Əslində, Heydər Əliyevin siyasi fəaliyyəti bir neçə tarixi qayıdışla müşayiət olunmuşdur. Onun ilk qayıdışı Mixail Qorbaçovun rəhbərlik etdiyi SSRİ dövlətinin Bakını qanına qəltan etdiyi 20 Yanvar faciəsinin ertəsi günü baş vermişdi. Uzun müddət Kremlin nəzarəti altında – ev dustaqlığında yaşamağa məcbur edilən Ulu öndər yanvarın 21-də özünün və ailəsinin həyatını böyük risk altında qoyaraq, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmiş, Bakıda törədilənlərə görə Kreml rəhbərliyini ciddi şəkildə ittiham etmişdi. Bu, aylardan bəri heç bir siyasi fəaliyyətlə məşğul olmayan böyük azərbaycanlının xalq naminə mübarizələr meydanına qayıtması idi.
Onun ikinci qayıdışı da məhz həmin il, iyulun 21-də baş tutmuşdu. Ulu öndər həmin gün Moskvadan Bakıya gəlmiş, ertəsi gün – 22 iyul 1990-cı il tarixdə isə Naxçıvan şəhərinin mərkəzi hissəsi, 80 min nəfərdən çox adamın toplaşdığı Azadlıq meydanı izdihama qərq olmuşdu. Xalq öz böyük oğlunun qayıdışını alqışlamışdı. Muxtar respublikanın hər yerindən Heydər Əliyevi görməyə, qarşılamağa axışıb gələnlər meydana toplaşmışdı. Ulu öndər sonralar həmin görüş barədə danışarkən demişdi: “Mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illərdə çəkdiyim bütün əzab-əziyyəti unutdum”.
Üçüncü qayıdış da məhz Əcəmi yurdunda, elə həmin il baş vermişdi. 1990-cı il sentyabrın 30-da Azərbaycan Ali Sovetinə və yerli xalq deputatları sovetlərinə seçkilər keçirilirdi. Xalq həmin seçkidə öz sınanmış oğluna yüksək etimad göstərmiş, fərdi pensiyaçı Heydər Əliyev Babək rayonunun 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan Ali Sovetinə və Naxçıvan MSSR Ali Məclisinə deputat seçilmişdi.
Xalqımız ulu öndərin dördüncü qayıdışına 1993-cü il iyunun 9-da şahidlik etdi. İnanıram ki, ümummilli liderin Naxçıvandan Bakıya qayıtdığı həmin gün heç bir azərbaycanlının yadından çıxmayıb və çıxmayacaq. Fəxrlə deyə bilərəm ki, həmin gün mənim üçün daha unudulmaz olmuşdu. Çünki Dövlət Radiosunun Xəbərlər Baş Redaksiyasında işlədiyim müddətdə mənə bütün tapşırıqları şöbə müdirimiz və ya baş redaktorumuz verirdi. Həmin gün isə məni birbaşa sədr müavini Mövlud Süleymanlının otağına çağırdılar və o, mənə mühüm tapşırıq verildiyini dedi: “Heydər müəllim Naxçıvandan Bakıya gəlib. Onun İstiqlaliyyət küçəsində sakinlərlə söhbət etdiyini görüblər. Təcili bir yazı hazırla və efirdə öz səsinlə oxu. Heydər müəllimin Naxçıvanda həyata keçirdiyi layihələrin hamısını sadala. Materialın adını “Qayıdış” qoy”.
Doğrudur, ulu öndərin həmin tarixi gündən bir həftə sonra Ali Sovetin sədri seçilməsi də milli tariximizin son bir əsrdəki ən əlamətdar faktlarından biri idi. Ancaq o da fakt idi ki, ümummilli lider Naxçıvandan Bakıya gəlməsəydi – əslində, yuxarıda qeyd etdiyimiz kimi, onun belə bir fikri yox idi– Ali Sovetin sədri seçilməyəcəkdi və gənc müstəqil Azərbaycan dövlətinin taleyi necə olacaqdısa, təxmin eləmək o qədər də çətin deyildi.
Məhz həmin səbəbləri əsas götürən tarixçilər Qurtuluş Günü barədə danışarkən haqlı olaraq, öncə 9 iyun– Qayıdış gününü xatırladırlar. Elə biz də bu yazıda əvvəlcə yuxarıda sadaladığımız başqa məqamları xatırlatmaqla, məhz həmin tarixi faktı qabartmaq istədik. Çünki həmin gün, sözün həqiqi mənasında, xalqımızın taleyində dönüş anı başlanmış, böyük qurtuluşa doğru mühüm addım atılmışdı. Məhz milli tariximizin həmin unudulmaz günü xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkə paytaxtına qayıdışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edilmişdir.
Bəli, bu gün gənc müstəqil Azərbaycan dövləti beynəlxalq aləmdə özünəməxsus nüfuzu olan, sayılıb-seçilən, müstəqil siyasət yürütmək iqtidarında olan ölkələrdəndir. Bugünkü Azərbaycan otuz il davam edən haqsızlıqları, ikili standartlar nəticəsində üzləşdiyimiz ədalətsizlikləri tamamilə dəf etmiş güc sahibidir. Bu gün Azərbaycan Bayrağı nəinki BMT başda olmaqla bütün beynəlxalq təşkilatlarda, hətta, planetimizdən kənarda – kosmosdakı rabitə-müşahidə peyklərimizin üzərində də görünür. Biz bunlarla fəxr edirik. Ancaq daha böyük qürur mənbəyimiz üçrəngli Azərbaycan Bayrağının Şuşada, Ağdamda, Laçında, Kəlbəcərdə və işğaldan azad edilmiş digər rayonlarımızda dalğalanmasıdır. Bütün bu faktlar isə ulu öndər Heydər Əliyevin 9 iyun 1993-cü ildəki tarixi qayıdışının bizə bəxş etdiyi töhfələrin cüzi bir hissəsidir.
Bir neçə dəfə xatırlatdığım tarixi məqamlardan birini bu yazıda da yada salmaq istəyirəm. 1994-cü ildə Vaşinqtondan Azərbaycana yola düşən nümayəndə heyəti təyyarə ilə Tbilisiyə, oradan isə avtomobillə Bakıya gəlmişdi. Mən bu faktı həmin gün rəsmi dövlət tədbirində eşitmişdim. Amerikalı dostlarımız demişdilər ki, Bakıdakı beynəlxalq hava limanı onları gətirən müasir təyyarəni qəbul etmək iqtidarında olmadığına görə Azərbaycana məhz Tbilisidən gəlməli olduq.
İndi isə nəinki paytaxtımızdakı beynəlxalq hava limanı – nə xoşdur ki, həmin liman bu gün ulu öndərin adını daşıyır – hətta, Gəncə, Naxçıvan Qəbələ, Lənkəran, Yevlax beynəlxalq hava limanları da dünyanın ən müasir hava laynerlərini qəbul etmək iqtidarındadır. Ancaq gənc müstəqil Azərbaycan dövlətinə beynəlxalq aləmdə daha çox üzüağlıq gətirən hava limanlarımız işğaldan azad edilmiş ərazilərimizdə inşa olunmuş Füzuli və Zəngilan hava limanlarıdır ki, bu möhtəşəm layihələr də Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi, deməli, 9 iyun 1993-cü il tarixli qayıdışın nəticəsidir.
Bu gün Azərbaycan xalqı kimi beynəlxalq aləmdəki dostlarımız və bədxahlarımız da yaxşı bilirlər ki, dövlətimizin uğurlarının hamısının təməlində ulu öndər Heydər Əliyevin böyük siyasətə qayıdışı və həmin qayıdışın ölkə əhalisində yaratdığı ruh yüksəkliyi dayanır.
Bu sətirləri Prezident İlham Əliyevin ulu öndərimiz haqqında dediyi fikirlərlə yekunlaşdırmaq istəyirik: “Heydər Əliyevin timsalında biz əyani şəkildə görürük ki, şəxsiyyətlərin tarixdəki rolu bəzi hallarda əvəzolunmaz olur. Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan əsas amildir”.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”