tərə­fini atəşkəsi pozmaqda ittiham etməklə yanaşı, müxtəlif istiqamətlərdə təxribat­lara əl atmaqda (?) davam edib. “İnfor­masiya platformasından kənarda reallıq dəyişməzdir. Qarabağ “blokada”da qalır. Artıq ikinci gündür ki, Laçın yolu üçüncü şəxsin müşayiəti ilə humanitar xətt üzrə nəqliyyat vasitələrinin hərəkəti üçün bağ­lanıb”, – deyə televiziyanın yaydığı yalan dolu məlumatda bildirilir.

“Ermənistanın səsi” qəzeti isə iyunun 15-dən bəri baş verənlərə görə Rusiyanı, Avropa İttifaqını və ABŞ-ı ittiham edib: “Moskvadan, Brüsseldən və Vaşinqton­dan heç bir səs eşidilmir – amerikalılar sadəcə olaraq “Qarabağ xalqının hüquq və təhlükəsizliyinin təmin edilməsi” və “di­aloqun zəruriliyi” haqqında qeyri-müəy­yən ifadələr mızıldadılar. Rusiya KİV-i isə ABŞ-ın “Artsax hakimiyyəti”nə təzyiqi barədə məlumat yayıb. Ermənistan Xari­ci İşlər Nazirliyi adlanan idarə bu məsələ ilə bağlı rəsmi açıqlama yaymağı belə lazım bilməyib, sanki söhbət 120 min er­mənidən (?) yox, Amazon meşələrində itmiş hansısa naməlum qəbilədən gedir. Yalnız Ermənistanı işğal etmiş rejimin başçısı çıxış etdi – hökumətin iclasında”.

***

Atalar “balıq başdan iylənər” deyib­lər. Belə görünür, Ermənistanın yaydığı dezinformasiyaların başında elə ölkənin baş naziri özü dayanır. Nikol Paşinya­nın iyunun 16-da hökumətin iclasında səsləndirdiyi fikirlər bu qənaətə gəlməyə əsas verir. O, iclasda Laçın yolunda hərəkətin tam dayandığını bildirib: “Əgər Azərbaycan son bir ayda təbliğat məqsə­dilə Beynəlxalq Qırmızı Xaç Komitəsi və Rusiya sülhməramlıları vasitəsilə Laçın yolu ilə müəyyən keçidi təmin edibsə, dünəndən bu dayanıb. Hətta, Qarabağa zəruri məhsulların çatdırılması da da­yanıb. Yəni, Qarabağa ərzaq aparılmır. Təcili tibbi yardıma ehtiyacı olanların da Laçın yolundan keçməsi qadağan edilib”.

Azərbaycanın Xarici İşlər Nazirliyi isə Paşinyana cavab olaraq bildirib ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş hücumdan sonra, bu təxribatın səbəblərinin araş­dırılması, sərhəd-buraxılış məntəqəsi­nin və oradan keçidin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan tərəfindən həyata keçirilən müvafiq təd­birlərin “blokada” kimi qiymətləndirilməsi qəbuledilməzdir. “Ermənistan tərəfindən əsassız bəyanatlar vermək əvəzinə, təx­ribatlardan əl çəkməyi, sülh sazişi üzrə danışıqlara və bölgədə kommunikasiya­ların açılması məsələsinə məsuliyyətlə və konstruktiv şəkildə yanaşmağı, qüvvələri­nin Azərbaycan ərazilərindən tam çıxarıl­ması daxil olmaqla, üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərə riayət etməyi, Azər­baycanın ərazi bütövlüyü və suverenliyinə qarşı addımlardan çəkinməyi tələb edirik”, – deyə Xarici İşlər Nazirliyi Paşinyanın id­dialarına cavab olaraq bildirib.

Göründüyü kimi, feyk xəbərlər yay­maq üzrə ixtisaslaşan haylar yalanı həm də həqiqət kimi üfürməyin peşəkarıdırlar. Ancaq atalar “yalan ayaq tutar, amma yeriməz” deyiblər. Azərbaycan Ermənis­tanı döyüş meydanında məğlub etdiyi kimi informasiya savaşında da üstələyir. Əvvəlki illərdən fərqli olaraq, son illərdə hayların bu sahədə ciddi irəliləyiş əldə edə bilməməsi bunun bariz göstəricisidir.

 

Müşfiq ƏLƏSGƏRLİ,
media üzrə mütəxəssis

– Ermənistanın və ona bağ­lı olan şəbəkənin uzun illərdir ki, apardığı təbliğat yalan üzərində qurulub. Bu, bir faktdır. Bunu təkcə Azərbaycan demir, eyni zamanda Ermənistan ictimaiyyətinin özü də etiraf edir. 44 günlük Vətən mühari­bəsindən sonra hətta Ermənistanın bəzi KİV-ləri, o cümlədən “Nyus.am” xəbər portalı bir rubrika yarat­mış, adını da “Paşinyanın yalanları” qoymuşdu. Burada Paşinyanın və Ermənistan hökumətinin digər üzv­lərinin müharibə zamanı danışdıq­ları yalanlar ifşa olunurdu. Paşin­yanın açıqlamalarını bir-bir təqdim edib, sonra real faktlarla tutuşdur­ma aparılırdı. Sübut olunurdu ki, Ermənistanın hərbi-siyasi rəhbərli­yi uzun müddət yalan danışıb. Bu yalanlar təkcə dünya və Azərbay­can ictimaiyyətini çaşdırmaq üçün deyil. Eyni zamanda Ermənistan cəmiyyətinin də çaşdırılmasına xidmət edir və onlara həqiqətləri dərk etməyə imkan vermir. Yəni, bunu təkcə biz demirik, Ermənistan KİV-ləri də “Nyus.am”ın simasında sübut etmiş oldular.

Ermənistanın hərbi-siyasi rəh­bərliyinin və mediasının yalanları müharibədən sonra da davam edir. Məsələ ondadır ki, bu ölkədə azad media olmadığı, yalnız siyasiləşmiş KİV-lər olduğu üçün, onlar hərbi-si­yasi rəhbərliyin danışdığı yalanları tirajlamaqla məşğuldur. Düzdür, dünya və Azərbaycan ictimaiyyəti bunun fərqindədir. Amma məsələ ondadır ki, bəzən həqiqətləri çatdır­maq imkanları olmur. Çünki siyasət yüz illərdir ki, yalan üzərində qu­rulub. Bunu birdən birə dəyişmək mümkün deyil. Heç buna təşəbbüs də göstərmirlər. Yalanları davam etdirirlər.

Baş vermiş son insidentlər za­manı da biz yalan danışdıqlarını görürük. Silsilə təxribatlar zama­nı yenə də təqsiri Azərbaycanın üzərinə atmağa, informasiya təb­liğatını Ermənistanın hərbi-siyasi rəhbərliyinin siyasətinə uyğunlaş­dırmağa çalışırlar. Təəssüf edirik ki, ermənistanlı həmkarlarımız da onların bu yalanlarında rupor ro­lunu oynayırlar. Amma məsələnin kökü daha dərindədir. Burada biz Ermənistan mediasının yaydığı ya­lanları deyil, həm də onlara dəstək verən beynəlxalq transmilli KİV-ləri görürük. Biz bu sahədə İran, Rusi­ya mediasını, eyni zamanda daha aktiv Fransa KİV-lərini müşahidə edirik. Onların ərazisində fəaliyyət göstərən KİV-lər, xüsusilə dünyada ictimai rəy formalaşdıran transmil­li KİV-lər Ermənistanda danışı­lan bu yalanlara dəstək verməklə təəssüf ki, beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd göstərirlər. Belə məsələlər ümumilikdə problem ya­radır.

Təbii ki, Azərbaycan qarşı tərə­fin yaydığı dezinformasiyaları hər zaman təkzib edir. Rəsmi Bakı hadisələri təhlil edərək, real infor­masiya verməyə çalışır. Məsələ ondadır ki, qarşı tərəf informasiya baxımından qabağa düşürsə, bu­nun özü təxribatın Ermənistan tərə­findən hazırlandığını göstərir. Onlar təxribatdan öncə onun informasiya təminatını hazırlayırlar. Onların “operatvliyi” də bununla bağlıdır.

 

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət