Bakıda bədii gimnastika üzrə Avropa çempionatı davam edir

post-img

Bakıda gözəl idman növü olan bədii gimnastika üzrə Avropa çempionatı uğurla davam edir. Hollivud ab-havasında dizayn olunmuş Milli Gimnastika Arenasının səhnəsində keçirilən yarışın üçüncü günündə də yarış iştirakçıları xalça üzərində parlaq çıxışları ilə göz qamaşdırıblar. Nümayiş etdirdikləri çıxışlar ətrafında fikirlərini bölüşən əcnəbi idmançılar, həm də yarışların yüksək təşkil olunduğunu vurğulayıb, ölkəmiz və paytaxt Bakı ilə bağlı xoş təəssüratlarını bölüşüblər. 

Xorvatiyalı idmançı Tamara Artic Avropa çempio­natında iştirakın onun yarış təcrübəsinin zənginləş­məsinə töhfə verdiyini bildirir. Qeyd edir ki, Bakıda təşkil edilən yarışları çox sevir və bu fürsət əlinə düş­düyü üçün məmnundur. 

Estoniya komandasının üzvü Ester Kreytsman Milli Gimnastika Arenasında gözəl şəraitin yaradıldı­ğını, burada hər şeyin onun xoşuna gəldiyini deyir, hətta Bakıda qalmağa da hazır olduğunu vurğulayır. Böyüklər arasında Avropa çempionatında ilk dəfə mübarizə apardığını bildirən gimnast potensialından maksimum istifadə üçün böyük səy göstərdiyini bil­dirib. 

Milli Gimnastika Arenasının indiyədək çıxış etdiyi ən möhtəşəm və rahat məkanlardan biri olduğunu deyən latviyalı Nikola Vasileva haqlı olaraq qeyd edir ki, məhz bütün bu amillər yüksək səviyyədə müba­rizə aparmağa köməkdir. Paytaxtımızda bir çox bey­nəlxalq turnirə, dünya kuboku yarışlarına qatıldığını dilə gətirən gimnast, bu yarışın da həmişəki kimi yük­sək səviyyədə keçdiyini etiraf edir.”

Nikola Vasileva Bakıdan hər zaman xoş təəssü­ratlarla ayrıldığını bildirir: “Valideynlərim Bakıya gələ bilmədikləri üçün çıxışımı onlayn izləyirlər. Bakının gözəlliyi barədə Latviyada dostlarıma həmişə danı­şıram. Çalışıram ki, hər dəfə burada olanda şəhə­rin görməli yerlərini gəzim. Bakıya həm qədim, həm müasir şəhər demək olar. Gözəl arxitekturaya malik binalar xüsusilə diqqətimi cəlb edir.

Monteneqrolu Yelizaveta Luqovskix azarkeşlə­rin möhtəşəm dəstəyinin onları ruhlandırdığını de­yir. Bakıda keçirilən gimnastika yarışlarının həmişə baxımlı olduğunu qeyd edən idmançı budəfəki turni­rin daha da rəngarəng və maraqlı keçdiyini vurğula­yır: “Çıxışlarımızdan həmişə razı qalsaydıq, bu, çox maraqsız olardı. Məsələn, top və halqa ilə təsnifat yarışlarındakı çıxışımdan bir qədər narazı qaldığım üçün növbəti dəfə xalçaya daha iddialı çıxmalıyam ki, istədiyim nəticəni əldə edim”.

“Qoca qitə”nin parlaq gimnastika ulduzları yarışın üçüncü günündə də bir-birindən maraqlı çıxışlar nü­mayiş etdirdilər. Avropanın ən güclü komandalarının bir araya gəldiyi Milli Gimnastika Arenasında layiq­lilərin seçilməsi üçün gərgin rəqabətlə yanaşı, idman və incəsənətin harmoniyasından doğan gözəllik və zərifliyin nümayişi gimnastikasevərlərin zövqünü ox­şadı. 

Yarışın üçüncü günündə böyüklər arasında çox­növçülük üzrə təsnifat mərhələsi başa çatıb. İştirak­çılar 24 idmançının mübarizə apardığı çoxnövçülük proqramı və ayrı-ayrı alətlər üzrə finallar uğrunda qüv-vələrini sınayıblar. Gimnastlar gürz və lentlə kompo­zisiyalar ifa ediblər.

Komandamızın üzvü Zöhrə Ağamirova gürzlərlə hərəkətlərin icrasında 31.500 xal toplayaraq üçüncü pillədə qərarlaşmaqla, həm də finala yüksəlib.

İdmançımız həmçinin dörd hərəkətin yekununda 95,750 xalla beşinci pillədə qərarlaşaraq çoxnövçü­lük üzrə həlledici mərhələyə vəsiqə əldə edib. Xatır­ladaq ki, idmançımız halqa və topla da finala yüksəl­mişdi. 

Gimnastımız bu gün çoxnövçülük üzrə finallarda, mayın 21-də isə ayrı-ayrı alətlər üzrə final mərhələ­sində mübarizəyə qoşulacaqlar.

Bu gün, həmçinin böyüklərdən ibarət qrup ko­mandalarının təsnifat mərhələsində çıxışlarına start veriləcək.

Xatırladaq ki, Azərbaycanın Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət gənclər komandası isə qrup hərəkətlərində çoxnövçülük və beş topla proqramda iki bürünc me­dal qazanıb.

 

Leyla QURBANOVA, “Xalq qəzeti”

İdman