“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) “Mahmud Rəhimov” universal quru yük gəmisinin təmiri başa çatdırılıb.
ASCO-dan verilən məlumata görə, təmir prosesi çərçivəsində gəminin baş mühərrikləri yenisi ilə əvəz olunub, köməkçi mühərriklər işlək vəziyyətə gətirilib. Bununla yanaşı, gəminin mexanizmləri, hava kompressorları sazlanıb. Eyni zamanda gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb. Gəminin sualtı və suüstü hissələri tam təmizlənərək rənglənib, yaşayış və xidməti otaqları, anbar qapaqları təmir edilib.
Təmir zamanı rabitə və elektroradionaviqasiya sahəsinə aid də lazımi işlər görülüb. Belə ki, gəmidə müasir, yeni elektron xəritə quraşdırılaraq 2 ədəd VHF tipli daşınan əl radiostansiyası ilə təchiz edilib. “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan işlər başa çatdıqdan sonra gəmi müvafiq yoxlanışdan uğurla keçib və Aktau limanına doğru ilk səfərə yola salınıb.
Qeyd edək ki, “Mahmud Rəhimov” gəmisinin uzunluğu 117,5, eni 16,5 metr, yükgötürmə qabiliyyəti isə 4 min 100 tondur.
XQ