Qarabağ və Şərqi Zəngəzurda əlverişli hava şəraitinə, torpaqların münbit, suyun bol olmasına görə aqrar sektorun inkişaf etdirilməsi üçün böyük potensial var. Bu səbəbdən həmin ərazilərin minalardan təmizlənməsi ilə yanaşı, kənd təsərrüfatının dirçəldilməsi istiqmətində layihələr də sürətlə həyata keçirilir.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirdi ki, Qarabağ təbiəti və iqtisadi potensialı baxımından respublikamızın ən diqqətçəkən hissəsidir. Kənd təsərrüfatı üçün bu torpaqlar münbitdir. Lakin mina problemi aqrar layihələrin sürətlə icrasına çətinliklər yaradır. Ona görə də düşməndən təmizlənən ərazilərin bərpası və yenidən qurulması, iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsi, keçmiş məcburi köçkünlərin öz yurdlarında təhlükəsiz, dayanıqlı məskunlaşması məqsədilə reallaşdırılan minatəmizləmə fəaliyyəti Azərbaycan dövlətinin xüsusi prioritetlərindən biridir.
Minalardan təmizlənən torpaqların kənd təsərrüfatı dövriyyəsinə əlavə olunması üçün müəyyən müvəqqəti tədbirlər həyata keçirilir. Bu, həm taxıl istehsalı, həm də ölkənin ərzaq təhlükəsizliyi baxımından səmərəlidir. Bu cür diqqət isə Qarabağın ölkənin taxıla tələbatının ödənilməsində xüsusi paya malik olacağını indidən əminliklə deməyə əsas verir.
Emin Hüseynov vurğuladı ki, Qarabağda aqrar sahənin dirçəldilməsi kompleks yanaşma tələb edir. Belə bir yanaşmanın əsasında isə 3 amil dayanır. Birincisi, işğaldan azad edilən ərazilərdə torpaq islahatının necə həyata keçirilməsi ilə bağlıdır. Çünki Qarabağ bölgəsi işğal altında saxlandığı üçün təbii ki, burada torpaq islahatı keçirilməyib. Bu prosesin icrası üçün isə müəyyən dövr tələb olunur. Dögər tərəfdən isə düşməndən təmizlənən əraziyə əhalinin köçürülməsindən əvvəl orada infrastruktur qurulmalıdır. Bundan sonra məskunlaşdırma başa çatdırılmalı, nəhayət, torpaq islahatı aparılmalıdır.
Prezidentin xüsusi nümayəndəsi dedi: “Bununla əlaqədar xüsusi işçi qrupu yaradılıb. Həmin qrup torpaq islahatı üzərində işləyir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əsas tapşırıqlardan biri də 2026-cı ilin sonuna qədər işçi qrup tərəfindən torpaq islahatı ilə bağlı təklif hazırlanıb təqdim olunmasıdır. Bundan sonra isə torpaq islahatından danışmaq olar. Hazırda isə ən vacib məsələlərdən biri azad olunan torpaqların minalardan təmizlənməsidir”.
Emin Hüseynov daha sonra qeyd etdi ki, burada digər ən mühüm məsələ həmin ərazilərdə su təchizatı probleminin həll olunmasıdır. Bu, xüsusilə də kənd təsərrüfatı üçün çox vacibdir. Əlbəttə, söhbət suvarma sularından gedir. Məlumdur ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanda ən çox su ehtiyatlarına malik olan ərazilərdir.
Azərbaycanın su ehtiyatlarının, təxminən, 20 faizi burada yerləşir. Mənfur düşmən təəssüf ki, yaşayış sahələrinin infrastrukturunu, tarixi-mədəni abidələri dağıtdığı kimi, kənd təsərrüfatının suvarıma sisteminə də ciddi ziyan vurub. Əsas su anbarları, su tutarları, su magistral kanalları və boru xətlərini dağıdıb. Ona görə də burada kənd təsərrüfatı fəaliyyətinin dayanıqlı şəkildə həyata keçirilməsi üçün zəruri infrastrukturun bərpası tələb olunur. Artıq müəyyən işlərə başlanılıb.
Bu il Qarabağ iqtisadi rayonunda mövcud 5 əsas su anbarının istifadəyə veriəcəyi nəzərdə tutulur. Bununla əlaqədar hazırda Tərtərdə Suqovuşan, Ağdamda Xaçınçay və Füzulidə 1-ci və 2-ci Köndələnçay, həmçinin Aşağı Göndələnçay su anbarları əsaslı təmir olunur.
Beləliklə, indi həyata keçirilən layihələr nəticəsində uzun illər sudan korluq çəkən Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam, Ağcabədi və Füzulinin əkin sahələrinin fasiləsiz becərilməsi, kənd təsərrüfatında yüksək məhsuldarlığın təmin olunması gerçəkləşəcək.
Emin Hüseynovun sözlərinə görə, Qarabağ iqtisadi rayonunda kənd təsərrüfatını inkişaf etdirmək üçün növbəti əsas hədəf əkinə yararlı torpaqlardan daha səmərəli və optimal istifadə olunmasıdır. Həmin sahələrin kiçik təsərrüfatlar arasında bölünməsi səmərəli deyil. Ən əlverişli yol iri təsərrüfatların yaradılmasıdır. Bu, həm kollektiv təsərrüfatçılıq ənənələrinin inkişaf etdirilməsi, həm də iqtisadi səmərəliliyin əldə olunması üçün əhəmiyyətlidir.
Sevindirici haldır ki, vətəndaşlarla görüşlərdə onların özləri iri təsərrüfatları dəstəklədiklərini bildirirlər. Dəfələrlə vətəndaş qəbulunda ayri-ayrı kəndlərin nümayəndələrı, icmalar kollektiv təsərrüfat yaratmaq niyyətində olduqlarını vurğulayıblar.
Emin Hüseynovun fikrincə, iri təsərrüfatlarla qarşıya qoyulan mühüm məqsədlərə çatmaq olar. Torpaq sahələri ayrı-ayrı fərdlərdə və ya ev təsərrüfatlarında deyil, iri fermer qurumlarında, aqroparklarda cəmləşməlidir. Kiçik təsərrüfatlar iqtisadi cəhətdən səmərəli deyil, onlarda yüksək məhsuldarlıq əldə etmək çətindir. Çünki sahibkar kiçik həcmdə torpaqda rentabelli işləyə bilmir, xərcləri kifayət qədər çox olur. Digər tərəfdən, kiçik təsərrüfatlarda kənd təsərrüfatı texnikalarından istifadə zamanı səmərəlilik nəzərə çarpmır. Bahalı texnikanın dəyərini ödəmək əksər sahibkarın imkanı xaricindədir. Bu, yalnız böyük sahibkarlıq təsərrüfatlarında effektli olur.
İri təsərrüfatlar, eyni zamanda, ermənilər tərəfindən deqradasiyaya uğradılan əkinə yararlı torpaqların bərpa edilməsi, yenidən əkinçilik mədəniyyətinin formalaşdırılması üçün faydalıdır.
Beləliklə, təcrübə göstərir ki, kənd təsərrüfatında xırda əmtəə istehsalından rəqabətqabiliyyətli məhsul istehsalına keçmək, yeni texnika və texnologiyalar tətbiqi ilə məhsuldarlığı artırmaq və xarici bazarlara çıxışı reallaşdırmaq üçün ən optimal yol iri təsərrüfatlardan keçir. Bu, həm də emal müəssisələrinin inşasına, yeni iş yerlərinin açılmasına müsbət təsir göstərir.
Pünhan ƏFƏNDİYEV, “Xalq qəzeti”