G7 ölkələrinin liderləri Yaponiyanın Xirosima şəhərində keçirilən iclasda Ukraynadakı vəziyyətlə bağlı bəyanat qəbul ediblər. BBC xəbər verir ki, sənəddə Ukraynaya iqtisadi yardım göstərilməsi öz əksini tapıb.
Bildirilib ki, 2023-cü il və 2024-cü ilin əvvəli üçün büdcə dəstəyi artıq qəbul olunub. Liderlər “Taxıl sazişi”nin genişləndirilməsi və uzadılmasını dəstəkləyir.
G7 Rusiyanı məğlub etmək üçün Ukraynaya hərbi, maliyyə, humanitar və diplomatik dəstək verəcək. Bundan başqa, G7 Rusiyanın enerji ixracından əldə etdiyi gəlirləri azaltmaq üçün tədbirlər görəcək. Bu ölkələr nüvə enerjisi sahəsində Rusiyadan asılılığı dayandırmağa çalışacaq. Eyni zamanda, G7 Rusiyaya sənaye avadanlığı və texnologiyalarının ixracını məhdudlaşdırmağa davam edəcək.
Yeri gəlmişkən, Böyük Britaniyanın Baş naziri Rişi Sunak Xirosimada keçirilən sammit çərçivəsində “Sky News” telekanalına müsahibəsində deyib ki, “Qərb ölkələrinin liderləri Ukraynanı dəstəkləməklə bağlı mövqeyindən geri çəkilməyəcək”.
“Rusiya bilməlidir ki, bizim və digər ölkələrin Ukraynanı dəstəkləməklə bağlı əzmi sarsılmaz olaraq qalır. Qərb ölkələri Kiyevə təkcə burada və indi deyil, həm də uzunmüddətli perspektivdə yardım göstərmək niyyətindədir”, – o, vurğulayıb.
Qeyd edək ki, Böyük Britaniya 2021-ci il fevralın 24-də Rusiyanın Ukraynaya hücumundan keçən müddət ərzində rusiyalı 86 fiziki şəxs və şirkətə qarşı sanksiyalar tətbiq edib.
“Xalq qəzeti”

