Əfsanənin reallığa çevrildiyi gün

post-img

İndiyədək bu kəmərlə 539 milyon ton xam neft nəql edilib

Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanarkən ulu öndərin tövsiyəsi ilə Bakı-Tbilisi-Ceyhan boru kəməri əsas ixrac marşrutu kimi seçildi. 

Sonralar ümummilli liderin qətiyyəti sayəsində “Bakı-Tbilisi-Ceyhan” layihə­si həyata vəsiqə aldı. Bunun davamı olaraq ATƏT-in 1999-cu il noyabr ayının 18-də İstanbulda keçirilən sammitində adıçəkilən kəmərin çəkilişi ilə bağlı bə­yannamə imzalandı. Beləliklə, “Üç də­nizin əfsanəsi” adlandırılan və minilliyin ən böyük neft ixracı marşrutlarından sayılan Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsi üçün hüquqi baza yaradıldı. 

2002-ci il sentyabr ayının 18-də Ba­kıda, Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları Heydər Əliyev, Eduard Şevardnadze və Əhməd Necdət Sezərin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyuldu. Kəmərin inşası üçün tanınmış podratçı şirkətlə müqavilə imzalandıqdan sonra 2003-cü ilin fevral ayında tikinti işlərinə başlanıldı.

 

 Ulu öndərin qalibiyyətli neft strate­giyasının ardıcıl şəkildə həyata keçiril­məsi üçün misilsiz xidmətlər göstərən Azərbaycan Prezidenti İlham Əliyevin gərgin əməyi sayəsində 2005-ci ilin yazında tikintisi başa çatdırılmış BTC xam neftin nəqli üçün hazır vəziyyətə gətirildi. 2005-ci il may ayının 25-də Səngəçal terminalında Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçı­larının iştirakı ilə keçirilən mərasimdə neftin BTC-yə vurulmasına başlanıldı. Həmin gün terminalda quraşdırılmış xüsusi qurğudakı sürgü аçıldıqdan sonra kəmərlə ilkin neft axmağa baş­ladı. 2006-ci il mayın 28-də Azərbay­can nefti Ceyhan limanına çatdı. İyulun 4-də buradan xam neftlə yüklənmiş ilk tanker yola salındı. Həmin ayın 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihələrindən sayılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasi­mi keçirildi. 

2023-cü ilin birinci rübündə Ba­kı-Tbilisi-Ceyhan (BTC) boru kəmə­ri vasitəsilə təqribən 53 milyon barel (təxminən, 7 milyon ton) xam neft nəql olunub. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz çoxdur. Bütöv­lükdə isə, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyul ayın­da istismara veriləndən 2023-cü ilin bi­rinci rübünün sonunadək, ümumilikdə, təqribən 4 milyard bareldən çox (539 milyon ton) xam neft nəql edilib. Həmin neft həcmləri Türkiyənin Aralıq dəni­zi sahilindəki Ceyhan limanında 5314 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Hazırda BTC boru kəməri, əsasən, Azərbaycandan “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən xam nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur.

“Xalq qəzeti”



Siyasət