Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 8-də Rusiya Federasiyasının Soçi şəhərində Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən qəzetimizə bildiriblər ki, Baş nazir iclasda çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ayın sonunda Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirakının əhəmiyyətini vurğulayıb. Ə.Əsədov deyib ki, Avrasiya İqtisadi Birliyi üzrə tərəfdaşlarla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasət prioritetlərindən biridir.
Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə investisiya sahəsində əməkdaşlığın müsbət dinamikasını qeyd edən Ə.Əsədov iclas iştirakçılarını ölkəmizdəki əlverişli investisiya mühiti barədə məlumatlandırıb.
Baş nazir Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının üzvlərinin diqqətini Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı üzrə gördüyü işlərə çəkərək bildirib ki, ölkədə son 20 ildə minlərlə kilometr uzunluğunda avtomobil və dəmir yolları tikilib və ya əsaslı təmir olunub.
Baş nazir bildirib ki, Avrasiya İqtisadi Birliyinin tərəfdaş üzvləri ilə ikitərəfli formatda dövlətlərarası münasibətlərin geniş gündəliyi nəzərə alınmaqla, Azərbaycan bundan sonra da bütün istiqamətlər üzrə əlaqələrin artırılması üçün ciddi səylərini davam etdirəcək.
* * *
Baş nazir Əli Əsədov iyunun 8-də Soçiyə işgüzar səfəri çərçivəsində Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşündə iki ölkənin qarşılıqlı münasibətlərinin Azərbaycan və Rusiya prezidentlərinin səyləri ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluqla vurğulanıb.
Qarşılıqlı ticarətin və sərmayələrin davamlı artması ikitərəfli münasibətlərin dinamik inkişafının əyani sübutu kimi qiymətləndirilib. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın cari ayın sonunda Moskvada keçirilməsi planlaşdırılan növbəti iclasının əhəmiyyəti qeyd edilib.
Görüşdə kənd təsərrüfatı sahəsində əməkdaşlığın yaxşı nəticələri vurğulanıb. Nəqliyyat və logistika sektoru əməkdaşlığın mühüm istiqaməti kimi səciyyələndirilib. Bununla əlaqədar Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tam gücü ilə fəaliyyətinin təmin edilməsi üçün birgə səylərin davam etdirilməsinə qarşılıqlı hazırlıq ifadə olunub.
Tərəflər sənaye sahəsində uğurlu əməkdaşlığın zəngin təcrübəsini qeyd etdilər, birgə istehsal istiqamətində işbirliyini müsbət qiymətləndiriblər.
Hökumət başçıları Azərbaycan–Rusiya ticarət-iqtisadi əməkdaşlığının aktual məsələlərini və müxtəlif sahələrdə birgə layihələrin reallaşdırılmasını da nəzərdən keçiriblər.
* * *
Baş naziri Əli Əsədov həmin gün Kuba Respublikasının Baş naziri Manuel Marrero Krus ilə görüşüb. Söhbət zamanı iki ölkə arasında fəal siyasi dialoqun qurulduğu qeyd olunub, yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin vacibliyi vurğulanıb.
Azərbaycanın və Kubanın beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığından məmnunluq ifadə olunub.
Hökumət başçıları iki ölkə arasında iqtisadi-ticari və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini də müzakirə ediblər.
“Xalq qəzeti”