Azərbaycan – Ermənistan münasibətlərinin nizamlanmasında vasitəçi qismində çıxış edən konkret dövlətlər və siyasi bloklar hazırda nəzərlərini sülhə nailolmadan daha çox, Zəngəzur dəhlizinin açılması və bu yola nəzarət məsələlərinə yönəldiblər. Sanki böyük güclər bu yolun strateji əhəmiyyətini dərk etdikcə, ona nəzarət uğrunda mübarizənin yeni üsullarını arayırlar. Cənubi Qafqaz nizamlamasını müəyyən mənada ikinci plana keçirmiş, qlobal maraqların kəsişmə nöqtəsinə çevrilmiş Zəngəzur dəhlizinə maraq daha çox hiss olunmaqdadır. XXI əsrin yeni yanaşmaları ortadadır: iqtisadi maraqlar sülhün və demokratik dəyərlərin qorunmasına yönəlik meyilləri üstələyir. Nə qədər acı səslənsə də, bu gün Cənubi Qafqaz bölgəsinin üzləşdiyi durum budur.
İlkin razılaşmalara korrektələr edilir
Ukraynada bir il beş aydır apardığı “xüsusi hərbi əməliyyatlara” görə Qərbin çeşidli sanksiyalarına məruz qalan, iqtisadi böhranla üzləşən Rusiya üçün Zəngəzur dəhlizi həyati əhəmiyyət kəsb edən yoldur. Moskva bölgədə kommunikasiyalara nəzarəti əlində cəmləməklə, öz iqtisadiyyatı ilə Türkiyə, İran və Yaxın Şərq ölkələrinin infrastrukturu arasında etibarlı körpü salmağa şans qazanmış olur. Bu mənada, Kreml həm bölgə ölkələri, həm də Zəngəzur yolundan yararlanacaq güclərlə əməkdaşlığa məcburdur. Məhz bu aspekti anladığına görədir ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin iştirakı ilə Moskvada keçirilmiş üçtərəfli işçi qrupunun iclasında mühüm və müsbət nəticələrin əldə olunması barədə açıqlama vermişdi. Mövzu ilə bağlı ötən sayımızda Zəngəzurun dəyişən müqəddaratından bəhs etmişdik. İndi onu da əlavə etməyi zəruri sayırıq ki, beş ay əvvəl Zəngəzur dəhlizinin açılması mövzusunu müzakirə etməkdən yayınan İrəvan, indi nəinki bu layihənin qaçılmaz olduğunu qəbul edir, üstəlik, yola nəzarəti özünün həyata keçirməsindən danışır.
Hayastan baş nazirinin bu qənaətə gələnədək mövqe və baxışlarını dəyişdiyinə diqqəti çəkən siyasi analitik Orxan Amaşov Zəngəzur dilemmasının əsas aspektləri üzrə Bakı və İrəvanın razılığa gəlmə ehtimalının böyüklüyündən söz açdı:
“Hesab edirəm ki, indi əsas məsələ Zəngəzur dəhlizinə kimin nəzarət etməsidir. Bu məsələ Bakı və İrəvan arasında dilemma sayılmır, İrəvan və Moskvanın münasibətlərinə aiddir. Bir tərəfdən nəqliyyat kommunikasiyaları üzərində dövlətin suveren hüququ mövcuddur. Bu, Brüssel danışıqlarının əsas elementi hesab olunur. Digər tərəfdən, Rusiya hər şeyi özünün nəzarətində saxlamaq istəyir. Əslində, indi bu iki amil baş-başa gəlib. Bu situasiyada Ermənistanın özünü necə aparması maraqlıdır. İrəvan dəhlizə nəzarəti Rusiyaya vermək istəmir. Brüssel öz təzyiqlərini artırır və əmin olmaq istəyir ki, İrəvan səlahiyyəti Moskvaya ötürməyəcək. Azərbaycan tərəfi isə məqsədəuyğun şəkildə hərəkət edir. Prinsip etibarilə Bakı hər iki variantla razıdır”.
