Elə ki, bu qırmızı kərpicdən hörülmüş tağlı qapıdan içəri keçdin, qarşına əzəmətli bir heykəl çıxmalı idi. Yanında da gözəl bir fəvvarə. Əslində şəkilə diqqətlə baxanda çoxdan istifadəyə verilən fəvvarənin arxa tərəfində ucaldılan həmin “heykəl” görünür. Betondan tökülmüş hündür bir tikilidir. Nədir, hələ ki, bilinmir. Amma hamı danışır ki, şəmkirlilərin həmyerlisi, əfsanəvi geoloq, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun heykəli olacaq burada.
Bəzi məqamlara aydınlıq gətirmək üçün Şəmkirin baş memarına zəng edirəm:
-Salam, İlqar müəllim. Burada Sibiri fəth edən həmyerlimiz Fərman Salmanovun heykəli olmalı idi. Amma heykəl hələ də yoxdur, səbəbini bilmirsiniz?
-Bilmirəm.
-Görəsən, yarımçıq qoyub getdikləri işi nə vaxt davam etdirəcəklər?
-Bilmirəm.
-Bəs hördükləri bu tikili nədir?
-Bilmirəm. Guya, neft buruğudu, nədi, bilmirəm...
Sağollaşıb, “çox ətraflı məlumat verdiniz” deyib telefonumu qapadıram.
Azərbaycan Respublikası Prezidentinin 9 iyul 2019-cu il tarixli Sərəncamından:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı Fərman Qurban oğlu Salmanovun xatirəsini əbədiləşdirmək məqsədilə qərara alıram:
1. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan, xüsusi istedadı ilə fərqlənən 2 nəfər tələbə üçün “Fərman Salmanov adına təqaüd” təsis edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Şəmkir şəhərində Fərman Salmanovun heykəlinin ucaldılmasını təmin etsin;
2.2. Şəmkir rayonunda təhsil aldığı ümumi təhsil müəssisəsinə Fərman Salmanovun adının verilməsini təmin etsin...”.
Qeyd edim ki, bu sərəncam Azərbaycanda, xüsusilə Fərman Salmanovun doğulub boya-başa çatdığı Şəmkirdə hədsiz razılıqla qarşılıanıb. Artıq həmin sənədə əsasən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan, xüsusi istedadı ilə fərqlənən 2 nəfər tələbə üçün “Fərman Salmanov adına təqaüd” təsis edilib, Şəmkir şəhər məktəblərindən birinə də görkəmli geoloqun adı verilib.
Bəs Şəmkirdə ucaldılacaq heykəl?
Ulu öndərimiz Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmyerlimizə həmişə xüsusi diqqət və qayğı ilə yanaşıblar. 2007-ci ilin fevralında dövlət başçısı İlham Əliyev Prezident Sarayında məşhur neftçi-geoloq, tanınmış alimi qəbul edib. Yadımdadır, o zaman Fərman Salmanov Bakıya gəlişindən və Azərbaycan Prezidenti ilə görüşündən böyük qürur hissi keçirdiyini bildirmişdi, Azərbaycanda onun məişət şəraitinin yüksək səviyyədə təmin olunmasına görə, dövlətimizin başçısına minnətdarlıq etmişdi. Prezidentimiz də, öz növbəsində, görkəmli alimin geologiya elmində böyük xidmətlərini qeyd edərək, onun elmi nailiyyətlərinin Vətənimiz üçün daim iftixar hissi doğurduğunu vurğulamışdı…
Lakin həmin ilin martında Fərman Salmanov 75 yaşında ikən dünyasını dəyişmiş və Rusiyada dəfn olunmuşdur. Onu oxucuya yaxından tanıtmağa ehtiyac varmı? Zənnimcə, Fərman Salmanov təkcə Azərbaycanda, Rusiyada deyil, bütün dünyada məşhurdur. Təkcə bir faktı göstərim ki, bu gün Rusiya büdcəsinə milyardlar verən Sibir neft yataqlarını o kəşf edib. Halbuki ruslar özləri deyirdilər li, bu yerlərdə neft yoxdur, hətta azərbaycanlı geoloqa cinayət işi də açılmışdı.
Bir onun aldığı mükafatlara və fəxri adlara baxın: Sosialist Əməyi Qəhrəmanı, Lenin, “Qırmızı Əmək bayrağı”, “Oktyabr İnqilabı” ordenləri, Lenin mükafatı, Rusiya Federasiyasının Əməkdar geoloqu, Surqut şəhərinin fəxri vətəndaşı, Texas ştatının fəxri vətəndaşı…
Rus xalqının istəyi və Prezident Vladimir Putinin sərəncamı ilə Fərman Salmanovun adı rəsmən Surqut Hava Limanına verilib. Bu, Azərbycan oğlunun böyüklüyünün növbəti təsdiqidir. Bir neçə şəhərdə isə soydaşımızın heykəlləri və büstləri var.
…Şəmkirdə həmyerlimiz, fəxrimiz Fərman Salmanovun möhtəşəm bir abidəsinin açılacağı günü hamı səbirsizliklə gözləyir. Lakin tikintinin az qala bir ilə yaxındır ki, yarımçıq, başlı-başına qoyulması haqlı narazılıq doğurur. Aldığımız məlumata görə, Mədəniyyət Nazirliyinə bunun üçün vəsait də ayrılıb.
Məlumat üçün bildirək ki, yazının əvvəlində söhbət açdığımız park Şəmkirdə, şəhərin mərkəzindədir, sakinlərin və qonaqların çox sevdiyi bir istirahət məkanıdır. Adına Xaqani parkı deyirlər. Xaqani İbrahimli Şəmkirin ilk şəhididir, 1992-ci ildə Şuşa ətrafında gedən döyüşlərdə həlak olub.
Uzun illər, yəni sovet dövründə “Komsomol parkı” kimi tanınan bu bağın əsası 1850-ci ildə qoyulub. Sonralar parkda geniş yenidənqurma işləri aparılıb. Burada 2 hektar ərazidə yaşıllığın, güllərin və dekorativ kolların arasında oturacaqlar yerləşdirilib, körpüsü olan su kanalları tikilib. Süni göldə ördəklər üzür. Ağaclardan quşlar üçün taxta yuvalar asılıb. Asiya və Amerika ölkələrindən nadir bitki növləri gətirilib, uca və qədim çinar ağacları var. Eyni zamanda, parkın ərazisində salınmış uşaq meydançasında yelləncəklər, kiçik zoopark fəaliyyət göstərir.
Yəni bunları deməkdə məqsədimiz odur ki, yerli icra strukturları həmyerlilərinin heykəli üçün şəhərin ən görməli yerində sahə ayırıblar. Elə isə ora nə vaxta kimi boş qalmalıdır? Ümid edirik ki, tezliklə bu sualın cavabını alacağıq, həm rayon sakinlərinin, həm də qəzetimizin səsinə səs verən tapılacaq.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri