Dünən Çində Böyük İpək Yolunun başlandığı tarixi məkan hesab olunan qədim Sian şəhərində Çin-Orta Asiya dövlətləri liderlərinin sammiti keçirilib. Belə yüksək formatda tədbir ilk dəfədir ki, təşkil olunur. Dünyanın siyasi isteblismenti bu səbəbdən sammiti diqqətlə izləyir. Əlbəttə mühüm məqamlardan biri Rusiyanın tədbirdən kənarda qalmasıdır.
“Reyters” agentliyi Çin Xalq Respublikasının Sədri Si Cinpinin tədbirdəki əhatəli nitqini tərcümə edərək, operativ qaydada geniş oxucu auditoriyasına yayıb. Yazıda qeyd olunur ki, Çin lideri ölkəsinin Orta Asiya dövlətlərinin qarşıdakı illərdə sürətli inkişafı və tərəqqisi ilə bağlı hazırladığı geniş proqram barədə danışıb. Vurğulayıb ki, rəsmi Pekin Orta Asiyanın yüksək inkişafa malik infrastruktura və nəhəng ticarət imkanları olan regiona çevrilməsini arzulayır və bu məqsədlə kifayət qədər sərmayə yatırmağa hazırdır.
Si Cinpinin sözlərinə görə, “5+1 formatı”nda, yəni, beş Orta Asiya ölkəsi və Çin dövləti regionda birgə sənaye müəssisələrinin açılması, yeni iş yerlərinin yaradılması, turizmin sürətli inkişafının təmin edilməsi və s. mühüm istiqamətlərdə vaxt itirmədən böyük işlərə başlamaq əzmindədir.
Xatırladaq ki, bütün böyük layihələrin icrası üçün iri vəsaitlər lazımdır. Hazırda dünyanın ikinci böyük iqtisadiyyatına sahib Çin belə maliyyə imkanlarına malikdir. Rəsmi Pekin Orta Asiya regionuna maliyyə xərcləməkdə “xəsislik etmək” fikrində deyil. Ötən il Çin ilə Orta Asiya dövlətlərinin arasında ticarət dövriyyəsi 70 milyard dollardan çox olub. Təkcə Qazaxıstanla Çinin ümumi ticarətinin həcmi 2022-ci ildə 31 milyard dolları ötüb.
Si Cinpin sammitdəki nitqində xüsusi vurğulayıb ki, davamlı, uzunmüddətli inkişaf üçün Orta Asiya dövlətləri bir-birləri ilə qarşılıqlı inam və etimad əsasında hərtərəfli əlaqələr qurmalı, qonşularının suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Sözün qısası, Çin regionun siyasi və iqtisadi cəhətdən sabit olmasını arzulayır və bu istiqamətdə mühüm diplomatik addımlar atmaq niyyətindədir.
Vurğulamaq lazımdır ki, “5+1 formatı”na daxil olan ölkələr xarici regiona müdaxilənin qətiyyətlə əleyhinə çıxış edirlər, onlar “rəngli inqilablar”ın regiona “gətirilməsi” hallarına qarşıdırlar. Bu arqument isə Orta Asiya respublikalarının da milli maraqlarına uyğundur. Rəsmi Pekin Vaşinqtondan fərqli olaraq, Orta Asiyadakı tərəfdaş ölkələri qarşısında insan haqları və demokratiya və s. bu kimi tələblər irəli sürməyəcək.
Si Cinpin Orta Asiya dövlətlərininin liderlərini neft və təbii qaz ticarətinin həcmini artırmağa səsləyib. O, həmçinin bildirib ki, Pekin Orta Asiya regionu, Xəzər dənizi və Cənubi Qafqaz üzərindən (Zəngəzur dəhlizi - müəllif) keçəcək “Orta dəhliz”in səmərəli fəaliyyət göstərməsinə böyük önəm verir. Çin lideri Orta Asiya respublikalarından ölkəsinə neft və qazın nəql olunması üçün inşa edilən “D xətti”nin tikintisini sürətləndirməyi də vəd edib.
