Rusiya döyüş taktikasını dəyişdirir

post-img

İki həftə ərzində ukraynalı müdafiəçilər Berdyansk və Melitopol istiqamətlərində 8 yaşayış məntəqəsini azad ediblər. Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar öz Telegram səhifəsində məlumat verib. 

Yüksək çinli hərbçinin sözlərinə görə, ötən həftə Ukrayna hərbçiləri həm hü­cumda, həm də müdafiədə olub. “Düş­mən şərqdə qoşunlarımızın Baxmut is­tiqamətində irəliləməsini dayandırmaq üçün xeyli səy göstərib. O, cəbhəyə əlavə birliklər göndərib və atəşlərin sa­yını artırıb. Bu istiqamətdə döyüşlərin ümumi intensivliyi azalsa da, atəş davam edib: 41 toqquşma olub və bir neçə ra­yonda qoşunlarımız işğal olunmuş əra­zilərin dərinliklərinə doğru irəliləyib”.

Nəticələr isə cəbhədə ciddi uğurların əldə olunmadığını göstərir. Bəs səbəb nədir? Birincisi, Ukrayna əks-hücum əməliyyatı üçün silah ehtiyatı yığarkən Rusiya bu hücumun qarşısını almaq üçün ən azı 7 ay hazırlaşıb: ehtiyat qüv-vələr yığıb, artilleriya və hava dəstəyi, döyüş sursatı və yanacaq ehtiyatı topla­yıb, əlavə təchizat və pilotsuz təyyarələr alıb. 

İkincisi, Zaporojyedən Rusiyanın Belqorod vilayətinə qədər 900 millik cəb-hə xətti boyunca xəndəklər qazıb və is­tehkamlar tikib.

Rusiyalı hərbi təhlilçi Dara Massikot isə bildirib: "Rusların müdafiə planı ha­zırlamaq üçün aylarla vaxtı vardı, ərazi­ni qazdılar və 6 ay orada oturdular, kiçik tələlər və minalar basdırdılar ... Mövqelə­rinin qarşısında və hətta kilometrlərlə aralıda, yollarda, tarlalarda o qədər çox minalı sahələr yaratdılar ki, onları keç­mək, həqiqətən də, çətindir...

Ukraynanın bir çox mina təmizləyən texnikası artıq məhv edilib, ona görə də bütün bu sahələri keçmək əsl problemdir. Bundan başqa, təmas xəttində xəndək və maneə labirintləri, o cümlədən əjda­ha dişləri adlanan tank əleyhinə beton piramidalar yerləşdirdilər. Bu, ilk müdafiə xəttidir.

Onlar müdafiə xəttini qurduqdan son­ra özlərində bir əminlik hiss edirlər".

Təhlilçi deyib ki, Rusiya o qədər is­tehkam tikib ki, hətta onlarda hərbçilər yerləşdirmək üçün kifayət qədər əsgərləri belə yoxdur.

Üçüncüsü, səhvlərindən dərs alan rus qoşunları həm də döyüş taktikasını dəyişməyə başlayıb. Onlar artıq təhlükəli ərazilərdə böyük kolonlarla hərəkət et­mirlər. Rusiya qoşunları tez-tez pilotsuz təyyarələrdən istifadə etməyə başlayıb və kəşfiyyat hücumları həyata keçirir. Bəzən hücum etməzdən əvvəl Ukrayna səngərlərini tapmaq üçün səs-küy salır­lar.

Təhlilçi bildirir ki, çoxdan gözlənilən əks-hücum əməliyyatına başlayan Uk­rayna yaxşı silahlanıb, təkmilləşdirilmiş kommunikasiya texnologiyaları, Amerika və Avropa silahları ilə təchiz edilib. Lakin Rusiya qüvvələri müdafiəni, artilleriya koordinasiyasını və hava dəstəyini tak­tikalarını təkmilləşdiriblər. Bu da müha­ribənin ilk günləri ilə ciddi fərqlənir. Bu dəyişikliklər isə Rusiya ordusunu xüsu­silə müdafiədə olanda daha ciddi rəqibə çevirib.

Ukraynanın “Qraf” ləqəbli PUA böl­məsinin komandiri bu barədə qeyd edib ki, düşmən “birliklər arasında əlaqəni mümkün qədər pozmaq üçün bölüklərin, briqadaların arxa komanda məntəqələri­ni tapıb uzaq məsafədən məhv etməyə çalışır. 

...Rusiya öz taktikasını yeni şəraitə uyğunlaşdırsa da, bütövlükdə onun qo­şunları daha bacarıqlı olmayacaq. Çünki ən təcrübəli rus əsgərləri müharibənin əvvəlində həlak olublar. Bu gün döyüş­lərdə iştirak edənlər az təlim keçmiş, yeni səfərbər edilən əsgərlərdir. Rusiya tank­ları 2022-ci ildə xeyli itkilər verib, indi bir növ artilleriya kimi istifadə edilmək üçün cəbhə xəttindən geri çəkilir.

Cəbhədə Ukrayna tərəfinin ciddi uğur qazanmamasının səbəblərinə bunlardan başqa, həm də ordunun yaxşı hazırlıqlı olmaması səbəb olub. Yanvardan Ukray­na ordusuna 200 min əsgər cəlb edilib. Və 3-4 ay ərzində onları təcrübəli döyüş­çülərə çevirmək sadəcə mümkün deyil. Digər ciddi səbəb isə komanda heyəti ilə bağlıdır. Çünki Ukrayna bir il ərzində zabit korpusunun yarıdan çoxunu, aşağı səviyyədə isə, demək olar ki, 70 faizini itirib. Bu, tağım, bölük, tabor komandirlə­ri səviyyəsidir. Və indi zabit çatışmazlığı döyüş meydanında özünü daha qabarıq göstərir. Qərbdə tələsik təlim keçən, 2-3 ay ərzində zabit rütbəsinə yüksələnlər döyüş meydanında çox mürəkkəb müasir "şahmat oyunu"na rəhbərlik edə bilmirlər.

Beləliklə, Ukrayna Silahlı Qüvvələ­ri 3 həftəlik hücumda ilk müdafiə xəttini aşa bilməyib və o əks-hücum əməliyyat­larını müvəqqəti olaraq dayandıra bilər. Məqsəd Ukrayna ordusunun gələcək əməliyyatları üçün taktikaları yenidən nəzərdən keçirməkdir. Xarici mətbuatın yazdığına görə, Ukrayna hələ də möv­cud qüvvələrinin əksəriyyətini əks-hücum əməliyyatlarına cəlb etməyib: “Ümumiy­yətlə, Ukrayna hələ bütün imkanları ilə əks-hücuma başlamayıb. Ehtimal edilən fasilə Ukraynanın əks-hücumunun başa çatması demək deyil. Çünki əməliyyat fasilələri böyük hücum əməliyyatlarının xarakterik xüsusiyyətidir”.

Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Ukrayna qüvvələri iyu­nun 18-də cəbhənin ən azı 4 istiqamə­tində əks-hücum əməliyyatlarını davam etdirib və bəzi əraziləri azad edib: “Ge­olokasiya görüntüləri Ukrayna qüvvələ­rinin Kreminna şəhərindən 30 kilometr cənubda məhdud irəliləyiş əldə etdiyini göstərir”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna ara­sındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Ru­siyanın 220 min 450 hərbçisi məhv edilib.

Pünhan ƏFƏNDİYEV, “Xalq qəzeti”

Dünya