Cümhuriyyət Xalq Partiyasında böhran yaşanır

post-img

Cümhuriyyət Xalq Partiyasında böhran ardınca böhran yaşanır. Həm partiyadan, həm də seçicilərdən CHP-nin sədri Kamal Kılıçdaroğlunun istefası istənilir. Onun getməsini istəyənlər arasında İstanbul Böyük Şəhər Bələdiyəsinin sədri Əkrəm İmamoğlu da var... 

Seçki gecəsi ekrana çıxan İstanbul Böyük Şəhər Bələdiyəsinin sədri Əkrəm İmamoğlu “dəyişiklik” deyərək prezident­liyə can atdığını açıq şəkildə paylaşıb. Təşvişə düşən və oturacağını qorumaq istəyən Kamal Kılıçdaroğlu isə cavab təd­birləri görməli olub. Prezident seçkisində məğlubiyyətdə özündən başqa hər kəsi günahlandıran Kılıçdaroğlu müşavirlərini işdən çıxarıb. Sədr olmaq istəyən Əkrəm İmamoğlunu isə yaxından izləməyə baş­layıb. O, prezident seçkisindən sonra Ankarada Əkrəm İmamoğlu ilə 3 dəfə görüşüb. Ona partiya rəhbərliyindən get­məyəcəyini bildirib. İstanbul Böyük Şəhər Bələdiyəsinin sədrinə: "Əvvəlcə yerli seç­kilərdə İstanbulu qazanın. Prezidentliyə sonra baxarıq" ,- deyib. 

Əslində, Əkrəm İmamoğlu ilk gündən partiyada dəyişikliyə ehtiyac olduğunu müdafiə edirdi. Kılıçdaroğlunun geri çə­kilməsini istəyir, dəyişikliyə rəhbərlik edə biləcəyini vurğulayırdı.

Xatırladaq ki, Cümhuriyyət Xalq Par­tiyasında İmamoğlunun İstanbula diqqət yetirmədiyi və ciddi bir iş görmədiyi sə­bəbindən yerli seçkiləri uduza biləcə­yinə dair ümumi bir inanc var. Əkrəm İmamoğlu İstanbulda yerli seçkini HDP və İYİ Partiyaların səsləri nəticəsində qazanmışdı. Hazırda İYİ Partiya və HDP dəstəyinin davam edib-etməyəcəyi bəlli deyil. Bundan əlavə, İmamoğlu əvvəlki imicini itirib. O, İstanbula xidmət etməyən bir bələdiyyə sədrinin profilini cızıb.

Kamal Kılıçdaroğlunun partiya rəh­bərliyindən getməsini yalnız Əkrəm İmamoğlunu deyil, həm də Ankara Bö­yük Şəhər Bələdiyəsinin sədri Mansur Yavaş da istəyir. Düzdür, bu vaxtadək o, bu barədə ciddi bir söz deməyib, amma sosial media hesabından “Ən neqativ na­mizəd Kılıçdaroğlu”, sorğusunu bəyənib. O, Kamal Kılıçdaroğluna, “mən namizəd olsaydım qalib gələrdim”, mesajını gön­dərib. İkisinin prezident seçkilərdən sonra bir dəfə də olsun görüşməməsi araların­da problem olduğu iddialarını gücləndirib.

Bu arada Türkiyədə keçirilən prezi­dent və TBMM Ümumi Seçkilərində məğ­lub olan CHP sədri Kamal Kılıçdaroğlu toxunulmazlığını itirib. Türkiyənin Baş prokurorluğu tərəfindən Kılıçdaroğlunun 30-a yaxın sənədi müvafiq qurumlara göndərilib. Şikayətlərin müvafiq idarələr tərəfindən araşdırılacağı və sübutlar top­landıqdan sonra məhkəməyə müraciət olunacağı bildirilib.

Qeyd edək ki, Kılıçdaroğluna qarşı “Prezidenti təhqir etmək”, “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək”, “təh­did”, “böhtan”, “təhqir”, “terror təşkilatı təbliğatı” və “təşkilatçılıq” ittihamları ilə bağlı şikayətlər edilib.

P. ŞÖVKƏTOĞLU, “Xalq qəzeti”

Dünya