“Brüssel formatı”: sülhün süd yolu,yoxsa növbəti imitasiya platforması

post-img

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə üz-üzə gələcək. Bakı vaxtı ilə günortadan sonraya planlaşdırılmış və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə gerçəkləşəcək görüşün proqramı da məlumdur. Belə ki, üçtərəfli görüşdən əvvəl Ş.Mişel N.Paşinyanla, daha sonra isə Prezident İlham Əliyevlə ikitərəfli formata üstünlük verəcək. 

Qeyd edək ki, bugünkü görüş 44 gün­lük müharibədən sonra “Brüssel formatı” çərçivəsində iki ölkə liderlərinin Cənubi Qafqazdakı münaqişəli durumun nizam­lanması baxımından əhəmiyyət daşıyan sayca dördüncü təmasıdır. Mövcud for­matdakı ilk görüş 2021-ci il dekabrında, ikincisi 2022-ci ilin aprelində, üçüncüsü isə həmin ilin oktyabrında keçirilmişdi. 

İlk növbədə ondan başlayaq ki, ötən ilin oktyabrında Praqada keçirilmiş axı­rıncı təmasdan sonra “Brüssel formatı”­nın sıradan çıxdığına dair təsəvvür for­malaşmışdı. Nəzərə alaq ki, bu formatda 2022-ci ilin dekabrına planlaşdırılmış növ­bəti görüş gerçəkləşməmişdi. Buna səbəb Fransa prezidenti Emmanuel Makronun Ermənistana aşkar tərəfkeşlik mövqeyin­də çıxış etməsi, Azərbaycanı işğalçılıqda təqsirləndirilməsi olmuşdu. 

Beləcə, Bakı ilə Paris arasında gərgin­lik artmış, Avropanın sülh missiyası həmin vaxtadək vasitəçilik edən Ş.Mişelin patro­najlığından çıxaraq, qeyri-rəsmi şəkildə Fransa egidası altına düşmüşdü. Yəni, Aİ Şurasının rəhbəri geri çəkilmək məcburiy­yətində qalmışdı. Ardınca qurumun mülki missiyası Azərbaycan–Ermənistan şərti dövlət sərhədinin Ermənistan tərəfinə gə­tirilmişdi. 

Necə deyərlər, ən son bombanı isə Ermənistanın baş naziri Nikol Paşin­yan “partlatmışdı”. Paşinyan 2022-ci ilin dekabrında, yəni, Azərbaycan lideri ilə planlaşdırılmış növbəti görüşə az müddət qalmış bildirmişdi ki, Brüsseldə danışıq­lar masasına yalnız E.Makronla birlikdə oturmağa razıdır. Başqa sözlə desək, Nikol Praqada olduğu kimi, Brüsseldə də Makronu yanında görmək istəmişdi. Lakin bu şərt Azərbaycan tərəfindən keçərsiz sayılmış, nəticə etibarilə Şarl Mişelin va­sitəçilik missiyası uğursuzluqla üzləşmiş­di. Bu, eyni zamanda, Azərbaycan–Er­mənistan tənzimləməsinin Qərb cinahının iflası idi ki, mövcud gedişat prosesdə dur­ğunluq yaratmışdı. Rusiya isə vəziyyətdən istifadə etmək istəməmişdi. Kremldə dü­şünmüşdülər ki, Qərb nizamlanmasında real sülh variantının olmaması Moskvanın işinə yarayır. Axı həm də başı Ukrayna ilə müharibəyə çox qarışmış Rusiya, lap əv­vəldən sülh müqaviləsininin imzalanma­sının uzanmasında maraqlı görünür. Öz arqumentləri var, ancaq onlar Azərbaycan üçün keçərsizdir… 

Söhbət Bakı ilə İrəvan arasındakı münasibətlərin tənzimlənməsinin Qərb seqmentinin aktivləşməsindən gedirsə, 2023-cü ilin fevralında Azərbaycan və Er­mənistan liderlərinin Münxendə ABŞ Döv­lət Departamentinin rəhbəri Antoni Blinke­nin vasitəçiliyi ilə keçirilmiş görüşünü də yada salmalıyıq. Azərbaycanlı fəalların və qeyri-hökumət təşkilatları təmsilçilərinin Laçın–Xankəndi yolunda düzənlədikləri aksiyanın formalaşdırdığı gərginlik fonun­da baş tutmuş görüşdə heç bir nəticə əldə olunmamışdı. Üstəlik, həmin konfransın gedişində ictiamiyyət üçün açıq olan pa­nel iclasda da tərəflərin fikir və düşüncələ­rindəki ziddiyyətlər aşkar şəkildə görün­müşdü.