Çin mediası Sianda keçirilən ikigünlük sammiti ölkə diplomatiyasının böyük uğuru kimi dəyərləndirib. Xatırladaq ki, bu günlərdə “Böyük yeddilər” Hirosimada bir araya gəliblər və orada Çinin dünyada artan iqtisadi və hərbi gücünə qarşı müzakirələr aparılır. Pekin qlobal müstəvidə onun əleyhinə yaradılan bu neqativ imicin qarşını almağa çalışır.
Sonda bildirək ki, Çin lideri nitqində Rusiya–Ukrayna müharibəsi barədə bir kəlmə də olsun söz açmayıb. Bir çox təhlilçilər qeyd edirlər ki, son iki yüz ildə Rusiyanın nüfuz dairəsində olan Orta Asiyaya Çinin diqqət göstərməsi rəsmi Moskvanın ürəyincə deyil, amma Rusiyanın başı Ukraynadakı müharibəyə qarışdığından və Çindən iqtisadi və hərbi cəhətdən xeyli asılı olduğundan, bu məsələdə susur.
Aydın İBRAHİMOV,
BDU-nun Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri, professor, siyasi icmalçı
Qeyd etmək lazımdır ki, Çin və Orta Asiya dövlətləri yaxşı başa düşür ki, qarşılıqlı əlaqələri inkişaf etdirmək bütün tərəflərin xeyrinədir. Bu mənada qədim Çin şəhəri Sianda keçirilən Çin–Orta Asiya liderlərinin sammiti böyük əhəmiyyət daşıyır. Bu mühüm tədbir dünyanın diqqət mərkəzindədir.
Görünən budur ki, Çin iqtidarı son illər öz mövqelərini gücləndirmək siyasəti həyata keçirir. Dünyanın ikinci böyük iqtisadi gücü olan Çinin iqtisadiyyatı genişlənir. Qədim İpək yolu layihəsinin gündəmə gəlməsi də bununla bağlıdır.
Bu layihə bizim üçün də çox önəmlidir. Çünki Çindən başlanan bu yol Qazaxıstan və Türkmənistandan keçərək Xəzər dənizi üzərindən Azərbaycana daxil olur. Zəngəzur vasitəsilə mal və əmtəələr Türkiyəyə, oradan da Avropaya, eləcə də əks istiqamətdə daşınacaq.
Bu məqamda vurğulamaq lazımdır ki, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə bu günlərdə Rusiya ilə İran arasında Astara–Rəşt dəmir yolunun tikintisi ilə bağlı müqavilənin imzalanması mühüm hadisədir. Bu layihə Azərbaycanın regionda rolunu dəfələrlə artırır.
Hadisələrin bu məcrada inkişaf etməsi dünyanın geosiyasi mənzərəsində baş verən dəyişikliklərlə bağlıdır. Yəni, gözümüzün önündə planetin yeni iqtisadi və siyasi düzəni formalaşır.
Çin hazırkı dönəmdə qlobal lider olmaq iddialarını ortaya qoyub. Əvvəllər Pekin özünü yalnız qlobal iqtisadi oyunçu kimi təqdim edirdi, indi isə o, dünya siyasətinin aparıcı aktorlarından birinə çevrilir. Çinin bu siyasəti ABŞ-ın dünya siyasətində hegemon olaraq qalmaq niyyətlərinə ziddir.
Əlbəttə, Çin iqtisadi gücdən siyasi gücə trasformasiya olunur. Biz onun yaxın gələcəkdə tədricən coğrafi genişlənməsini də görəcəyik. Bu, regionda yeni gərginlik şəraiti yaradır. Hazırda böyük geo-siyasi arenada ABŞ, Çin və Rusiyanın maraqları toqquşur.
Nəzərə almaq lazımdır ki. hadisələr Xəzər dənizi regionuna yaxın coğrafiyada baş verir və bizim maraqlarımıza da sirayət edir. Buna görə Azərbaycan bu hadisələri kənar müşahidəçi rolunda izləyə bilməz. Biz bir tərəfdən öz milli maraqlarımızı müdafiə etməliyik, o biri tərəfdən isə güclü dövlətlərin arasında gedən münaqişələrin obyektinə cəlb olunmamağa çalışmalıyıq.
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”


