Ermənistanın paytaxtı İrəvanda səfərdə olan Almaniya Bundestaqının Xarici əlaqələr komissiyasının sədri Mixael Rott Avropa İttifaqının mülki monitorinq missiyasını ərazisinə dəvət etdiyinə görə Ermənistana təşəkkürünü bildirib və vurğulayıb ki, Azərbaycanın da həmin missiyanın öz tərəfində fəaliyyət göstərməsinə razılıq verəcəyinə ümidlidir. Sözügedən missiyanın rəhbəri Markus Ritter isə deyib ki, daha üç nöqtədə yeni əməliyyat mərkəzləri açacaqlar. Onun sözlərinə görə, müşahidəçilər işə başlayandan bəri ilk üç ay ərzində, ümumilikdə, 300-dən çox patrul həyata keçirib, hər həftə 3800 kilometr məsafə qət ediblər...
Aydınlıq gətirək. Söhbət Aİ-nin Azərbaycan–Ermənistan sərhədinin Ermənistan tərəfində fəaliyyət göstərən mülki missiyasından gedir. O missiyadan ki, ölkəmiz onun öz ərazisində fəaliyyətinə razılıq vermir. Söhbət həm də o missiyadan gedir ki, Ermənistanın özündə belə ona birmənalı münasibət yoxdur. Ölkədə müşahidəçilərin səmərəsizliyi barədə fikirlər səsləndirilir. Görünür, avropalılar erməni siyasilərin gözləntilərini doğrultmurlar...
***
Qeyd edək ki, ümumən missiya məntiqi Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla 2022-ci il oktyabrın 6-da Aİ Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi, Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə keçirilmiş Praqa sammiti zamanı gündəmə gəlmişdi. Məsələnin təşəbbüskarı Makron idi. İdeya ilk baxışdan Fransa ermənipərəstliyinin təzahürü kimi meydana çıxmışdı. Əvvəl missiyanın tərkibinin, təxminən, iyirmi nəfər olacağı bildirilsə də, sonradan bu sayın dəfələrlə artdığını gördük. Üstəlik, müşahidəçilər arasında fransız jandarmların və alman polislərin olacağı da yaranmış gərginliyə xüsusi rəng qatdı. Elə təəssürat formalaşdı ki, Qərb, konkret olaraq Aİ bölgədə hərbi mövcudluq barədə düşünür. Hətta say baxımından genişləndiriləcəyi bildirilən missiyanın üzvlərinin silahlandırılaraq, erməni hərbçiləri ilə birlikdə Azərbaycan Ordusuna qarşı döyüşmək potensialına dair baxışlar da tirajlanmağa başlandı.
O da məlumdur ki, Ermənistan hakimiyyəti avropalı müşahidəçiləri Azərbaycanla sülhdən yayınmaq üçün manipulyasiya vasitəsinə çevirmək istədi. Həmçinin, rəsmi İrəvanın təqdimatındakı ayrı-ayrı epizodlar göstərdi ki, baş nazir Nikol Paşinyan administrasiyasının məqsədi missiyanı Bakının mümkün təcavüzü zamanı beynəlxalq ictimai sipər kimi istifadə etməkdir. Nikol və tərəfdarları bu tezisi o qədər yüksək səsləndirdilər ki, Aİ öz imicini və Azərbaycanla digər sahələrdəki əməkdaşlığını düşünməli oldu. Nəticədə, müşahidəçilərin hansı məqsədlə Ermənistan ərazisinə gəldikləri mövzusunda düzgün rəy formalaşmadı. İndi missiya rəhbəri Ritter deyir ki, müşahidəçilər avtomobillərlə, ümumilikdə, 3800 kilometr yol sürüblər (spidometrlə ölçürlərmiş – red.). Bunun və 300 patrul reysi reallaşdırmağın hesabatlılığa dəxli varmı? Cənab Ritter nə deməlidir? Heç nə. Onu anlamaq lazımdır. Axı, bildirə bilməz ki, müşahidəçilər Ermənistan ərazisində piknik ediblər. Hərçənd...
