Kənddə məhsul bolluğuna hərtərəfli təminat yaradılıb

post-img

8 ayda ümumi istehsal 9,4 milyard manata çatıb

Əhalinin, təqribən, yarısının bölgələrdə yaşadığı Azərbaycanda aqrar sahənin inkişafı, daxili bazarın mühüm kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi mühüm önəm daşıyır. Məhz bunun nəticəsidir ki, kənd təsərrüfatı ölkə iqtisadiyyatının prioritet sahələrindən biri kimi xüsusi aktuallıq kəsb edir.

Ölkə Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısı, eləcə də dövlətin həyata keçirdiyi ünvanlı, konkret hədəflərə yönəldilən stimullaşdırıcı tədbirlər müsbət nəticələr verir. Eyni zamanda, dövlətin inzibati və maliyyə resurslarından səmərəli istifadə olunması, aqrar subsidiya və aqrar sığorta mexanizmlərinin kənd təsərrüfatında tətbiqi təşəbbüskarlığa geniş meydan açır. Bütün bunlar isə ölkədə məhsul bolluğuna təminat yaratmaqla yanaşı, yerlərdə iqtisadi fəallığın artmasına səbəb olur.

Təkcə onu qeyd etmək kifayətdir ki, son 10 il ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı, təqribən, 2 dəfə artıb. Ötən dövrdə ölkədə bitkiçilik məhsullarının istehsalında 53 faiz, heyvandarlıq məhsullarının istehsalında isə 42,5 faiz artım qeydə alınıb. Bu da kənd təsərrüfatı və ərzaq məhsullarının ixracının davamlı olaraq artmasına imkan yaradıb.

Aqrar sektorda müşahidə olunan müsbət dinamika bu ilin yanvar-avqust aylarında da davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin 8 ayında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 9 milyard 424,2 milyon manat təşkil edib. Bunun da 4 milyard 776,1 milyon manatı bitkiçilik, 4 milyard 648,1 milyon manatı isə heyvandarlıq məhsullarının payına düşüb. Bu ilin yanvar-avqust aylarında kənd təsərrüfatının ümumi istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artıb. Hesabat dövründə bitkiçilik məhsullarının istehsalında 2,5 faiz azalma baş versə də heyvandarlıq məhsulları üzrə 1,1 faiz artım qeydə alınıb.

Kənd təsərrüfatının mühüm sahələrindən sayılan bitkiçilik məhsullarının istehsalının azalması əsasən iqlim dəyişikliklərinin mənfi təzahürləri, mövsümün əvvəlində havanın qeyri-sabit keçməsi ilə əlaqədardır. Bunu 2025-ci ilin ilk 6 ayında təbiət hadisələri nəticəsində təsərrüfatları ziyan görmüş fermerlərə edilmiş sığorta ödənişləri də təsdiqləyir. Hesabat dövründə Aqrar Sığorta Fondu tərəfindən 41 rayon üzrə əkin sahələrinə dəymiş zərərə görə fermerlərə 4 milyon 245 min manat sığorta ödənilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə, təqribən, 55 faiz çoxdur. İlin birinci yarısında ən çox ödənişlər taxıl, qarğıdalı, pambıq sahələri ilə yanaşı, günəbaxan, tütün, armud, şaftalı, şəkər çuğunduru, fındıq, badam və qarpız əkinləri üzrə müşahidə edilib. Təsərrüfatlara ən çox zərər vuran hadisələr isə dolu, sel-subasma, fırtına və leysan olub.

