Zəngəzur dəhlizi məsələsi həll olunmaq üzrədir

post-img

Qırx dörd günlük Vətən müharibəsindən dərhal sonra Azərbaycanın regional sülh və təhlükəsizliklə bağlı gündəmə gətirdiyi ən mühüm məsələlərdən biri Zəngəzur dəhlizinin açılması oldu. İlk vaxtlar Ermənistan tərəfinin ciddi etirazına səbəb olan bu təklif, zamanla Azərbaycan dövlətinin qətiyyəti sayəsində rəsmi İrəvan tərəfindən də qəbul olundu.

Ötən gün Rusiya Federasiyası Baş na­zirinin müavini Aleksey Overçuk TASS-a müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı son vəziyyətə toxunub, kommunikasiya­ların açılması istiqamətində ciddi iş apa­rıldığını qeyd edib. Aleksey Overçukun müsahibəsindən də bəlli olur ki, Zəngəzur dəhlizinin açılması məsələsi artıq regional səviyyədə birmənalı şəkildə həllinin tapıb. Hazırda sadəcə olaraq, bəzi detallar mü­zakirə edilir ki, bunların razılaşdırılması dəhlizin fəaliyyətinin problemsiz təşkili baxımından zəruridir. A.Overçuk onu da deyir ki, artıq bəzi detallarla bağlı Azər­baycan və Ermənistan arasında razılaş­ma əldə edilib. Bunlardan biri Zəngəzur dəhlizinin Azərbaycana düşən hissəsində Azərbaycanın, Ermənistana düşən hissə­sində isə Ermənistan qanunvericiliyinin tətbiq olunacağı ilə bağlıdır. Baş nazirin müavini qeyd edib ki, tərəflər bu məsələdə razılıq əldə etsələr də, iki dövlət və xalq arasındakı münsibətlərin indiki vəziyyətin­də bütün bunların şərtləndirilməsinə ehti­yac var. O, Zəngəzur dəhlizinin açılması üçün Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun problemin həlli üzərində mütəmadi birgə iş apardığını qeyd edib. 

Azərbaycanın təklifinə Kremldən dəstək

Aleksey Overçuk Zəngəzur dəhlizi ilə bağlı razılaşmaların önəmini qeyd et­məklə yanaşı, Azərbaycan və Ermənistan arasında inam və etimadın artırılmasının vacibliyinə də toxunub. Qeyd edib ki, in­sanlar digər ölkənin ərazisinə daxil olduq­ları zaman təhlükəsizliklərinin təminatın­dan əmin olmalıdır: “Ən böyük problem inamdır. Məhz bu səbəbdən danışıqlar ləng gedir. Nəhayət, bu yoldan sadə in­sanlar – azərbaycanlılar, ermənilər, başqa ölkələrin vətəndaşları keçəcəklər. Onlar sərhəddə bir-biri ilə necə qarşılıqlı əlaqə­də olacaqlar, başqa dövlətin ərazisindən keçərkən onların təhlükəsizliyi necə təmin olunacaq? Bu gün bizim birlikdə cavab tapmaq istədiyimiz əsas suallar budur. Yəni, başqa ölkənin ərazisində bu insan­ların xoşagəlməz hadisələrlə qarşılaşma­yacaqlarına əmin olaq”.

Müsahibənin ruhundan görünür ki, Rusiya nəinki Zəngəzur dəhlizinin açıl­masına etiraz etmir, bunu həm də zəruri və faydalı hesab edir. Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Azərbaycan, Ermənistan və Rusiya ara­sında imzalanıb və bölgədə sülhün qo­runması Rusiya sülhməramlılarına həvalə olunub. Bu baxımdan Rusiyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbayca­nın mövqeyini müdafiə etməsi ölkəmizin növbəti diplomatik uğuru kimi qəbul oluna bilər. A.Overçukun sözlərinə görə, Zəngə­zur dəhlizinin açılması Ermənistan iqtisa­diyyatının inkişafına təkan verəcək, onu məhdud çərçivədən çıxaracaq. Bunun Er­mənistan-Rusiya iqtisadi münasibətlərinə də töhfə verəcəyini bildirən Overçuk dəmir yolunun İran və Türkiyəyə kimi uzanacağı­nı, bu ölkələrin də məlum kommunikasiya vasitəsindən yararlana biləcəklərini qeyd edib. 

Qərbdən Zəngəzur dəhlizinə “yaşıl işıq”

Rusiya Baş nazirinin müavini müsahi­bəsində Qərbin Zəngəzur dəhlizi ilə bağlı mövqeyinə də aydınlıq gətirilib. Aleksey Overçuk qeyd edib ki, Qərb nəqliyyat dəhlizinin açılmasını, bu sahədə irəliləyi­şi dəstəkləyir. Avropa Şurasının rəhbəri Şarl Mişelin bəyanatında da bunu görmək mümkündür. Qərbin Zəngəzur dəhlizi ilə bağlı mövqeyində Overçuku narazı salan yeganə məqam bu məsələdə Rusiyanın “dəstəkləyici mövqeyinə” toxunmama­sı, bunu məqsədli şəkildə “unutmasıdır”. Baş nazirin müavininin şikayətləndiyi bu məqam sübut edir ki, artıq indidən Zən­gəzur dəhlizinin açılmasında kimin daha böyük rol oynaması ilə bağlı Rusiya ilə Qərb arasında “söz savaşı” başlayıb və bu, yəqin ki, dəhliz açılandan sonra da davam edəcək. 

Göründüyü kimi, indidən beynəlxalq oyunçuların hər biri regional və qlobal iq­tisadi layihələrə töhfə verəcək Zəngəzur dəhlizində daha çox pay sahibi olduğunu is­batlamağa çalışır. Ancaq, bu, bir həqiqətdir ki, Zəngəzur dəhlizin açılmasında həlledici rolu Azərbaycan Prezidenti İlham Əliyev oynayıb. Məhz onun qətiyyəti və iradəsi sayəsində dəhlizin açılması məsələsi bü­tün maraqlı tərəflər arasında razılaşdırılıb və hazırda əməli baxımdan gerçəkləşmək ərəfəsindədir. Bu dəhliz eynən 8 Noyabr şanlı Zəfər Günü kimi Ali Baş Komandanın misilsiz xidmətlərindən biri olaraq tarixdə qalacaq. 

Seymur ƏLİYEV

İqtisadiyyat