Əlbəttə, Almaniya Bundestaqının komissiya sədri M.Rottun ümidi piknik məkanının Azərbaycan ərazisini də əhatə etməsi ilə əlaqədar deyil. Bu yerdə Aİ müşahidə missiyasının Ermənistandakı gerçək fəaliyyəti ilə bağlı bu ölkə mediasında yer almış bəzi bilgilərə diqqət yetirək. Həmin bilgilərdə iddia olunur ki, müşahidəçilər sərhəd bölgələrdə yaşayan ermənilər arasında sorğu keçirir, sadə insanların azərbaycanlılara münasibətlərini öyrənirlər. Əsas məqamlardan biri isə odur ki, sorğu 1991-ci ilədək soydaşlarımızın yaşadıqları bölgələrdə aparılır və nəticəyə gəlinir: iki xalq vaxtilə bir-birilə normal keçinib, azərbaycanlılarla ermənilər müştərək yaşaya bilərlər və s. Bu barədə bir azdan...
***
Qeyd edək ki, missiya söhbəti meydana çıxanda, Rusiyanın ona münasibəti sərt olmuşdu. Ölkənin xarici işlər naziri Sergey Lavrov avropalı müşahidəşiləri bölgədə “əlavə qıcıqlandırıcılar” adlandırmışdı. Azərbaycanın da məsələyə pozitiv münasibət bəsləmədiyini vurğuladıq. Bu baxımdan, dövlətimizin başçısı İlham Əliyevin mayın 28-də Laçında öz yurd-yuvasına dönmüş rayon sakinləri ilə görüşündə səsləndirdiyi fikirlər də var. Cənab İlham Əliyev diqqəti Ermənistanın xaricdən gözləntilərinə yönəldərək, kənar qüvvələrin İrəvana kömək etməyəcəyini vurğulamışdı: “Hələ ki, Ermənistanın de-fakto olmasa da, hüquqi cəhətdən müstəqilliyi var, hələ ki, Ermənistan sərhədləri anlayışı müəyyən mənada qəbul edilir. Onlar bizim şərtlərimizi qəbul etməlidirlər. Delimitasiya istəmirlərsə, olmasın delimitasiya. Onda nə olacaq, harada desək, sərhəd də orada olacaq. Onlar bilirlər ki, biz bunu edə bilərik. Heç kim onlara kömək etməz, nə Avropadan gələn pensiyaya çıxmış Fransa polisləri, nə də başqaları, heç kim”.
Yəni, Azərbaycan Prezidenti həm də bildirdi ki, İrəvan avropalı müşahidəçilərə güvənib təxribata əl atmasın. Əks halda, ölkənin hazırkı sərhəd anlayışı və müstəqilliyi əldən gedə bilər. Yəqin, eyni zamanda, buna görədir ki, missiya ehtiyatlıdır, özünün hansısa formada alətə çevrilməsinə imkan vermir. Bir qədər əvvəl haqqında söz açdığımız sorğu fəaliyyətinə nəzər salsaq da, deyə bilərik ki, müşahidəçilər bölgəyə erməni alətinə çevrilmək üçün gəlməyiblər. Hər halda, alət olmaq istəsələr, məqsədlərini əvvəldən ortaya qoyub fəallıq göstərərdilər. Digər tərəfdən, onu da vurğuladıq ki, Aİ-nin, bütövlükdə Avropanın Azərbaycanla enerji sahəsində ciddi əməkdaşlığı var və onun erməni avantürasına qurban verilməsində məntiq yoxdur.
***
Bu yerdə yenidən Lavrovun Aİ-nin Ermənistandakı missiyasına yönələn “bölgədə qıcıqlandırıcılar” deyimi üzərinə qayıdaq. Şübhəsiz, bu deyimdə Qərbin Rusiyanı Cənubi Qafqazdan çıxarmaq məqsədindən duyulan əndişə var. Mövcud məqam istər Kremlin təmsilçiləri, istərsə də Rusiyanın müxtəlif siyasi dairələri tərəfindən dəfələrlə vurğulanıb. Bu xüsusda Ermənistana qarşı xoşagəlməz ifadələr gündəmə gəlib və gəlməkdədir. Görünür, Lavrov Rusiyanın qıcıqlanması kimi lokal mahiyyətə siyasi-ictimai məzmunlu genişlik qazandırmağı düşünürmüş və istəyinə nail olub.
Diqqət yetirək, hazırda Azərbaycan–Ermənistan nizamlamasının Qərb formatı sülh yolunda inamla irəliləyirmiş kimi görünməkdədir və Moskvada, heç bir gerçək əsaslandırmasız filansız, bu mübət meylin səmərəsizliyinə dair çoxsaylı mülahizələr yürüdülməkdədir. Əslində, Lavrov da keçən il haqqında söz açdığı qıcıqlandırıcılığın aspektlərinin nədən ibarət ola biləcəyini açıqlamamışdı. Əlbəttə, tam mümkündür ki, bəyanat səsləndirərkən, Ermənistanın Rusiyaya qarşı manipulyativ hərəkətlərə baş vuracağını düşünüb. Sadəcə, bunu dilinə gətirməyib. Çünki Moskva tərəflər arasında ədalətli mövqe tutmaq fikrindən uzaqdır, yalnız İrəvanı öz orbitinə qaytarmağı hədəf seçir. Paşinyan administrasiyası isə, necə deyərlər, Rusiyalı keçmişə qayıtmaq istəmir. Kremlin siyasəti adına rəzillik bundan ibarətdir ki, istər rəsmi dairələr, istərsə də ayrı-ayrı siyasi çevrələr “bəlkə də qayıtdılar” düşüncəsində, bitib-tükənmək bilməyən erməni sevdasının girovundadırlar. Ermənistan isə hər keçən gün Rusiyadan uzaqlaşmaqdadır.
Ukrayna ilə müharibəyə görə dünyada mənfi imic qazanmış Moskva Kiyevə münasibətdəki hərbə-zorba dilini Paşinyana nəzərən işə sala bilmir. Çünki belə bir hal baş versə, beynəlxalq ictimaiyyətin anti-Rusiya dalğasında növbəti mərhələ başlayacaq. Nikol durumu yaxşı anladığından, Kremlin tətbiq etməkdə çətinlik çəkdiyi cəzadan qurtulmuş kimidir və mövcud şəraitdən maksimum faydalanmağa çalışır.
Paşinyanın real qorxduğu Azərbaycanın verəcəyi cəzadır ki, hazırda sülh prosesindəki müsbət dinamika, Ermənistan rəhbərliyinin məhz Bakının qəzəbi ilə üzləşməmək üçün əməli addımlar atmağa meyillənməsinin nəticəsidir. Ancaq Nikol və komandası ənənəvi erməni xəstəliyi və avantürizminin müxtəlif təzahürlərini də işə salır ki, danışıqlar prosesində hansısa mənəvi-siyasi üstünlüyə yiyələnsin. Bunun üçün Aİ-nin missiyası bir o qədər praktik əhəmiyyət daşımasa da, Paşinyan qərbpərəstliyinin sadiqlik trayektoriyasının davamı baxımından ona üz çevirmir. Ola bilər, Avropanın əsil məqsədindən də xəbərdardır. Bəs “köhnə qitə”nin hakim dairələrinin məramı nədir?
***
Bəli, hazırkı geosiyasi labirint daxilində Aİ-nin missiyası və Ermənistan hakimiyyəti, belə demək mümkünsə, avtonom rejimdə fəaliyyət göstərir. Yəni, missiyanın və İrəvanın istəkləri bir-birindən fərqlənir, onlar arasında ortaq koordinasiya yox kimi görünür. Konkret desək, avropalı müşahidəçilər Ermənistanın Azərbaycanla konfliktinə qarışmırlar. Bir qədər əvvəl haqqında söz açdığımız sorğu məntiqi də sözümüzün təsdiqidir. Bu yerdə onu da düşünək ki, nə üçün Almaniya Bundestaqının komissiya sədri Aİ missiyasının Azərbaycan ərazisində də fəaliyyət göstərməsini arzulayır? Əlbəttə, Bakının buna hansı səbəbdən razılıq vermədiyi də maraqlıdır. Bu suallara cavab tapıb, sonra Avropanın əsil məqsədinə aydınlıq gətirək.
Əlbəttə, ölkəmiz regiondakı Aİ müşahidəçilərini Azərbaycan-Ermənistan nizamlamasının axarına zidd görməkdə haqlıdır. Hesab etmirik ki, bu mənada ötən ilin oktyabrından bu yana dəyişən nə isə var. Yəni, nizamlamada Qərb–Rusiya rəqabəti mövcuddursa, bu rəqabət arasında balansın saxlanılması şərtdir. İmkan vermək olmaz ki, tərəflər yekunda onsuz da Bakının prinsiplərinin ifadəsi olan məsələlərə gələrkən (buna məcburdurlar – red.), bir-birləri üzərində üstünlük formalaşdırsınlar. Deməli, dövlətimiz tərəflərdən heç birinə yüksəklik qazandırmayacaq qədər hazırlıqlı və tədbirlidir.
Bir halda ki, Cənubi Qafqazda varlığını sürdürmək istəyən Rusiya Aİ müşahidəçilərini əlavə qıcıqlandırıcılar kimi görür, Azərbaycan niyə razı olsun ki, Moskva həmin qıcıqlandırıcılara edəcəyimiz müsbət jestə görə oyun qaydalarını pozmaq bəhanəsi qazansın? Onsuz da Kremlin səmərəli təklif imkanları məhduddur. Əslində heç yoxdur. İstəyi yalnız budur ki, münaqişə uzansın və bu uzanma nəticəsində Azərbaycana və Ermənistana təzyiq rıçaqlarını saxlasın. Beləliklə də bölgədə qalıcılıq əldə etsin.
Bəli, indiki durumda Azərbaycan regiondakı maraqlı tərəflər arasında balans yaratmaqla, həm də Rusiyanın uğursuz səngərinə kənar oyunçuların ölkəmizin hesabımıza daxil olmasına maneçilik törədir, onlara siyasi resurs tanımır. Loru dildə desək, məsələ belədir: Rusiya ilə davanızı bizim üzərimizdən etməyin. Yəni, Azərbaycan təmkinli davranır, Kremlin regiondakı siyasətinin qısır təmayülü üzərinə oyun oynamır, hadisələrin axarını izləyir. Hər halda, ortada Qərbin anti-Rusiya köklənişinə malik “kamikadze Paşinyan” amili var. Buraxaq o, öz işini görsün...
***
Yazımızın son bölümündə əvvəldə anons etdiyimiz məsələnin üzərinə gələk. Aİ Azərbaycan–Ermənistan sərhədinin Ermənistan hissəsində missiya yerləşdirməsinə rəğmən, nə üçün eyni işi Azərbaycan tərəfdə də reallaşdırmaq istəyir? Hesab edirik ki, bu suala cavab axtararkən, Rusiyanın nə üçün qıcıqlanmasının tam gerçək səbəblərinə də aydınlıq gətirmiş olacağıq.
Nəzərə alaq ki, Qərbin Rusiyanı Cənubi Qafqazdan çıxarmaq istəyinin reallaşmasının ən optimal yolunun Azərbaycan və Ermənistan arasındakı sülhdən keçdiyi aşkardır. Onu da nəzərə alaq ki, avropalıların bunu başa düşmələri üçün otuz ilə yaxın müddət lazım gəlib. Əlbəttə, həmin müddətdə Ermənistanda xunta rejimi hakimiyyətdə idi. Yəni, mövcud istiqamətdə düşünmək çətinlik törədirdi. Üstəlik, Qərb fərqli ritorikaya da baş vururdu. Nə qədər çalışsa da, Azərbaycanı torpaq itkisi ilə barışmağa vadar edə bilmirdi. Mövcud xüsusda Avropanın aparıcı təşkilatlarının regionda xalq diplomatiyası ilə bağlı müxtəlif layihələr reallaşdırdığını da yada salaq. Həmin layihələrdə ümumi Qafqaz evi ideyası əsas götürüldü. Hətta, bizə belə bir fikir yeridilirdi ki, sözügedən ideya Avropa Birliyinin Qafqaz modelidir. Ölkələr arasında sərhəd olmayacaq, xalqlar bir-birinə çulğalaşacaq , – bu sayaq kosmopolit düşüncələrin insanlarımıza sırınmasına cəhd göstərilirdi.
Əlbəttə, prinsipcə, vaxtilə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin çıxışlarında vurğulanmış “Qafqazın benilüksü” klişesi və bu fikirdən irəli gələrək, üç Cənubi Qafqaz ölkəsinin eyni vaxtda Avropa Birliyinə qoşulması xətti cəlbedici idi. Yenə də aktuallığını saxlamaqdadır. Ancaq bu müsbət təmayül torpaqlarımızın işğalı faktı qarşısında əhəmiyyətini itirirdi. Bir halda ki, Azərbaycan güc yolu ilə torpaqlarını geri qaytarıb, qan töküb, indi artıq bu ideya həm Azərbaycan və Ermənistan arasındakı gərginliyin, müharibə yaralarının qalmasının, həm də Rusiya ilə Qərbin konfrantasiyalarının fonunda təbii təsir bağışlamır. Yəni, Aİ-nin istər Ermənistanda, istərsə də Azərbaycanda tərəflərin bir-birlərinə, guya, müsbət yanaşdıqlarını təsdiqləməyi hədəf seçmiş haqqında söz açdığımız sorğuları gerçəkliyi əks etdirmir. Təbiidir, illərlə bir çox məsələlər ikinci plana keçə bilir, böyük düşmənçiliklər də həmçinin. Amma əlahəzrət zamana ehtiyac var.
Bununla belə, məhz zaman keçməsinin zəruriliyinə fokuslanmış Rusiyanın hazırda sülh müqaviləsinə qarşı çıxması və sənədin konseptual problemləri aradan qaldırmayacağını bildirməsi də mənasızdır. Çünki qeyri-müəyyənlik mühitinin saxlanılması nə zamansa yaşanması labüd olan ağrı-acılardan sığortalamır. Deməli, nə olmalıdırsa, olub bitməlidir. Necə ki, 44 günlük müharibə oldu və bitdi...
Bəli, deməli, Qərbin Cənubi Qafqazı Moskvanın əlindən tez-bazar qopartmaq istəməsi və mövcud müstəvidə Qafqaz beynəlmiləlçiliyi zəngulələrini dövriyyəyə buraxması, ideya baxımından çiy xarakterə malikdir. Öz növbəsində, Rusiyanın hazırkı ziddiyyətlərə və ənənəvi mənfi stereotiplərə köklənib sülh müqaviləsinin imzalanmasını ləngitmək cəhdləri də yolverilməzdir. Ümumən, bölgədə siyasi dramatizmi körükləməyə ehtiyac yoxdur.
Çətinliklərə baxmayaraq, Azərbaycanla Ermənistan arasında hər iki ölkənin maraqlarını ifadə edən ədalətli sülh olmalıdır. Bu yol nə Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq, nə də Rusiyanın Qərbin regiona ayaq açmasına maneçilik məramından asılı olmayaraq gedilməlidir. Ölkəmiz sülhün məhz mövcud trayektoriyasını əsas götürür. Erməni cəmiyyətində də eyni düşüncə sahibləri üstünlük təşkil etsə, bölgənin kənar təsirlərdən uzaq, bərabərhüquqlu müstəqil, ən əsası isə gəlirli orqanizm kimi oturuşması baş verəcəkdir. Əslində gələcək nəsillərə saxlanılmalı olan ən böyük faydalı miras elə budur və bunu nə Aİ-nin timsalında kollektiv Qərb, nə də Rusiya düşünəcək. Düşünməli olan Cənubi Qafqaz ölkələrinin özləridir. Azərbaycan mövcud məqamı ciddi şəkildə nəzərə aldığından, müstəqil siyasətinə sadiqdir. Ermənistan da nəzərə almalıdır.
Əvəz CAHANGİROĞLU, “Xalq qəzeti”

