Hindistan “Fars körfəzi – Qara dəniz” layihəsinə məhsullarını Avrasiya İqtisadi İttifaqının (Aİİ) çoxmilyonluq bazarına çıxaracaq körpü kimi baxır. Amma bu marşrutda Ermənistanın hərbi xarakterli xüsusi statusa malik olacağını da vurğulamağı unutmur.
“Üçlüy”ün (Hindistan, İran və Ermənistan) ortaq layihəsi barədə “Sputnik Armeniya”ya açıqlama verən Hindistanın iqtisadi-ticari təşkilatının prezidenti Asif İkbalın sözlərinə görə, hazırda bu məsələ üç ölkənin liderləri səviyyəsində müzakirə olunur. Layihəyə özəl sektorun da cəlb olunmasının planlaşdırıldığını deyən İkbal Hindistanın 2024-cü ildə Aİİ-də müşahidəçi olmağa hazırlaşdığını da bəyan edib. O, Ermənistanla əməkdaşlıqdan həvəslə danışıb:
“Layihəmiz işə düşəndən sonra Ermənistanla bütün istiqamətlərdə, o cümlədən müdafiə sahəsində əməkdaşlığımızı dərinləşdirmək imkanı əldə edəcəyik. Bu məqsədlə yaxın günlərdə Hindistanın Ermənistandakı səfirliyinin yanında sahəni kurasiya edəcək bir attaşe təyin olunacaq. İkitərəfli əməkdaşlığın başqa sahələrinə gəldikdə isə hazırda ölkələrin kənd təsərrüfatı şirkətləri arasında bir sıra müqavilələr imzalanıb və kənd təsərrüfatı turizmi istiqamətini inkişaf etdirmək barədə də düşünürük. Hindistan şirkətlərinə Ermənistanda məişət və heyvan mənşəli tullantıları emal etməyə və ondan təbii qaz almağa imkan verəcək daha iki müqavilə də imzalanma mərhələsindədir”.
ARAYIŞ: 2023-cü il martın əvvəlində Ermənistan XİN-in başçısı A.Mirzoyan Hindistan mallarının Rusiyaya və Qara dəniz vasitəsilə Avropa ölkələrinə tranzit yolunu qısaldacaq ticarət dəhlizinin verilməsinin mümkünlüyü barədə danışmışdı. Hayastanın baş diplomatı Dehliyə faktiki olaraq “Fars körfəzi – Qara dəniz” layihəsinə qoşulmağı təklif etmişdi. Göründüyü kimi, bu plana layihənin ideoloqu Tehranın da siyasi iradəsi və razılığı var.
Ermənistanın “Customised Industrial Supplies” adlı turizm şirkətinin sahibi Sebux Kazaryanın İrəvan-Dehli arasındakı əməkdaşlıqla bağlı söylədikləri xüsusi maraq doğurur. Kazaryan deyib ki, erməni və hind xalqlarını bir-birinə çox şey birləşdirir: “Ənənəvi dostluq münasibətlərindən savayı, iki xalqın bəzi mübahisəli, problemli məsələlərə baxışları, demək olar ki, eynidir”.
Turizmlə məşğul olan erməninin “bəzi problemli məsələlər” dedikdə Hindistanın Pakistanla Kəşmir məsələsinə, Ermənistanın Azərbaycanla Qarabağ münaqişəsinə baxışlardakı oxşarlığı nəzərdə tutduğu şübhə doğurmur.
Ermənistan XİN-in başçısının müavini Mnasakan Safaryan isə agentliyə verdiyi açıqlamada qeyd edir ki, onun ölkəsi xarici siyasət idarəsinin hindistanlı həmkarları ilə, investisiya layihələri daxil olmaqla, bütün istiqamətlər üzrə mütəmadi iş aparır. Onun sözlərinə görə, hazırda Hindistan–Ermənistan işgüzar şurasının yaradılması üzərində iş gedir, buna paralel olaraq beynəlxalq avtomobil daşımaları üzrə ikitərəfli sazişin imzalanmasına dair danışıqlar davam etdirilir. Nazir müavini yaxın günlərdə Hindistandan “test-konteyner”lərin Ermənistana çatrdırılmasını planladıqlarını da sözlərinə əlavə edib.
Fəqət, erməni diplomat həmin “test-konteyner”lərin içindəki yükün mülki, yoxsa hərbi xarakterli olacağı ilə bağlı heç bir açıqlama verməyib. Turizm, məişət tullantısı adı altında İrəvanla Dehli arasında aparılan bütün danışıqların və “proje”lərin görünməyən tərəfində hərbi-sənaye xarakterli ticarətin, silah alverinin dayanması faktı sıravi ekspertlərə də gün kimi aydındır.
Sadəcə, hayların “xəyanət minasını” hindlilərin saldığı və Hayastandan keçən asma körpünün hansı kəsiyində yerləşdirdikləri hələlik məlum deyil. Minadöşəmə sahəsində “peşəkarlaşmış” İrəvanın Dehlini körpünün o üzündə qoymaq ehtimalı isə yüz faizə yaxındır...
İ.HƏSƏNQALA, “Xalq qəzeti”