***

Bəli, hazırda Bakı–İrəvan nizamlan­masının Qərb cinahı aktivdir. Hərçənd, bir neçə gün əvvələdək bu aktivlik ABŞ-ın təkbaşına vasitəçiliyi təsiri bağışlamışdı. Söhbət Azərbaycanın və Ermənistanın mayın əvvəllərində gerçəkləşmiş və dörd gün davam etmiş Vaşinqton danışıqla­rından gedir. Əlbəttə, bu danışıqların, ümumən, faydalı olduğu bildirilsə də, əs­lində, Azərbaycan tərəfindən, xüsusən də Ermənistandan gələn reaksiyalar Birləş­miş Ştatların nikbin ovqatına adekvat kimi görünmədi. Yekunda belə rəy formalaşdı ki, Vaşinqton prosesi də sülhü gətirməyə­cək. 

Lakin elə bu an məlum oldu ki, Avropa vasitəçiliyindən ayrı kimi görünən Vaşinq­tonun sülh egidası kollektiv Qərb təşəb­büsünün tərkib hissəsidir. Ola bilər, belə təəssüratın yaranması Birləşmiş Ştatların öz uğursuzluğunu, yaxud lazımi qədər nə­ticə əldə edə bilməməsini görməsindən və Qərb nizamlanma xəttinin tərkib hissəsinə dönüş niyyətindən irəli gəlir. Hər bir halda, Rusiyanın gözlənilən aktivləşməsinə qar­şı birləşmə labüddür. Hərçənd, hazırda Moskvanın hansısa gerçək təşəbbüs irəli sürəcəyi də real görünmür.

Əlqərəz, ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Ve­dant Patelin bir neçə gün öncəki açıqlama­sından gəlinən qənaət Brüssel görüşünün Vaşinqton prosesindən qaynaqlandığını söyləməyə əsas versə də, Aİ-dən bildirilir ki, Belçikanın paytaxtındakı təmas Ş.Mi­şelin Avropa İttifaqının Cənubi Qafqazda sabitliyi və iki ölkə arasında normallaşma­nı təşviq etmək səylərinin inkişafı üçündür. Yəni, ortada inkişaf naminə Ermənistan və Azərbaycan liderləri ilə sıx əlaqə saxlanıl­ması məntiqi var. Deməli, Aİ əvvəlki kimi hesab edir ki, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik mühiti onun bölgəki söz sahibliyi baxımından vacibdir. Yaxşı olar ki, bu vaciblik Ermənistana gerçək təzyiq motivlərinə köklənsin. Çünki reallığı qəbul etməyən İrəvandır. 

Yeri gəlmişkən, o da görünür ki, Aİ Cənubi Qafqazdakı durumu nizamlamaq üçün yalnız bir görüşlə kifayətlənmək istə­mir, iki ölkə rəhbərlərinin digər təmasları­nın olacağını da açıqlayır. Bunlardan biri 1 iyun 2023-cü ildə Kişinyovda keçirilə­cək Avropa Siyasi Birliyinin sammiti çər­çivəsində Fransa Prezidenti Emmanuel Makronun və Almaniya Kansleri Olaf Şolt­sun iştirakı ilə keçiriləcək. Digər tərəfdən, Ş.Mişel 2023-cü ilin oktyabrında Qrana­dada planlaşdırılan növbəti EPC sammiti çərçivəsində Ermənistan, Azərbaycan, Fransa və Almaniya liderlərini ikinci dəfə görüşməyə dəvət etmək niyyətində oldu­ğunu açıqlayıb. 

