Xəbər verildiyi kimi, Ermənistan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə – Arazdəyəndə ABŞ sərmayəsi ilə iri metallurgiya zavodu inşa etməyə hazırlaşır. Tikintiyə 70 milyon dollar ABŞ sərmayəsi yatırılacaq. Zavodun hündürlüyü 30 metr, sahəsi isə 16,5 min kvadratmetr olacaq.
Bu xəbər region ölkələrinin əhalisi arasında ciddi narahatlığa səbəb olub. Əslində, narahat olmaq üçün əsaslar çoxdur. Belə ki, bölgədə ağır sənaye zavodunun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Həmin zavodun inşa edilərək istismara verilməsi həm Türkiyə, həm də Azərbaycan üçün çox böyük bir təhlükə olacaq. Hətta Ermənistan özü də bundan ziyan görəcək.
“Səma və EKO” İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova bu məsələ ilə bağlı bizimlə söhbətində dedi ki, regionun ən böyük təhlükə mənbəyi olan Metsamor Atom Elektrik Stansiyasının mənfi təsirlərinə məruz qalmaqdan qurtulmadan ikinci bir zərərli müəssisənin–metallurgiya zavodunun tikilməsi zərərli təsirləri qədər də da artıracaq. Belə ki, həmin zavodun tikilməsi ilə ekoloji və qida təhlükəsizliyinə mənfi təsir daha da böyüyəcək.
İ.Hüseynova hesab edir ki, növbəti ekoloji təhlükənin qarşısını almaq üçün beynəlxalq səviyyədə çağırışlar edilməlidir. Təkcə Azərbaycan deyil, Türkiyə də bu məsələdə öz sözünü deməlidir. Ekoloji təşkilatları toplayıb, bəyannamə hazırlayıb təqdim etmək lazımdır.
Birlik sədri bu məsələdə tam haqlıdır. Çünki Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində–Arazdəyən kəndində illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodu inşa edilərsə, bu, regionda ekoloji fəlakətə yol aça bilər.
Yeri gəlmişkən, iyunun 8-də Bakıda ekoloji yönümlü 26 qeyri-hökumət təşkilatı bir araya gələrək bu məsələni ciddi müzakirə ediblər və yeni ekoloji fəlakətə yol açacaq bu layihə əleyhinə birgə bəyanat səsləndiriblər. Tədbirdə azərbaycanlı ekoloqlar ABŞ dövlətinə və Ermənistan ekoloqlarına da çağırış ünvanlayıblar.
Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü QHT-lərin bəyanatında deyilir: “Bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır. Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaradır”.
Hüquq ekspertləri bildirirlər ki, Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır. Azərbaycan və Ermənistan həmin konvensiyanın tərəfləridir və Espo Konvensiyasın tələblərinə uyğun olaraq, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda, bölgədə yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır.
Siyasi icmalçı, filologiya üzrə fəlsəfə doktoru Mübariz Məmmədli qeyd etdi ki, Ermənistanın bu tələblərə riayət etməməsi bir daha onu göstərir ki, bu ölkənin rəhbərliyi regionda destruktiv siyasət aparır, tərəf olduğu beynəlxalq sənədlərin müddəalarını, beynəlxalq öhdəliklərini kobud şəkildə pozur.
Törətdiyi ekoloji cinayətlərlə Ermənistan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusilə də hər kəsin sağlamlığının təmin edilməsinə dair 3-cü, təmiz su və sanitariya ilə bağlı 6-cı, iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə dair 13-cü, torpaq ekosisteminin mühafizəsi üzrə 15-ci məqsədlərinin tamamilə əleyhinə gedir.
Məlum olduğu kimi, 2022-ci ildə BMT təmiz, sağlam və davamlı ətraf mühiti insan hüququ kimi tanımışdır. Ermənistan ekologiyaya ciddi ziyan vurmaqla, Azərbaycanın, o cümlədən region əhalisinin insan hüquqlarını kobud şəkildə pozur.
Bundan başqa, müxtəlif beynəlxalq sənədlər, o cümlədən biznes və insan hüquqları üzrə rəhbər prinsiplərə görə iqtisadi fəaliyyət insan hüquqlarına ziyan vurulmadan həyata keçirilməlidir. Bu halda da Ermənistan məsuliyyətsiz davranır, təmiz, sağlam və davamlı ətraf mühit hüququna məhəl qoymur və sırf özünün iqtisadi maraqlarını önə çəkir.