Bütün bunlara baxmayaraq, ölkədə bitkiçilik məhsullarının istehsalının artırılması üçün geniş imkanlar mövcuddur. Bu səbəbdəndir ki, son illər istifadəsiz qalmış torpaqların əkin dövriyyəsinə cəlb edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bitkiçilik məhsullarının artımını şərtləndirən digər vacib məqam əkin sahələrinin müasir texnologiyalar əsasında suvarılmasının təşkili ilə bağlıdır.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu yaxınlarda keçirilmiş Bakı Su Həftəsindəki çıxışı zamanı bildirib ki, hazırda Azərbaycanda mövcud 1,4 milyon hektar suvarılan sahənin yalnız 10-11 faizi müasir suvarma sistemləri ilə təmin olunub. Bununla belə, dövlətin bu sahəyə göstərdiyi güclü maliyyə dəstəyi sayəsində cari ilin ilk yarısında 2 min hektardan çox sahədə yeni suvarma sistemləri tətbiq olunub. Nazir, həmçinin bildirib ki, bu ildən etibarən yerli istehsal olan müasir suvarma avadanlıqlarının subsidiyalaşdırma səviyyəsi 60 faizə qaldırılacaq. Əkin sahələrinin genişləndirilməsi və müasir suvarma sistemlərinin tətbiqi isə məhsul bolluğuna təminat yaradan mühüm amildir.

Ötən müddətdə məhsulun optimal vaxtda və itkisiz yığılması üçün bütün imkanlardan maksimum istifadə edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin sentyabr ayının 1-dək qarğıdalı da daxil olmaqla tarlalardan 3 milyon 50 min ton dənli və dənli-paxlalılar toplanılıb. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 0,8 faiz çoxdur. Hesabat dövründə təsərrüfatlarda 1 milyon 420,6 min ton tərəvəz, 760,4 min ton kartof, 510,5 min ton meyvə və giləmeyvə, 450,8 min ton bostan məhsulları, 62,3 min ton üzüm, 43,9 min ton şəkər çuğunduru, 21,5 min ton günəbaxan, 5 min ton tütün, 876,2 ton yaşıl çay yarpağı və 23,2 ton pambıq yığılıb.

Ümumilikdə isə tərəvəz, kartof, bostan məhsulları, üzüm və yaşıl çay yarpağı istehsalında əvvəlki ilin eyni dövrü ilə müqayisədə azalma qeydə alınsa da dənli və dənli paxlalı bitkilər, meyvə və giləmeyvə, şəkər çuğunduru, tütün və pambıq yığımında artım baş verib. Hazırda ölkəmizdə kənd təsərrüfatı məhsullarının yığımı davam edir.

Aqrar istehsalın ikinci mühüm sahəsi sayılan heyvandarlığın inkişaf etdirilməsi üçün də ölkədə təxirəsalınmaz tədbirlər həyata keçirilib. Bu baxımdan sürünün cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən işlər mal-qaranın baş sayının artmasına və heyvanların məhsuldarlığının yüksəlməsinə səbəb olub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2025-ci ilin yanvar-avqust aylarında ölkədə quş əti də daxil olmaqla diri çəkidə 383,9 min ton ət, 1 milyon 493,4 min ton süd, 1 milyard 605,7 milyon ədəd yumurta, 14,3 min ton yun və 186,6 ton barama istehsal olunub. Əvvəlki ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,2 faiz, yumurta istehsalı 2,1 faiz, süd istehsalı 0,3 faiz artıb, yun istehsalı 1,4 faiz, barama istehsalı isə 22,1 faiz azalıb.

İqtisadiyyatın qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verən fermerlər daxili bazarda məhsul bolluğuna şərait yaratmaqla yanaşı, ölkənin ixrac potensialının artırılmasında da yaxından iştirak edirlər. Bütövlükdə isə kənd təsərrüfatı məhsulları ixracının yüksək artım dinamikası cari ilin ötən dövründə də davam edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın sentyabr sayına əsasən 2025-ci ilin yanvar-avqust ayları ərzində ölkə üzrə aqrar məhsulların ixracı 28,2 faiz artaraq 614,4 milyon dollar, aqrar-sənaye məhsullarının ixracı isə 4,7 faiz artaraq 209,5 milyon dollara bərabər olub.

Ümumilikdə, bu ilin 8 ayında aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 21,3 faiz artaraq 823,9 milyon dollar təşkil edib.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat