Dünən Bakıda Müstəqil Dövlətlər Birliyinin Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclası keçirilib.
Tədbirdə ölkəmizlə yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Ermənistanın sərhəd xidmətləri, SQKŞ-nin Əlaqələndirici Xidməti, MDB-nin İcraiyyə Komitəsi, MDB-nin Antiterror Mərkəzi, MDB-yə üzv ölkələrin ərazisində mütəşəkkil cinayətkarlığa və cinayətin digər təhlükəli növlərinə qarşı mübarizənin əlaqələndirilməsi Bürosu, Sərhəd xidməti veteranlarının Beynəlxalq İctimai Birliklər İttifaqının Əlaqələndirici Şurasının nümayəndə heyətləri və fəxri qonaqlar iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev, Dövlət Sərhəd Xidmətin rəisi general-polkovnik Elçin Quliyev, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini – Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulişov və digərləri çıxış edərək öz fikirlərini bölüşüblər.
Tədbirdə MDB iştirakçısı olan dövlətlərin xarici sərhədlərində vəziyyət və onun inkişaf tendensiyaları, MDB üzv dövlətlərinin xarici sərhədlərindən qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə 2023-cü ildə keçirilən və 2024-cü il üçün planlaşdırılan birgə əməliyyatlar, SQKŞ-nin 87-ci iclasının təşkili və gündəliyinin layihəsi nəzərdən keçirilib, eləcə də tədbirin gündəliyinə uyğun olaraq digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, aidiyyəti nümayəndə heyətləri arasında ikitərəfli formatda görüşlər keçirilib, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Sərhəd idarələrinin beynəlxalq hüquq strukturlarının rəhbərlərinin işgüzar görüşü keçirilib. Görüşdə MDB iştirakçısı olan dövlətlərin 2026–2030-cu illər üçün xarici sərhədlərdə sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsində əməkdaşlıq Proqramının hazırlanması ilə bağlı ən aktual məsələlər müzakirə olunub.