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli isə öz növbəsində bildirdi ki, Ermənistan tərəfindən Azərbaycana qarşı ekoloji terror və ekosid siyasətinin aparılması yenilik deyil. Belə ki, “Metsamor”un uzun illər regionun ətraf mühitinə təhdid kimi qalması, işğal dövründə Qarabağda törədilmiş geniş miqyaslı ekoloji faciələr, yüksək kimyəvi tərkibli istehsalat sularının təmizlənmədən Oxçuçaya axıdılması buna əyani misaldır. Ermənistan Oxçuçayı kəskin şəkildə çirkləndirib. Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi hissənin ekoloji sistemini bərpa olunmaz deqradasiyaya məruz qoyub. E.Cəfərli belə bir faktı da vurğuladı ki, alman şirkəti “Cronimet” bu ekoloji cinayətdə Ermənistanla birgə iştirak edib. Təəssüflər olsun ki, bu günə qədər də Almaniya hökuməti bu istiqamətdə heç bir praktik addım atmayıb.
Yeri gəlmişkən, bu hüquqazidd addım uzun illər ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi su terrorunun növbəti təzahürüdür. Araz çayını cidd-cəhdlə çirkləndirməyə çalışan nankor qonşumuz su terrorunu öz ərazilərimizdə də davam etdirib. İşğal etdikləri Azərbaycan ərazilərinin təbii sərvətlərini vəhşicəsinə talayan ermənilər uzun illər Tərtər rayonunda yerləşən Sərsəng Su Anbarında əsl ekoloji fəlakət törədiblər. Məhz bunun nəticəsidir ki, Tərtər, Goranboy, Yevlax, Ağcabədi, Ağdam və Bərdə rayonlarının 215-dək yaşayış məntəqəsi üzrə, ümumilikdə, 100 min hektardan artıq əkin sahəsi 30 il su fəlakəti ilə üz-üzə qalıb. Daha bir narahatedici məqam ondan ibarətdir ki, ötən müddətdə anbarın texniki qurğuları və avadanlıqları baxımsızlıq ucbatından qəzalı vəziyyətə düşüb. Məhz bu səbəbdən su anbarının hər an dağılması və Azərbaycanın rayonlarını su altında qoyması təhlükəsi var. Eyni zamanda, ermənilərin bunu təxribat məqsədilə qəsdən dağıda biləcəyi də istisna deyil. Bu isə 1 milyondan çox insanın daim təhlükə altında olması deməkdir.
Bu təhlükələrin aradan qaldırılmasının yeganə yolu isə Sərsəng Su Anbarından istifadə dərhal Azərbaycanın ixtiyarına verilməsidir. Bununla, həm baş verə biləcək ekoloji terrorun qarşısı alınar, həm də anbardan səmərəli şəkildə istifadə edilməklə, susuzluqdan əziyyət çəkən ərazilərə yeni həyat bəxş etmək mümkün olar.
Bir məqamı da xatırladaq ki, AŞPA hələ 2016-cı ildə Sərsəng Su Anbarında ekoloji vəziyyətin aradan qaldırılmasına dair 2085 saylı qətnamə qəbul edib. Həmin qətnamə bugünədək icra edilməyib. Artıq vəziyyət çox təhlükəli həddə çatıb və anbar tezliklə Azərbaycanın müvafiq qurumlarının sərəncamında olmalıdır. Sülhməramlıların nəzarəti altında olan bölgədəki su anbarından istifadə isə onun məxsus olduğu Azərbaycan dövlətinin hüququdur.
Azərbaycanın vətəndaş cəmiyyətinin fəalları yuxarıda adını qeyd etdiyimiz bəyanatda başda BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin ətraf mühit üzrə xüsusi məruzəçisi, BMT-nin zərərli maddələr və insan hüquqları üzrə xüsusi məruzəçisi olmaqla, müvafiq beynəlxalq təşkilatlara müraciət edərək onları bu fakta reaksiya verməyə və Ermənistanın növbəti ekoloji terroruna son qoymağa çağırıblar.
Ölkəmizin ekoloji yönümlü QHT rəhbərləri Amerika Birləşmiş Ştatları hökumətinə də müraciət edərək bildiriblər ki, Arazdəyəndə iri metallurgiya zavodu tikməyə hazırlaşan, ərazisində qeydiyyatda olan şirkəti məsuliyyətli davranışa dəvət etsin, onun qanunsuzluqlarına göz yummasın. Azərbaycan ictimaiyyəti haqlı olaraq ABŞ rəsmilərindən, o cümlədən bu ölkənin Azərbaycandakı və Ermənistandakı səfirliklərindən həmin vacib məsələyə münasibət bildirəcəklərini gözləyir.
Bölgəni təhlükəyə sürükləyən bu prosesin durdurulması çox vacibdir. Heç bir siyasi gücün, yaxud özəl və dövlət şirkətlərinin, onların arxasında dayanan qüvvələrin regionda yaşayan xalqların taleyi ilə oynamağa haqqı yoxdur.
M. YAQUBZADƏ,
M. ABDULLAYEV,
“Xalq qəzeti”

