Bu il ölkə ərazisində 1 milyon 58 min 398,9 hektar taxıl sahəsi əkilib ki, bunun 658 min 383,7 hektarı buğda, 400 min 15,2 hektarı isə arpa sahəsidir.
İndiyədək sahələrdən 598 min 272 ton arpa, 152 min 672 ton buğda yığılıb. Artıq arpa sahələrinin təxminən 50 faizində biçin başa çatıb, buğda sahələrində isə kütləvi biçinə başlanılıb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, hazırda orta məhsuldarlıq arpa üzrə 29.6 sentner, buğda üzrə isə 33,2 sentner təşkil edir.
Payızlıq əkinlər mövsümündə Saatlı rayonunda 19 min 801 hektar sahədə taxıl əkilib. Əkin sahələrinin 14 min 873 hektarı buğda, 4 min 928 hektarı arpa sahələridir. İndiyədək Saatlıda 6 min 555 hektar sahədə biçin aparılıb, sahələrdən 24 min 710 ton məhsul yığılıb.
Hazırda rayonda taxıl üzrə orta məhsuldarlıq 37,7 sent/ha təşkil edir. Saatlıda arpa biçini yekunlaşmaq üzrədir, arpa sahələrinin 94 faizində biçin yekunlaşıb. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün “Aqroservis” ASC tərəfindən rayona digər bölgələrdən əlavə kombaynlar dislokasiya edilib.
Qeyd edək ki, rayonda biçin prosesində 44 kombayn iştirak edir. Bunlardan 22 kombayn “Aqroservis” ASC-nin yerli rayon bölməsinin balansında olan kombaynlardır, “Aqroservis” tərəfindən digər rayon bölmələrindən Saatlıya 6 əlavə kombayn dislokasiya edilib. Biçinə, həmçinin fiziki və hüquqi şəxslərə məxsus 16 özəl kombayn da cəlb olunub. Rayonda arpa biçininin ən qısa müddətdə tam başa çatacağı gözlənilir.
Ümumiyyətlə, bu gün respublikanın 61 rayonunda biçin gedir. İndiyədək 247 min 863 hektar sahədə, yaxud payızlıq əkin sahələrinin 23,5 faizində biçin başa çatıb. Sahələrin 66 min 342 hektarı “Aqroservis” ASC-nin kombaynları, qalan hissəsi isə özəl kombaynlar vasitəsilə biçilib.
“Xalq qəzeti”