ABŞ-ın dünyaca nüfuzlu “Vaşınqton Post” nəşri dünənki sayında 1945-ci ilin sentyabrında nüvə silahının istifadəsinin yapon xalqına böyük fəlakətlərə gətirdiyi və bəşəriyyət üçün taleyüklü məsələ olduğu barədə maraqlı məqalə dərc edib. Əməkdaşımızın tərcümə etdiyi həmin yazını qəzetimizin oxucularına təqdim edirik.
“Yaponiyanın Xirosima şəhərindəki Sülh Memorial Parkında memorial günbəz qarşısında nüvə silahlarına etiraz edən buddist rahib deyib ki, bu silahdan heç vaxt istifadə etməyək. Çünki qarşıdakı əsrlərdəki nəsillərimizi də məhv edə bilərik.
Həmin buddist 1945-ci il avqustun 6-da Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə ABŞ təyyarəsi tərəfindən atılan atom bombasını xatırladıb və deyib ki, həmin şəhərlər dərhal yerlə-yeksan oldular.
Bu partlayış möcüzəvi şəkildə atom silahlarının qəzəblə istifadə edildiyi yeganə hal olaraq qalır. Dünya üçün fəlakət olacaq nüvə müharibəsini “qiyamət saatı” hesab edən Atom Alimlərinin Bülletenində xatırlanıb ki, 1945-ci ildə, yəni, 78 il əvvəl ABŞ Silahlı Qüvvələrinin Xirosima və Naqasaki şəhərlərinə atdıqları atom bombalarının dəhşətli partlayışları nəticəsində 210 minə yaxın yapon mülki vətəndaşı həlak olub. Onların çoxu uşaq, qadın və ahıllar olub.
İkinci Dünya müharibəsindən sonra atom bombasının dağıdıcı gücündən narahat olan mütəxəssislər tərəfindən Atom Alimləri Federasiyası yaradılıb. Federasiyasının məlumatına görə, hazırda planetimizdəki doqquz nüvə ölkəsinin ehtiyatında təxminən 12 min 500 nüvə başlığı var. Bu silahların çoxu 1945-ci ildə Yaponiyaya qarşı istifadə edilən adi nüvə silahlarından min dəfələrlə güclüdür.
Mütəxəssislərin fikrincə, Rusiya Prezidenti Vladimir Putinin Ukraynanı zəbt etmək üçün qanlı savaşda “taktiki” nüvə silahından istifadə etməklə hədələməsi, eləcə də Çin və Şimali Koreyanın uzaq məsafələri hədəfə alan nüvə başlıqları daşıyan raketlər hazırlaması ciddi fəlakətlərə səbəb ola bilər.
“Soyuq müharibə”nin bitməsindən üç onillik keçməsinə baxmayaraq, bu gün də heç bir lider nüvə silahından istifadəyə cəsarət etmir, çünki onun ölkəsi buna cavab olaraq, daha dağıdıcı nüvə zərbəsi alacaq”.
Məqalənin sonunda deyilir ki, nüvə gücləri bir-biri ilə birbaşa silahlı münaqişədən qaçmaq üçün çox səy göstərirlər. Narahatedici amil isə budur ki, adi müharibələrin nüvə müharibələrinə çevrilmək ehtimalı böyükdür.
Məqalə bu sözlərlə bitir: “Unutmayaq ki, nüvə silahı bəşəriyyət üçün bəladır!”
Tərcümə etdi:
Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