Azərbaycan üçün bu razılaşmanın kim və hansı platforma tərəfindən qəbul olunacağı elə də vacib deyil. Doğrudur, Moskva kənar aktorlardan təcrid olunmuş bir marşrut əldə etməyə çalışırdı. 2020-ci il 10 noyabr Bəyanatının 9-cu bəndində Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinə nəzarətin Rusiya sərhədçilərinin və FTX-nin həyata keçirəcəyi öz əksini tapıb. Fəqət Rusiya, Azərbaycan və Ermənistan hökumətlərarası işçi qrupunun son Moskva görüşündə 10 noyabr bəyanatına İrəvanın xeyrinə korrektələrin edildiyi və bununla bağlı ilkin razılaşmanın əldə olunduğu barədə məlumatlar səsləndi.
İrəvan təhlükəsizliyə zəmanət verməlidir
Zəngəzur dəhlizi yeni sərnişin və yükdaşıma marşrutu olmaqla yanaşı, regionun bütün ölkələrinin maraqlarına xidmət edəcək. Bununla paralel olaraq, yeni yol həm də bölgədə möhkəm və davamlı sülhün təmin olunması, inkişafa təkan verməsi baxımından da ciddi əhəmiyyətə malikdir. Bu amili erməni iqtidarı dərk və qəbul etməyə başlayıb. İntəhası, Paşinyan hökumətinin razılaşmadığı yeganə məsələ Zəngəzurun dəhliz statusu ilə bağlıdır. Digər aspektlərdə ziddiyyətli məqamlar çözülmüş kimi görünür.
Bakı üçün bir nömrəli prioritetin Naxçıvana yolunun açılmasının olduğunu xüsusu vurğulayan beynəlxalq ekspert Fərid Şəfiyev təhlükəsizliyin hansı üsul və qaydada təmin ediləcəyinin İrəvanın qərarından asılı olacağını dedi:
“Azərbaycan üçün əsas məsələ ondan ibarətdir ki, Naxçıvana yolumuz açılsın. Bunu təmin etmək Ermənistanın öhdəliyidir və bu, üçtərəfli Bəyanatın 9-cu bəndində əksini tapıb. Düzdür, bəyanatda təhlükəsizliyi Rusiya qoşunlarının təmin edəcəyi qeyd olunub, amma İrəvan artıq bundan imtina edib, yola özünün nəzarət edəcəyini bildirib. Sabah Azərbaycan vətəndaşı avtomobilində, yaxud qatarla həmin yoldan keçəndə onun təhlükəsizliyini Ermənistan tərəfi təmin etməlidir. Mütləq müəyyən mexanizm yaradılmalıdır. Yola kimin nəzarət edəcəyi danışıqlar nəticəsində dəqiqləşməlidir. Ümumiyyətlə, bəzi məsələlər var ki, İrəvan və Moskva razılığa gəlməlidirlər. Misal üçün, Ermənistan iqtidarı ərazisində Rusiya qoşunlarının mövcudluğunu arzulamır. Paradoks isə ondan ibarətdir ki, ölkənin sərhədlərini Rusiya hərbçiləri qoruyur, dəmir yolları da Kremlin idarəçiliyindədir. Bu məsələlərə aydınlıq gətirilməlidir. Çox güman yaxın vaxtlarda İrəvan bununla bağlı mövqeyini açıqlayacaq”.
Zəngəzur dəhlizi ilə bağlı razılaşma gerçəkləşərsə, bu, Bakı və İrəvan arasında sülh sazişinin imzalanması prosesinə mühüm hazırlıq mərhələsi sayılacaq. Azərbaycan dəfələrlə bəyan edib ki, həm sülhün əldə olunması, həm sərhədlərin delimitasiya və demarkasiyası, həm də Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır və bu istiqamətdə konkret addımlar atır. Artıq ikitərəfli, üçtərəfli, eləcə də beştərəfli təmaslardan görünən budur ki, Bakının sülhə yönəlik xoş məramlı və ədalətli mövqeyini İrəvan da qəbul etməyə başlayıb. Bu məqamın tərəfləri tezliklə yekun sazişə aparıb çıxaracağına inananların sayı artmaqdadır.
