Bu gün Azərbaycanın beynəlxalq mövqeyi kifayət qədər güclüdür

post-img

Beynəlxalq müstəvidə bizə lazım olan bütün sənədləri, qətnamələri qəbul etdirə bilmişik və bu, İkinci Qarabağ müharibəsinin uğurla apa­rılması üçün də öz rolunu oynamışdır. Çünki biz həqiqəti sübut etmişik. Biz yalnız həqiqəti sübut etməyə çalışırdıq və ona nail olduq ki, bu, bizim torpağımızdır… Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal işimizlə bu hüquqi və siyasi bazanı yarada bilmişik.

Azərbaycan Prezidenti İlham Əliyevin xalıqa müraciətindən

Şuşa, 10 may 2023-cü il

Bu qənaətimizin səbəbi son günlərdə dövlət başçımızın ünvanına gələn məktublardan bir neçəsinə nəzər salmağımız oldu. Məsələn, ABŞ-ın Etnik Anlaşma Fondunun təsisçisi və prezidenti Ravvin Mark Şnayer Prezident İlham Əliyevə yazır ki, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmiş, onu inkişaf yoluna çıxarmış Heydər Əliyevin xatirəsi xalqınız tərəfindən ehtiramla anılır. O, Prezidentliyi dövründə , mədəniyyətə və təhsilə, o cümlədən beynəlxalq əməkdaşlığın təşviqinə böyük önəm vermişdir. İsrail ilə Azərbaycan arasında güclü münasibətlərin əsasını Sizin atanız qoymuşdur. Bu il Siz onun müdrik siyasətini davam etdirərək Təl-Əvivdə səfirlik açdınız.

Bu qəbildən olan fikir və arqumentlərlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev­dən, Gürcüstanın Baş naziri İrakli Qaribaşvi­lidən, Qırğız Respublikasının Prezidenti Sa­dır Japarovdan, 2006-2009-cu illərdə İsrail Dövlətinin Baş naziri olmuş Ehud Olmert­dən, ABŞ-ın “Vicdana çağırış” Fondunun prezidenti Ravvin Artur Şnayerdən və digər siyasətçilərdən gələn məktublarda da rast­laşırıq. Yəni dövlət başçımızın beynəlxalq mövqeyimizin kifayət qədər güclü olduğu barədə dediyi fikirlər günün reallıqlarının dilə gətirilməsidir.

Cənab Prezident mayın 10-dakı müracıətində xatırlatdı ki, Azərbaycan ulu öndərin yolu ilə gedərək öz dövlət müstəqilliyini daha da möhkəmləndirib. Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz: “Bu gün beynəlxalq təşkilatlarda Azərbaycanın hörməti artır. Qoşulma­ma Hərəkatı kimi dünyanın ikinci bey­nəlxalq təsisatına 4 ilə yaxın biz rəhbər­lik edirik və ümumi rəyə görə, ləyaqətlə rəhbərlik edirik. Əgər belə olmasaydı, bizim sədrlik müddətimiz 120 ölkənin yekdil səsi ilə daha bir il uzadılmazdı. Bu gün Avropa üçün Azərbaycan çox önəmli ölkəyə çevrilib. Biz Avropa İtti­faqına üzv ölkələrin üçdəbiri – doqquz ölkə ilə strateji tərəfdaşıq”.

Dövlət başçımız bu il mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şu­şada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bö­yük Avrasiya geosiyasətinin formalaş­ması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq kon­fransda demişdi ki, bu il artıq Rumıniya­ya Azərbaycan qazının nəqli başlayıb: “Yunanıstan, İtaliya və Bolqarıstana qaz nəql edilir, Albaniyada qazpaylayıcı şəbəkənin yaradılması layihəsinə sər­mayə qoyuluşuna dair danışıqlar aparı­lır. Çünki Albaniya tranzit ölkəsi olması­na baxmayaraq, qazpaylayıcı şəbəkəyə malik deyil. Biz həmin şəbəkənin ya­radılmasına böyük sərmayə yatırmağı planlaşdırırıq. Mən bir neçə gün əvvəl Sofiyada idim və “Həmrəylik halqası” la­yihəsinin başlanılması tədbirində iştirak etdim. Artıq Slovakiya da bu prosesə qoşulur. Hazırda biz 6 ölkəyə qaz ixrac ediriksə, işlər qrafik üzrə getsə və fors-major halları olmasa, ölkələrin sayı bir ilə 10 ola bilər”. 

Bu, nə deməkdir? O deməkdir ki, Azərbaycanın beynəlxalq aləmdəki mövqeləri bu gün daha möhkəmdir. Bunu təkcə uğurlu xarici siyasətimiz və ya düşünülmüş diplomatiyamız nə­ticəsində qazanmamışıq. Bu uğurların əsas təməllərindən biri də 44 günlük İkinci Qarabağ müharibəsinin məlum nəticələridir. O nəticələr ki, işğalçı ölkə məğlub olduğunu rəsmi şəkildə təsdiq eləmişdi. 

Yeri gəlmişkən, Prezident İlham Əliyevin İstanbulda keçirilən “Texno­fest-2023” festivalının açılış mərasimin­də iştirakı haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, ge­neral Yücel Karauz Azərbaycan mətbu­atına verdiyi müsahibədə demişdi ki, İlham Əliyevin çıxışı zamanı region və bütün dünya ölkələrinə “bir millət, iki döv­lət və tək dəmir yumruq” mesajı tədbirin ən önəmli məqamıdır. “Dövlət başçıla­rımız birlikdə əllərini havaya qaldıraraq, bu dəmir yumruğu dosta da, düşmənə də göstərdilər... 85 milyon Türkiyə və 10 milyon Azərbaycan xalqı olaraq üzə­rimizə düşən vəzifə bu qardaşlığı daha da möhkəmləndirmək və ortaya qoyu­lan hədəfləri daha da irəliyə aparmaq­dır...Yaşadığımız hadisələr növbəti dəfə Türkiyənin hərbi və siyasi gücünün həm də Türk dünyası üçün həyati əhəmiyyət daşıdığını, Cənubi Qafqazda təhlükə­sizliyin qarantı olduğunu göstərir. Şuşa Bəyannaməsi də yalnız ölkələrimiz üçün deyil, bütün digər qardaş dövlət­lər üçün də yol göstəricisidir. Fikrimcə, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Qələbəsini həzm edə bil­məyənlər də bütün sadaladıqlarımızdan yanlış addım atacaqları təqdirdə nə ilə qarşılaşacaqlarını anlamalı, öz payları­nı götürməlidirlər”.

Bəli, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi gündən-günə möh­kəmlənir. Bunu Avropa İttifaqına üzv olan ölkələrin üçdəbiri ilə qurduğumuz strateji əməkdaşlıq, NATO-da ən güclü ordulardan birinə malik olan Türkiyə ilə sıx münasibətlərimiz, BMT tribunasın­dan səsləndirdiyimiz təkliflər, Qoşulma­ma Hərəkatına rəhbərliyimiz dövründə nümayiş etdirdiyimiz qətiyyətli mövqe, Türk Dövlətləri Təşkilatındakı fəaliy­yətimiz, İslam Əməkdaşlı Təşkilatına fəaliyyətinə verdiyimiz töhfələr və digər bu kimi çoxsaylı arqumentlərimiz təmin edir. 

Biz inanırıq ki, qarşıdakı illərdə bu istiqamətdə daha qətiyyətli addımlar atacaq və daha böyük uğurlara nail ola­cağıq. 

 

İttifaq MİRZƏBƏYLİ, 

“Xalq qəzeti”



Siyasət