Göründüyü kimi, kollektiv Qərbin Av­ropa seqmenti, belə demək mümkünsə, sülh fəallığında ardıcıllıq da göstərməkdə­dir. Bu, gerçək fəallıqdırmı, səmimi şəkildə sülh istəyidirmi, yoxsa Rusiyanın mövcud istiqamətdə aktivləşməsinin qarşısını al­maq, yaxud Ermənistan üçün vaxt udmaq cəhdidir? Gedişatı zaman göstərəcək.

***

Bəs, bugünkü görüşdən hansı gözlən­tilər var? Ş.Mişelin vasitəçiliyinin iflasını doğuran məqamları qeyd etdik. Suala ca­vab verməzdən öncə isə bu vasitəçiliyin indiyədək gəldiyi ən böyük nəticəni vur­ğulayaq. Söhbət ötən ilin Praqa sammitin­dən gedir. O sammitdən ki, orada tərəflər bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını vurğulamışdılar. Əlbəttə, sonra baş verən­lər Ermənistanın sülhdən uzaq məntiqə kökləndiyini sübuta yetirmişdi. 

Hazırda demək olmaz ki, Ermənistan sülhə yaxındır. Ölkənin hərbi birləşmələ­rinin bir neçə gün öncə şərti sərhəddə törətdikləri qanlı təxribat da bunun təsdiqi­dir. Ancaq dünya mediası Avropa nizam­lanmasına önəm verməkdədir. Məsələn, nüfuzlu “Financial Times” qəzeti görüşə hazırlıqla tanış olan üç rəsmiyə istina­dən yazıb ki, danışıqlarda Azərbaycan tərəfindən Laçın yolunda sərhəd-keçid məntəqəsinin yaradılması məsələsi də daxil olmaqla, sərhədlərin demarkasiya­sı, əsirlərin mübadiləsi və digər mövzular müzakirə olunacaq. 

Nəticələrə gəlincə, bu barədə ən səs-küylü fikir Ermənistan mediasında irə­li sürülüb. Ölkənin “İravunk” nəşri “Brüs­sel formatı”na və Qərb nizamlamasına diqqət yetirərək yazıb ki, Azərbaycan və Ermənistan iyunun 1-də Kişinyovda ye­kun sənədi imzalaya bilər. Nəşrin iddiası­na görə, Avropa Siyasi Birliyinin Kişinyov­da keçiriləcək sammiti çərçivəsində baş tutacaq görüşün sənədin imzlanması ilə tarixə keçməsi mümkündür: “Lakin bun­dan əvvəl 14 mayda Brüsseldə keçiriləcək görüş həlledici olacaq. Böyük ehtimalla Paşinyanla Əliyev yekun sənəddən öncə Brüsseldə detalları müzakirə edib, razılaş­dıracaqlar”.

Bəli, Paşinyan ölkəsindəki revanşist və şovinist dairələrdən qorxur. Bu, indiyə­dək özünü çox göstərib. Dəfələrlə Niko­lun qeyri-ciddi hərəkətləri nəzərə çarpıb. “İravunk” da məsələyə toxunub. Nəşrdə qeyd edilib ki, erməni baş nazirin qorxu­ları ilk növbədə diasporla bağlıdır. “İstər Paşinyan, istərsə diasporla iş üzrə baş komissar Zareh Sinanyan səviyyəsində baş tutan son təmaslar göstərdi ki, bun­dan sonra diaspor susmayacaq və etiraz edəcək”.

Nəzərə alaq ki, erməni diasporunun ən böyük məkanı elə Avropadır. Bu mənada Aİ rəhbərliyi qurumun sülh təşəbbüsü çər­çivəsində həm Ermənistana təzyiq etməli, həm də “köhnə qitə”dəki erməni diaspor və lobbi təşkilatların təzyiqinə qarşı dur­maq mexanizmi üzərində düşünməlidir. 

