Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində – Arazdəyən kəndində illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodunun inşasının layihəsi ilə əlaqədar iyunun 8-də Bakıda ekoloji yönümlü QHT-lər yeni ekoloji fəlakətə yol açacaq bu layihə əleyhinə birgə bəyanat səsləndiriblər. 25 vətəndaş cəmiyyəti rəhbərinin ABŞ dövlətinə və Ermənistana çağırışında bildirilir:
– Biz Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatları olaraq, başda BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin ətraf mühit üzrə xüsusi məruzəçisi, BMT-nin zərərli maddələr və insan hüquqları üzrə xüsusi məruzəçisi olmaqla, müvafiq beynəlxalq təşkilatlara müraciət edərək, onları bu fakta reaksiya verməyə və Ermənistanın növbəti ekoloji terroruna son qoymağa çağırırıq.
Amerika Birləşmiş Ştatları hökumətinə müraciət edirik ki, Arazdəyəndə iri metallurgiya zavodu tikməyə hazırlaşan, ərazisində qeydiyyatda olan şirkəti məsuliyyətli davranışa dəvət etsin, onun qanunsuzluqlarına göz yummasın. Amerika Birləşmiş Ştatları rəsmiləri, o cümlədən, ABŞ-ın Azərbaycandakı və Ermənistandakı səfirlikləri susmamalı, məsələyə münasibət bildirməlidirlər.
Bəyanat bu sözlərlə bitir: “Biz buradan Ermənistandakı ekofəallara da müraciət edirik. Bu, ilk növbədə, Ermənistanın özünün də ekoloji vəziyyətinə mənfi təsir edəcək. Bölgəni təhlükəyə sürükləyən bu prosesi durdurmaq üçün hərəkət zamanıdır”.
“Xalq qəzeti”

