Goranboyda ağsaqqallara ehtiram sözlə yox, əməli ilə yaşadılır

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bəzi dəyərlər var ki, orada nə qanun lazım olur, nə də ki, hər hansı bir qərar. Əslində belə dəyərlər insanların münasibəti ilə ölçülür. Ağsaqqala hörmət də məhz onlardan biridir.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri, Rayon Ağsaqqallar Şurasının sədri və üzvləri, eləcə də ictimai fəallarla birlikdə şuranın üzvü, uzun illər təhsil sahəsində çalışmış Yaşa Əhmədovu 80 illik yubileyi münasibətilə evində ziyarət edib.

Səmimi çay süfrəsi arxasında keçən görüşdə yubilyara xoş arzular çatdırılıb, ona möhkəm cansağlığı və uzun ömür arzulanıb. Məhərrəm Quliyev Yaşa Əhmədovun təhsil sahəsində uzun illər göstərdiyi səmərəli fəaliyyətini, rayonun ictimai həyatında fəal iştirakını yüksək qiymətləndirərək ona Goranboy Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanını təqdim edib.

Bu cür görüşlərin təşkili sadəcə yubiley təbriki məqsədilə keçirilmir. Bu, ömrünü insanlara, təhsilə və el-obaya xidmətə həsr etmiş adamlara göstərilən hörmətin ifadəsidir. Cəmiyyət də məhz belə nümunələrlə öz dəyərlərini qoruyur. Çünki ağsaqqallıq təkcə yaş deyil. Bu, ömür boyu qazanılan etibarın, xeyirxahlığın və insanların yaddaşında qoyulan izin adıdır.

Belə insanların qapısını döymək isə adi ziyarət kimi qəbul  oluna bilməz. Keçmişə ehtiram, bu günə hörmət və gələcəyə verilən düzgün tərbiyə nümunəsidir bu.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri





















Sosial həyat