Sonda onu da vurğulayaq ki, Azərbay­can və Ermənistan liderlərinin bir araya gəlmələri sülh gündəliyinin aktuallığının saxlanılması baxımından vacibdir. Eyni zamanda, keçmişin təcrübəsində bu tə­masların müəyyən pozitiv nəticələr doğur­duğu amili də var. Həmin nəticələr mən­tiqi sonluq gətirəcəkmi, bunu isə zaman göstərəcəkdir.

Züriyə QARAYEVA,

politoloq

Bugünkü görüşü ənənəvi görüş­lərin davamı hesab edirəm. Brüssel­də ciddi irəliləyişin olacağını düşün­məsəm də, həmişəki kimi müəyyən detalların müzakirəsi, tərəflərin mövqeyini açıq şəkildə bildirməsi və əlbəttə ki, sonradan müzakirələrin yerinə yetirilməməsi baxımından bey­nəlxalq çərçivədə Bakının əlinin güc­lənəcəyini təxmin edirəm. 

Paşinyan görüşlərdə ərazi bütöv­lüyünü tanıyır, lakin sonra tamamilə əks mövqe sərgiləyir, ərazi iddiaları­na baş vurur, habelə, ölkəsi sərhəddə təxribat törədir. Ancaq unutmaq olmaz ki, Qərb suverenlik məsələsində ölkə­mizi dəstəkləyir. Qarabağ məsələsini gündəmə gətirmir, bunun bizim daxili işimiz olduğunu qəbul edir. 

Uzlaşmayan maraqlarımız həm də sərhəd və kommunikasiya ilə bağlı­dır. Mövcud istiqamətdə, ilk növbədə, sərhədin konkret müəyyənləşməsi şərtdir. Bunun icrası labüddür. Delimi­tasiyanın Rusiya platformasında həll olunacağını ehtimal etmək olar. He­sab edirəm ki, bu, Qərb müstəvisində həll olunsa belə, Moskva prosesi poz­mağa cəhd göstərəcək. İndiki halda, yəni rus sülhməramlıları ərazimizdə olduğu müddətdə bu cür fundamental məsələnin həllinə Brüssel formatında nail olmaq çətin və təhlükəli görünür. 

Ümumən, delimitasiya məsələsi­nin Rusiya ilə razılaşdırılması ehtimal olunandır. Əlbəttə ki, şimal qonşumu­zun maraqları bizim maraq və məna­felərimizlə toqquşur. Ancaq bundan öncə də toqquşurdu. Ölkəmiz Laçın yolu üzərindəki sərhəddə nəzarət-bu­raxılış məntəqəsi quraşdırılarkən də bu tendensiya aktual idi. Yəni, indi də maraqlar uzlaşmaya bilər. Bütün bunların fonunda düşünmək olar ki, problemlərin həlli diplomatiyanın daha da gücləndirilməsindən və Moskvanı maraq uzlaşmasına vadar etməkdən keçir. Hesab edirəm ki, Türkiyədəki seçkilərin nəticələri də bir gün sonra bizə daha güclü ehtimallar irəli sürmə­yimizə təkan verəcək.

Ermənistan 29.8 min kv km-lik əra­zi məsələsini qüvvədə tutmaqla, sər­həd bölgüsündə haqlı iddialarımızın icrasını ləngidir. Azərbaycanın tələb­ləri isə Rusiyadakı xəritələrdədi. Bu­nunla bağlı Qərbin nə isə edə biləcək resursunun mövcud olmadığına dair təəssürat var. Delimitasiya olmadan isə sülh müqaviləsi imzalana bilməz. Çünki, protokol qaydalarına görə, sülh müqaviləsində ərazi bütövlüyü ta­nınmalı və sərhədlər barədə razılığa gəlinməlidir. Bu məntiq də bizə sülh müqaviləsinin Qərbdə imzalanmaya­cağını söyləməyə əsas verməkdədir. Sadəcə müəyyən detallarının müza­kirəsi və həmin istiqamətdə kiçik prak­tiki irəliləyişlərə təkan verilməsindən söhbət gedə bilər.

 

Ə.CAHANGİROĞLU, 

“Xalq qəzeti”



Siyasət