Avropa İttifaqı“hücuma keçir”
Ermənistanın Azərbaycanla şərti sərhədinin o üzündə yerləşdirilən Avropa İttifaqının mülki missiyasının fəaliyytində son vaxtlar canlanma hiss olunmaqdadır. Bu da təsadüfi deyil. Fransanın və Almaniyanın dominantlıq etdiyi Aİ rəhbərliyinin son açıqlamalarında mülki missiyanın ardınca Ermənistana hərbi müşahidəçiləri də göndərə biləcəyi ilə bağlı açıqlamaları diqqəti çəkdi. Avropa İttifaqının Qərbi Zəngəzurda (Sünikdə) əməliyyat mərkəzlərinin yaradılması ilə bağlı son bəyanatı əslində Moskvanın Tehranın ardınca Qafanda baş konsulluq açmaq planına verilən reaksiyadır. Avropa güclərinin Aİ-nin mülki missiyası vasitəsilə Zəngəzur dəhlizinə yaxınlaşması perspektivə hesablanmış məqsədlərindən xəbər verir. Aİ-nin Ermənistandakı nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Markus Ritter mülki missiyanın yaxın aylarda Cermuk, İcevan və Keşişkənddə üç əlavə əməliyyat mərkəzinin açılacağını və onların yaxın gələcəkdə istifadəyə hazır vəziyyətə gətiriləcəyini bildirib. Elə Ermənistan baş naziri Nikol Paşinyanın iki gün əvvəl bu layihə barədə dedikləri qərbli həmkarlarının açıqlamaları ilə üst-üstə düşür. Onun “bu, bölgədə iqtisadi, siyasi, eləcə də təhlükəsizlik mühitini dəyişəcək vacib layihədir”, – sözlərindən sonra müavini Mqer Qriqoryanın hökumətin iclasında Rusiya “Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolları” şirkətinin Arazdəyən–Culfa–Ordubad–Mehri–Horadiz dəmir yolunun Ermənistan hissəsinin operatoru olacağı barədə açıqlaması maraqlı ehtimal və fərziyyələrə yol açır.
Bu arada Almaniya Bundestaqının Beynəlxalq əlaqələr komissiyasının sədri Mixael Rott İrəvandakı çıxışında Kremlin Aİ-nin Ermənistandakı missiyasının Rusiyanı bu ölkədən çıxarmaq olduğu ilə bağlı açıqlamasına cavab verib. Cənab Rott bildirib ki, Rusiya xarici işlər naziri özünün sonsuz imperialist xarici siyasətini davam etdirir və öz təbliğatını yayır.
Bütün hallarda qazanan tərəf Azərbaycan olacaq
Göründüyü kimi, Cənubi Qafqazda mövqe və nüfuz uğrunda Rusiya–Qərb qarşıdurması açıq mübarizə mərhələsinə keçmək ərəfəsindədir. Mövcud şəraitdə Bakının diplomatik susqunluq nümayiş etdirmək taktikasının ən doğru seçim olduğunu qeyd etməyə dəyər.
“Mən yeni mərkəzlərin məhz geosiyasi rəqabət kontekstində açıldığını istisna etmirəm”. Bu sözlər erməni politoloq Suren Surenyantsa məxsusdur. Yerli mediaya verdiyi açıqlamasında o bildirib ki, əslində, avropalı müşahidəçilər də İran konsulluğunun artıq fəaliyyət göstərdiyi və Rusiya konsulluğunun açılması nəzərdə tutulan Qafanda yerləşir. “Aİ-nin monitorinq missiyası müəyyən çəkindirici rol oynasa da, nə ritorikası, nə də hakimiyyətin öncədən elan etdiyi fəaliyyəti ilə Azərbaycana kifayət qədər təsir gücünə malik deyil”. S.Surenyantsın bu sözlərinin isə fakta və reallığa söykəndiyinə şübhə yoxdur.
İndi bütün yollar böyük güclərin maraqlarının kəsişdiyi Cənubi Qafqaza gətirir. Yeni reallıqların astanasında olan bölgənin hazırda ən güclü və sabit ölkəsi isə Azərbaycandır. Böyük maraqların necə və hansı miqyasda toqquşacağından asılı olmayaraq, bu qarşıdurmada udan tərəf məhz Azərbaycan olacaq.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”



